AZ

AÇ-2024-də bu gün qrup mərhələsinə yekun vurulacaq

Almaniyada təşkil olunmuş futbol üzrə Avropa çempionatında (AÇ-2024) qrup mərhələsinə bu gün yekun vurulacaq.

Arena.az xəbər verir ki, 13-cü oyun günündə dörd qarşılaşma baş tutacaq.

Bu gün E və F qruplarında da sonuncu – 3-cü turun oyunları keçiriləcək. Öncə E qrupunun görüşlərinə start veriləcək. Slovakiya yığması Rumıniyanı, Ukrayna millisi isə Belçikanı sınağa çəkəcək. Müvafiq olaraq Frankfurt və Ştutqart şəhərlərində baş tutacaq bu oyunlara eyni saatda (Bakı vaxtı ilə 20:00-da) start veriləcək.

E qrupunda bütün komandaların 1/8 finala yüksəlmək şansı var. Çünki hər bir komandanın hesabında 3 xal var və bütün suallara son turda aydınlıq gələcək.

F qrupunda isə Türkiyə millisi Çexiya ilə, Gürcüstan yığması da Portuqaliya ilə üz-üzə gələcək. Hamburq və Gelzenkirxen şəhərlərində təşkil olunacaq bu görüşlərin start fiti isə saat 23:00-da səslənəcək.

Bu qrupda Portuqaliya növbəti mərhələyə vəsiqəni daha öncə təmin edib. Türkiyə yığması qrup ikinciliyini qorumaq üçün çexlərlə görüşdə ən azı uduzmamalıdır.

Xatırladaq ki, Almaniya, İspaniya, İngiltərə, Avstriya, İsveçrə, İtaliya, Danimarka, Fransa və Niderland yığmaları 1/8 finala vəsiqəni artıq təmin ediblər.

AÇ-2024
25 iyun

E qrupu

20:00. Slovakiya – Rumıniya
Baş hakim: Daniel Zibert (Almaniya).
Frankfurt. “Valdstadion”.

20:00. Ukrayna – Belçika
Baş hakim: Entoni Teylor (İngiltərə).
Ştutqart. “MHP Arena”.

Xallar: Rumıniya – 3. Belçika – 3. Slovakiya – 3. Ukrayna – 3.

F qrupu

23:00. Çexiya – Türkiyə
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Hamburq. “Volksparkstadion”.

23:00. Gürcüstan – Portuqaliya
Baş hakim: Sandro Şerer (İsveçrə).
Gelzenkirxen. “Veltins Arena”.

Xallar: Portuqaliya – 6. Türkiyə – 3. Çexiya – 1. Gürcüstan – 1.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
2
arena.az

3Mənbələr