AZ

İşğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonası

İşğaldan

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında Qarbağın həm də “yaşıl enerji" zonasına çevrilməsi əsas istiqamətlərdən biridir. Məqsəd işğaldan azad edilmiş ərazilərdə mövcud olan yüksək bərpa olunan enerji potensialından istifadə etməklə ərazini ekoloji cəhətdən təmiz yaşıl enerji ilə təmin etmək və ekoloji cəhətdən təmiz və enerji səmərəliliyinə malik yaşıl texnologiyaların tətbiqidir. Bunun üçün müxtəlif ssenarilər tətbiq edilməklə ərazilərin enerji tələbatı modelləri hazırlanıb.

Yaşıl Enerji Zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, enerji səmərəliliyi tədbirləri, elektrik nəqliyyat vasitələrindən istifadə, tikililərin damlarında bərpa olunan enerji qurğularının (xüsusən günəş panellərinin) qurulması, həmçinin küçələrin və yolların işıqlandırılmasında günəş enerjisi əsaslı LED lampalardan istifadə, istilik, soyutma və isti su təchizatında bərpa olunan enerji texnologiyalarından istifadə, ağıllı enerji idarəetmə texnologiyalarıının tətbiqi, tullantıların enerji məqsədli idarə edilməsi kimi tədbirlər nəzərdə tutulmuşdur.

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycanın daxili su ehtiyatlarının təqribi 25%-i formalaşır və bu da təxminən illik 2.56 milyard m3 təşkil edir. Burada günəş enerjisi layihələri həyata keçirmək üçün əlverişli potensial var. Belə ki, Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli ərazisində müşahidə edilən günəş radiasiyası Naxçıvan MR-da müşahidə edilən günəş radiasiyasından sonra ölkə üzrə ən əlverişli ikinci regiondur. Aparılan ilkin tədqiqatlar, günəş enerjisi layihələri üçün topoqrafiya, iqlim şəraiti, şəbəkəyə yaxınlıq, enerji istehsalı potensialı, nəqliyyat infrastrukturu və digər texniki faktorların müqayisəli təhlili əsasında Cəbrayıl və Zəngilan rayonlarının ərazisi məqsədəuyğun hesab edilmişdir. Xüsusən də Laçın və Kəlbəcərin dağlıq hissələrində əlverişli külək potensialı var. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə müvafiq elmi araşdırmalar aparılmışdır. Geotermal enerjidən əsasən elektrik enerjisi istehsalı (əlverişli temperatur və debit olarsa), istilik enerjisi təminatı və turizm-balneoloji məqsədlər üçün istifadə edilir. İlkin təhlillər göstərir ki, Kiçik Qafqazın dağlıq hissəsində geotermal mənbələr var (4000-5000 m3/gün (30-74°C)). İlkin müşahidələrə əsasən, bu potensialdan müvafiq olaraq istilik təminatı və balneoloji məqsəd üçün istifadə daha məqsədəuyğundur.

Azərbaycan tərəfindən qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə töhfə olaraq baza ili ilə (1990) müqayisədə 2030-cu ilədək istixana effekti yaradan qaz emissiyalarının 35 % azalma səviyyəsində saxlanılması hədəf kimi götürülmüşdür. 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş COP26 Konfransında 2050-ci ilə qədər könüllü öhdəlik kimi emissiyaların 40 %-dək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə “netto sıfır emissiya” zonasının yaradılması üzrə ölkəmiz yeni öhdəlik qəbul etmişdir. Bu hədəflərə nail olmaq üçün, Energetika Nazirliyi tərəfindən 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırılması əsas hədəf kimi müəyyən edilmişdir. Bundan əlavə, 2023-cü ildə keçirilmiş COP28 Konfransında 2030-cu ilə qədər dünyada bərpa olunan enerji potensialının üç dəfə, enerji səmərəliliyinin isə ikiqat artırılması üzrə “Bərpa Olunan Enerji və Enerji Səmərəliliyinə dair Qlobal Vəd” birgə təşəbbüsünə Azərbaycanın dəstəyi ifadə edilib. Bu ilin payızında isə COP29 Bakıda keçiriləcək və qeyd olunan istiqamətlərdə mühüm qərarların qəbul ediləcəyi gözlənilir.

2020-ci ildən Masdar, ACWA Power, bp, Fortescue Future Industries, China Gezhouba Group Overseas Investment, Total Energies, Nobel Energy, A-Z Czech Engineering və Baltech şirkətləri ilə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb. Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanda elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu çərçivəsində ölkəmizdə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində Dünya Bankının dəstəyi ilə “CESI” məsləhətçi şirkəti tərəfindən “Azərbaycanın elektroenergetika sistemində bərpa olunan enerjinin payının artırılmasına texniki yardım” layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət yol xəritəsinin hazırlanması nəzərdə tutulur. Habelə Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında “Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi”, “Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi” və “Azərbaycan Respublikasında enerji saxlanc sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu” imzalanıb.

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun təsdiq edilmişdir.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinin 5-ci bəndində (“Təmiz ətraf mühit” və “Yaşıl artım ölkəsi”) iqlim dəyişikliyi və onunla mübarizə istiqamətində, eləcə də ölkəmizdə yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi məsələləri öz əksini tapıb. Belə ki, ölkənin sosial-iqtisadi inkişafı üzrə prioritetlərə uyğun olaraq, cari və gələcək dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə, “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə daha çox diqqət ayrılmaqdadır. Bu sahədə aparılan işlər çərçivəsində bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində ölkə üzrə araşdırmalar davam edir. Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 8320,8 MVt, iri su elektrik stansiyaları daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1687,8 MVt-dır ki, bu da ümumi gücün 20,3 %-ni təşkil edir.

Bunlarla yanaşı, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalı üçün mümkün potensialın qiymətləndirilməsi və bu potensialdan istifadə məqsədi ilə atılacaq addımların və yerinə yetiriləcək tədbirlər üzrə bir sıra işlər həyata keçirilməkdədir. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində 8 ərazi seçilmişdir. Seçilmiş 3 ərazidə pilot layihələrin həyata keçirilməsi ilə bağlı artıq müvafiq tədbirlər görülür. Külək enerjisi ilə müqayisədə ölkənin bütün ərazisində mövcud olan günəş enerjisi potensialından, kənd təsərrüfatına yararsız torpaqlardan istifadə edilməsi, bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı güclərinin paylaşdırılması üçün növbəti illərdə regionlarda layihələrin həyata keçirilməsi planlaşdırılır. Seçilmiş və prioritetləşdirilmiş bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ərazilərdə hərrac vasitəsilə investisiya qoyuluşu istiqamətində işlər davam etdirilir. Hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları, hərraclar üçün şərtlər toplusu, həmçinin elektrik enerjisinin alqı-satqı müqaviləsi, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi sənədi və təkliflər sorğusu sənədinin hazırlanması təmin ediləcək. Hökumətin qərarı ilə Qaradağ rayonu Pirsaat qəsəbəsi ərazisində yerləşən 300.77 hektar torpaq sahəsi GES tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunub.

Mahir Həmzəoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
40
xalqcebhesi.az

10Mənbələr