AZ

Ekspert müəllimlərin müdafiəsinə qalxdı: Məqsəd kimlərisə işdən azad etmək olmamalıdır

“Şəxsiyyətin ahəngdar inkişafı vəzifəsi ilk növbədə müəllimin üzərinə düşür. Müəllim çox güclü varlıqdır. Təhsilalanın inkişafı, savadlı və səriştəli şəxs kimi formalaşması müəllimin təsirindən, onun akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır. Bu baxımdan müəllim hazırlığı və müəllim əməyinə qiymət verilməsi istiqamətində müəyyən addımlar atılmalıdır. Bu sahədə işlər davam etdirilməkdədir”.

Bunu Publika.az-a açıqlamasında təhsil mütəxəssisi Nadir İsrafilov deyib.

O qeyd edib ki, müəllim pedaqoji prosesdə həlledici qüvvədir:

“Hələ bir müddət əvvəl Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resurslarının inkişaf etdirilməsi ön plana çəkilmişdi. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər "Təhsil haqqında" Qanunda nəzərdə tutulan qaydada sertifikatlaşdırmaya cəlb olunurlar”.

Ekspert bildirib ki, bu prosedurun məqsədi kimlərisə işdən azad etmək olmamalıdır:

“Ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılmasına ehtiyac var. Sertifikasiya ilə bağlı qaydalar təkmilləşib, bundan sonra da təkmilləşəcəyi istisna olunmur. Təkmilləşmə o həddə qədər davam etməlidir ki, sertifikasiya proseduru müəllimlər üçün diskomfortla müşayiət olunan narahatlıq və narazılıq halına deyil, səbirsizliklə gözlənilən özünə inam, özünə güvən hissinə çevrilsin. Nəzərə alsaq ki, hər il təxminən 35 min müəllimin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub və 2026-cı ilə qədər bütün müəllimlər prosesdən keçəcək, deməli qaydalarda təkmilləşmə və yeniləşmə işlərinə də zərurət yaranacaq. Bu proseduru bu dərəcədə dilə-dişə salmaq, zəif göstəricilərdə günahkar axtarmaq vəziyyətdən çıxış yolu deyil. Keçmiş günahkarlar kimdir? Yəqin ki, bir çoxları bilməmiş deyil ki, əvvəllər Müəllimlər İnstitutu kimi tanınan müəssisə bir müddət əvvəl Müəllimləri Təkmilləşdirmə İnstitutu kimi fəaliyyət göstərirdi. 2000-ci ildə adını dəyişdirib, Azərbaycan Müəllimləri İnstitutu qoydular. Gəncədə, Qazaxda, Qubada və digər rayonlarda 12 filialı yaradıldı. Şübhəsiz ki, ucqar filiallarda lazımı nəzarət olmadı. Amma biz bunu başqa istiqamətə yönəldib yenidən hazırlanma kursları açdıq”.

Seçilən
53
1
publika.az

2Mənbələr