AZ

Aqil Məmmədov və Ataa Caber “Neftçi”yə lazım olmadılar

“Neftçi” daha iki futbolçusu – qapıçı Aqil Məmmədov və mərkəz yarımmüdafiəçisi Ataa Caber ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Hər iki futbolçunun klubla müqaviləsinin müddəti başa çatıb. “Neftçi” onları saxlamağa ehtiyac duymayıb. Klub oyunçulara göstərdikləri xidmətlərə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Xatırladaq ki, Aqil Məmmədov müxtəlif vaxtlarda ayrılıb yenidən qayıtdığı “Neftçi”də bütövlükdə 112 oyuna çıxıb. 35 yaşlı qolkiper vaxtilə AZAL, “Bakı” və “Qəbələ”də də forma geyinib. Azərbaycanın U-21 yığmasında da oynamış qapıçı əsas millimizdə 1 oyuna çıxıb.

Ataa Caber isə 2022-ci ilin iyul ayından “Neftçi”də çıxış edirdi. Fələstinli futbolçu paytaxt təmsilçisinin heyətində 58 oyuna çıxıb. O, bu oyunlarda 9 qol vurub, 7 məhsuldar ötürmə verib. 29 yaşlı yarımmüdafiəçi daha öncə İsrailin “Bney Saxnin”, “Makkabi” (Hayfa), “Aşdod” kimi klublarında da forma geyinib. Vaxtilə İsrailin U-19 və U-21 yığmalarında oynamış Ataa, 2023-cü ilin iyun ayından Fələstin millisində çıxış edir. O, bu komandanın heyətində 4 matça çıxıb.

Xatırladaq ki, “Neftçi” bu iki oyunçudan öncə Ömər Buludov (“Araz-Naxçıvan”), Rüfət Abbasov (“Şamaxı”), Turan Vəlizadə (“Araz-Naxçıvan”), Eddi İsrafilov və Reziuan Mirzovla (“Ximki”, Rusiya) da yollarını ayırmışdı.

Seçilən
70
arena.az

1Mənbələr