AZ

Sertifikasiyadan kəsilən müəllimlər

Yazını böyüt
Yazını kiçilt

Müəllimlərin sertifikasiya imtahanlarında göstərdiyi nəticələr son günlərin ən çox müzakirə olunan mövzularındandır. Belə ki, 4000-ə yaxın ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəlliminin təkrar sertifikasiya imtahanlarında müvafiq keçid balını toplaya bilməməsi cəmiyyətdə ciddi rezonans doğurub.

Qeyd edək ki, bu il iyun ayının 8-də  ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb. Təhsil İnstitutu sertifikasiya imtahanında istifadə olunmuş test tapşırıqlarını ictimailəşdirdikdən sonra aydın olub ki, bəzi müəllimlər ən sadə sualları belə cavablandırmaqda çətinlik çəkiblər.

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov bildirir ki, əslində, sertifikatlaşdırmanın məqsədi müəllimlərin işdən azad olunması deyil: “Bu proses müəllimlərin əməkhaqqına diferensial yanaşmadır, bütün müəllimlər eyni miqdarda əməkhaqqı ala bilməz. Sertifikasiyada müəllimlərin biliyi yoxlanılır və onlar inkişafları naminə hazırlaşmaları üçün daim nəzarətdə saxlanılırlar. İlkin nəticələrə görə, ölkə üzrə bu il 3424 nəfər ibtidai sinif, 485 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində keçid balını toplamayıb. Bu məsələyə birmənalı yanaşma yoxdur. Bir qrup valideyn deyir ki, niyə uşağımıza savadsız müəllim dərs deməlidir? Uşağın gələcəyini korlayır.

Sertifikasiyadan kəsilmə müəllimlərdə narahatlıq yaradır. Burada təhlükəli bir şey görmürəm. İlk sertifikasiyadan keçməyən müəllimlər bir il ərzində hazırlaşıb növbəti dəfə təkrar sertifikatlaşdırmadan keçə bilərlər. Əgər ikinci sertifikasiyada da kənarda qalsalar, müəllimlərin işə qəbulu imtahanında iştirak edərək yenidən müəllim olmaq şansı qazana bilərlər. Bir müəllimə üç dəfə şans verilir. Dörd minə yaxın müəllimin sertifikasiyadan kəsilməsi heç bir məntiqə sığışmır. Bəlkə bunlar kolleci bitiriblər, ya təkmilləşdirmə kursları ilə ixtisas dəyişdiriblər, qeyri-pedaqoji sahənin adamları kurs bitirib müəllim olublar. Bu qədər adamın kəsilməsi təhsilimizə başucalığı gətirmir. Sertifikasiya müəllimləri daim inkişafda saxlamağa xidmət edir”.

Ekspertin fikrincə, sertifikasiyadan kəsilən müəllimlər ümumtəhsil müəssisələrində qeyri-pedaqoji vakant yerlərdə fəaliyyətlərini davam etdirə bilərlər: “Həmin müəllimlər işsiz qalmayacaqlar. Nəzərə alaq ki, bu insanlar 30-40 il müəllim işləyiblər. Dərs saatı olmadan həmin müəllimləri qeyri-pedaqoji sahələrdə işlə təmin etmək olar. Məsələyə psixoloji tərəfdən də yanaşmaq lazımdır; ola bilər ki, müəllim də imtahanda həyəcanlanıb. Bu əsas vermir ki, o, savadsız müəllimdir. Əgər özünəinamı varsa, təkrar hazırlaşıb müəllimlərin işə qəbulu imtahanında iştirak edə bilər. Sertifikasiya müəllimlərə şans verir ki, əməkhaqqı fərqlənsin. Müəllim əməyinə eyni gözlə baxmaq olmaz”.

Məsələyə münasibət bildirən təhsil eksperti Elçin Əfəndi qeyd edir ki, sertifikasiya imtahanlarının ümumi statistik təhlilləri onu göstərir ki, daha çox uğur qazanan müəllimlər gənc nəslin nümayəndələridir: “Bununla belə orta və yuxarı yaş qrupuna aid müəllimlər arasında da uğurlu nəticə göstərənlər var. Bu, azlıq təşkil edir. Bunun da səbəbi təhsildə yeni metodların tətbiqi, yeni yanaşmalardır. Kurrikulum sisteminin tətbiqindən bu yana, yəni 2008-2009-cu illərdən başlayaraq dərs proqramları da yeniləndi. Gənclər yeni proqramlara uyğunlaşa bildilər. Nəticə etibarilə onlar yeni dərs proqramlarınəı daha yaxşı mənimsədilər və bu da imtahan nəticələrində özünü göstərir. Kurrikulum sistemi ilkin vaxtlarda kortəbii tətbiq olundu. Təhsilverənlərə kurrikulumun nə olduğu, tətbiqi, məqsədi barədə dolğun məlumat verilmədi. Bəzi müəllimlər öz üzərlərində işlədilər, müəyyən təlimlərə, treninqlərə qoşuldular və lazımı bilik və bacarıqlara yiyələndilər. Tənbəllik edənlər isə prosesdən geridə qaldı”.

Mütəxəssis hesab edir ki, gələcəkdə keçirilən sertifikasiya imtahanlarında daha uğurlu nəticələr əldə olunacaq: “2019-cu ildə ilk dəfə kurrikulum əsasında ali məktəblərə qəbul imtahanları keçirildi. Həmin il pedaqoji ixtisaslara qəbul olan şəxslər kurikulum sisteminin yetirmələri idi. 2023-cü ildə onlar artıq məzun oldular və ötən ildən pedaqoji fəaliyyətə başlayıblar. Fikrimcə, 5 il sonra sertifikasiya imtahanlarlnda onların əksəriyyəti yüksık nəticə qazanacaq. Orta yaşlı müəllimlər də özlərini inkişaf etdirsələr yaxşı olar”.

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov deyir ki, sertifikasiya Azərbaycanda bilik və bacarıqlarına uyğun olaraq müəllimlərin əməkhaqqını müəyyənləşdirən bir qaydadır: “Azərbaycan təhsil sistemində bu gün kifayət qədər müəllim var. Təkcə 4432 ümumtəhsil məktəblərində 150 min müəllim çalışır. Etiraf edək ki, tədrisin təşkilində müxtəlif imkanları səfər edən yaxud passiv olan müəllimlər eyni əməkhaqqı alırlar. Sertifikasiya çalışqan müəllimləri və digərlərini fərqləndirməyə imkan verən bir prosesdir. Əlbəttə ki, biz 2022-ci ildə bu proses başlayanda gözləyirdik ki, hər bir fənn üzrə minimum 10-12 faiz müəllim bu sertifikasiyadan keçə bilməyəcək. Bu günə qədər 2014-2018-ci ildə keçirilən diaqnostik imtahanlar bilavasitə bunu deməyə əsas verir ki, müəllimlər öz üzərində işləmirlər. Dünyanın bütün inkişaf etmiş ölkələrində təhsil sahəsində sertifikasiya həyata keçirilir. Burada müəllimin peşəkar bacarıqları yoxlanılır. Sertifikasiya indiyə qədər keçirilən bütün qiymətləndirmələr arasında fərqlisidir və alisidir. Bu sertifikasiya imtahanlarında 4 minə yaxın müəllim öz işini itirib. Bu o demək deyil ki, biz bu insanların yenidən təhsil sistemində iştirakını məhdudlaşdırırıq. Bu belə deyil".

Ekspert vurğulayır ki, sertifikasiyadan kəsilən müəllimlər adi qaydada növbəti ildən MİQ vasitəsilə işə qəbul ola bilərlər: “Əgər onlar bu müddət ərzində öz üzərində çalışsalar, bilik və bacarıqları yetərli olarsa onlar yenidən müəllim kimi çalışa bilərlər. Bununla yanaşı , elm və təhsil naziri humanizm prinsipini irəli sürərək həmin şəxslərin məktəblərdə digər sosial pedaqoq yerlərində çalışmasında maraqlıdır. Çünki onların məktəblə bağlı təcrübələri var. Əlbəttə ki, bu onlara birmənalı şəkildə yenidən təhsil sistemində işləmək icazəsi verilir. 20-30 illik müəllim stajı olan müəllimlərin sertifikasiyaya cəlb olunması normaldır. Müasir dövrün tələbləri var. BMT-nin 2030-cu illə bağlı hədəflərindən biri yüksək ixtisaslı və peşəkar müəllimlərin yetişdirilməsini irəli sürür. Bunun əsas məqsədi dəyişən dünyada yeni müəllim kontingentinin formalaşmasıdır. Dünyada pamdemiyadan sonra daha yüksək ixtisaslı, işini və şagirdlərlə işləyə bilən müəllimlər lazımdır. Biz heç də elə baxmayaq ki, 4 min müəllimi itirdik. Biz onların yerinə 4 min daha hazırlıqlı, bacarıqlı və gənc şəxslərin MİQ-dən daxil edəcəyik. Kim deyirsə ki, gənclər sinfi idarə edə bilmir, bu, yanlış fikirdir. Biz o gənclərə də şans verməliyik. Həmin insanlar 20-30 il təhsil sistemində çalışıblar. Ən azından, həmin dərslikləri 20-30 dəfə təkrarlayıblar. İllər ərzində dərsliklər dəyişsə də, mövzu dəyişməyib. Azərbaycan dilindən nə fonetika, nə də isim dəyişib. İbtidai sinif dərsliklərində heç bir dəyişiklik yoxdur. Bizim sertifikasiyaya cəlb etdiyimiz müəllimlərə heç də fərqli sahədən test tapşırıqları təqdim etməmişik. 20-30 il onların uşaqlara öyrəndiklərindən suallar salmışıq".

K.Əsədov qeyd edib ki, bizim müəllimlərimiz 1,6 milyon şagirdə dərs deyirlər. Bu, o deməkdir ki, həmin 4 minə yaxın müəllim nə qədər şagird yetişdirib: “Biz bu gün buraxılış və qəbul imtahanlarının nəticələrindən şikayət edirik. Onların özlərinin müəllimlərinin potensialı yüksək deyil. Ən strateji iki ixtisas var. İbtidai sinif və Azərbaycan dili -ədəbiyyat müəllimliyidir. Bunlar əsas iki strateji fəndilər. Onlar arasında bu qədər müəllim keçid balını toplaya bilmirsə, biz əlbəttə ki, onların dövlət məktəblərində qalmağına maraqlı olmamalıyıq. Onlar növbəti ildən etibarən hamı kimi MİQ imtahanına girə bilərlər. Yəni heç kim onları məcburən sistemdən uzaqlaşdırmayıb. Mövcud qaydalar bunu deyir və artıq dünya dəyişib”.

Seçilən
387
1
hafta.az

10Mənbələr