Bu gün Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən birinə çevrilib.

İndex.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin növbədənkənar sessiyasının iyunun 25-də keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, heç şübhəsiz polisə atılan güllə dövlətçiliyə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır: “Həm birinci, həm də ikinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak ediblər. Azərbaycan müstəqilliyini əldə ilk gündən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda şəhid veriblər. Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır”.

“Bütün bunlarla yanaşı hesab edirəm dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir. Eyni zamanda əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var.
İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd ki, proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.