AZ

Azərbayacanda HALAL OTELLƏR fəaliyyətə başlayır: Qadın və kişi hovuz, çimərlikləri ayrı...- Dini nikahı olmayanlara GİRİŞ NECƏ OLACAQ? 

Azərbaycan Standartlaşdırma İnstututu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

"Bu Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır. Ölkədəki otel və turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və turizm sektorunu müsəlman ölkələrindən gələn turistlər üçün daha cəlbedici etmək, bu sahədə inkişafa nail olmaq əsas məqsədlərdən, prioritetlərdən biridir", - deyə o qeyd edib.

Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartının bu il qəbul edilməsi nəzərdə tutulur.

Yeni standarın qəbul edilməsi turizm sektorunda otellərin qiymətlərinə necə təsir edəcək və halal otel xidmətinə nələr daxildir?

Yerli və gəlmə müştərilər nə kimi problemlərlə qarşılaşa bilər və Azərbaycanda həqiqətənmi halal otel xidmətlərinə ehtiyac varmı?


Mövzu bağlı turizm eksperti Ceyhun Aşurov Referans.az-ın suallarını cavablandırıb.

O bildirib ki, Azərbaycanda halal turizm standartının qəbul olunması ilə bağlı işlərin görülməsi ölkədə turizm məhsullarının çeşidlənməsinə xidmət edir:

“Hazırda dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələn qonaqlar var. Onların arasında islam ölkələrindən gələnlərin sayı heç də az deyil. Sözügedən standartın müəyən olunması həmin seqmentdən olan turistlərə yönəlib ki, onlar rahatlıqla gəlib qaldıqları yerlərdə halal konseptini hiss edə bilsinlər və hər hansı şübhəli məqam qalmasın. Halal standartının müəyyən olunması bir çox ölkələrdə tətbiq olunur. Halal sertifikatlı otellər var. Hətta, qiymət baxımından da digər ənənəvi otellərdən qiymətləri heç də aşağı deyil, yuxarıdır. Çünki elə otellərdə müəyyən qaydalara riaiyət olunur. Elə halal otellərdə spirtli içkilərdən istifadə olunmur, kişi və qadın hovuz, çimərlikləri ayrı olur. Otaqlarda qiblənin göstərilməsi, müqəddəs kitabın, “Qurani- Kərim”in orada olması, namaz qılınması üçün yerlərin olması, qidada halallığın qorunması halal otel xidmətlərinə aiddir “.

Ekspert halal otellərə giriş zamanı dini nikah tələbinin qoyulmasına isə belə açıqlama verib:

“Deməzdim otellərə giriş zamanı dini nigah tələbi qoyulsun. Düşünmürəm ki, halal otel xidmətləri olan ölkələrdə dini nikah tələb olunur, ya deyil. Adətən belə otellərə gələnlər öz həyat yoldaşları ilə gəlirlər. Otelllərdə seçimlər çox olandan sonra məhz bu cür yerlərə çox ehtiyac duyulur. Hazırda Bakıda halal konseptində çalışan otellər var. Hansı ki, həmin otellərə ərəb ölkələrindən, eləcə də digər ölkələrdən qonaqlar gəlirlər. Burada məqsəd o deyil ki, gələnlər ancaq islam dövlətlərindən olsun. Əsas budur ki, bu cürə otellərdə hər hansı narahatlıq yaratmayan nüanslar var. Hətta, başqa dindən olan insanlarçün rahatdırsa, onlar da gələ bilərlər. Burada ayrı- seçkilik yoxdur. Belə otellərin qapısı hər kəs üçün açıqdır. Amma, burada belə bir qayda var, halallıq konsepsiyasının qorunması və buna hər kəs əməl etməlidir. Əslində halal otellərin olması gələn turistlərə seçim baxımından yaxşıdır. Sırf bu seqmentə gələn turistlər də var ki, onlar rahatlıq hiss etdikləri üçün gəlirlər. Qida üçün alınan mallarının halallıq sertifikatını həmin müəssisə təmin etməlidir”.

Ceyhun Aşurov deyir ki, Azərbaycanda halal otel xidmətləri standartının tətbiq olunmasının konkret vaxtı məlum deyil: “Mən hesab edirəm ki, halal standartı getdikcə tətbiq olunmağa başlayacaq. Qiymətlər qalxmayacaq, bu daha çox tələb- təkliflə bağlıdır. Ölkəmizdə 800-ə yaxın otel var. Halal otellərin sayı çox azdır. Ümumiyyətlə, dövlət də təşviq etməlidir ki, sahibkarlar regionlarda otellər inşa etsinlər. 2023- cü ildə Azərbaycanda otellərin sayında 7 faiz artım olub. Bu elə böyük rəqəm deyil. Əslində davamlı olmalıdır”.

Şəlalə Babayeva

 
Seçilən
88
referans.az

1Mənbələr