AZ

Elxan Şahinoğlu: Macarıstan sədrliyi dövründə Aİ mövqelərini dəyişməyəcək

Macarıstan Aİ rəhbərliyi ilə bir sıra məsələlər, o cümlədən Rusiya ilə Ukrayna arasındakı münaqişə, eləcə də miqrasiya məsələləri üzrə ciddi fikir ayrılıqları fonunda Aİ Şurasında altı aylıq sədrliyə başlayır.

AZƏRTAC xəbər verir ki, Budapeşt iyulun 1-də estafeti Belçikadan təhvil alacaq, dekabrın sonunda isə rotasiya qaydasında onu Polşaya ötürəcək.

Budapeştlə Brüssel arasında formalaşan mürəkkəb münasibətlər hətta Macarıstanın sədrliyi dövründə “Avropanı yenidən möhtəşəm edək!” şüarının seçilməsində də özünü göstərib. Bu, Aİ-nin hazırkı rəhbərliyinin dəstəkləmədiyi, lakin Macarıstanın Baş naziri Viktor Orban tərəfindən açıq şəkildə təbliğ edilən ABŞ-ın sabiq Prezidenti Donald Trampın seçkiqabağı şüarına bənzəyir.

Budapeştin sədrliyinin rəsmi loqosu “Rubik kubu”dur, onun bir tərəfində Macarıstanın qırmızı, ağ və yaşıl rəngli Dövlət bayrağı, digər tərəfində isə dairədə düzülmüş ulduzlar şəklində Avropa İttifaqının gerbi təsvir edilib. Bu il macar mühəndis Ernyö Rubikin ixtirasının 50 yaşı tamam olub.

Sədrliyin saytında qeyd edildiyi kimi, “Rubik kubu” tapmacası strateji baxış, səbir, nizam-intizam və dəqiqlik, yəni, Macarıstanın Aİ Şurasına sədrliyi üçün vacib olan keyfiyyətləri ehtiva edir.

Politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Macarıstanın münasibəti digər üzvlərdən fərqlidir:
"Macarıstanın baş naziri Orban dəfələrlə qeyd edib ki, Rusiya-Ukrayna müharibəsinin həlli üçün Ukranyaya hərbi yardımı dayandırmaq lazımdır. Lakin başda ABŞ olmaqla Qərb bloku bunun əleyhinədir. Onlar Ukraynaya hərbi yardım edərək Rusiya ilə müharibəni davam etdirmək niyyətindədir. Hesab edirəm ki, Macarıstan sədrliyi dövründə Aİ mövqelərini dəyişməyəcək. Çünki Aİ şurasında üzv ölkələrin rəhbərliyi nominal xarakter daşıyır".

Ekspert əlavə edib ki, Macarıstan Avropada Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir:
"Rəsmi Budapeşt dəfələrlə Brüsselin Bakıya qarşı qətnamələrinin qəbul edilməsinə mane olub. Hətta Aİ-də birtərəfli şəkildə Ermənistana maliyyə yardım məsələsi müzakirəyə çıxarılanda Macarıstan bunun əleyhinə oldu. Bu səbəbdən Macarıstanın Aİ şurasındakı 6 aylıq sədrliyində Brüssel Cənubi Qafqaz ölkələri ilə, xüsusilə Azərbaycanla əməkdaşlığa diqqət ayıracaq".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
12
sherg.az

10Mənbələr