Təbrikdə deyilir:
Sizi 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ölkəmizin müdafiə qüdrətinin artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Müstəqilliyi əbədi, dönməz olan Azərbaycan dövləti regionda dayanıqlı sülhün, sabitliyin bərqərar olması və qorunmasının təminatçısına çevrilmişdir. Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli ordu quruculuğunun ilk addımları atıldı.
XX əsrin sonlarında müstəqilliyini yenidən qazanan ölkəmiz ordu quruculuğunda yeni mərhələyə qədəm qoydu.
Tariximizin şanlı səhifəsi sayılan bu gün, 106-cı ildönümünü böyük qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın təmin edilməsi, nizami ordu quruculuğu prosesinin prioritet məsələ elan olunması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımların nəticəsidir.
Dövlətimizin başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların xidməti-məişət şəraitinin, maddi rifah halının, mənzil məsələlərinin yaxşılaşdırılması və sosial qayğılarının həlli istiqamətində görülən işlərin davam etdirilməsi hərbi xidmətə marağın artmasına səbəb olmuşdur.
Möhtərəm Prezident, Ali Baş Komandanın 2011-ci il 28 dekabr tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsi şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanında hərbi parad qəbul etməklə, Novruz tonqalını alovlandırmaqla Xalq, Dövlət, Ordu birliyinin təcəssümü olan Böyük Qələbəni təsdiqlədi.
Hərbi anda sədaqətinizə, çətin və şərəfli xidmətinizdə fədakarlığa görə hər birinizə minnətdarlığımı çatdırıram.
Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır.
Respublikamızın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi Silahlı Qüvvələr Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik.
Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
www.anews.az