Bu ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 12 milyard 537,7 milyon manat olub.

İndex.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 % çoxdur.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 % artaraq 6 milyard 679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 % artaraq 5 milyard 858,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 38,3 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,5 milyard manatlıq, o cümlədən 12,1 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,4 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2023-cü ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.