AZ

“Azərbaycanda ölüm hökmü ləğv olunub, amma...” - Deputat

Deputat Ceyhun Məmmədov Milli Məclisdəki çıxışında xatırladıb ki, dünən Xəzər rayonunda 3 polis əməkdaşı axtarışda olan cinayətkar tərəfindən qətlə yetirilib.

Həyatını itirən polislərimizin ailəsinə dərin hüznlə başsağlığı verən, şəhid polislərə Allahdan rəhmət diləyən C.Məmmədov bu hadisə ətrafında fikirlərini açıqlayıb:

\"Hər kəsə məlum olduğu kimi, bu gün Azərbaycanda asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə hüquq-mühafizə orqanları müstəsna əhəmiyyətə malikdir. Bu gün Azərbaycan təhlükəsizlik baxımından dünyanın ən əmin-aman ölkələrindən birinə çevrilib. Heç şübhəsiz ki, polisə atılmış güllə dövlətçiliyimizə qarşı addımdır və bu cinayətdə əli olan hər kəs ciddi şəkildə cəzalandırılmalıdır”.

Deputat qeyd edib ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində Azərbaycan polisi torpaqlarımızın müdafiəsində fəal iştirak edib:

\"Azərbaycan müstəqilliyini əldə edən ilk gündən torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçiblər. Çoxlu sayda şəhid veriblər. Bu gün də Azərbaycan polisi işğaldan azad olunmuş ərazilərdə asayişin təmin olunması üçün səylə çalışır. Bütün bunlarla yanaşı, hesab edirəm ki, dünən baş verən hadisə cinayətkarlıqla mübarizədə daha sərt addımların atılmasını zəruri edir. Eyni zamanda düşünürəm ki, əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var”.

Ceyhun Məmmədov sonda bir məqama da diqqət çəkib:

\"İllər öncə Azərbaycanda ölüm hökmü ləğv olundu. Hərçənd proseslər göstərir ki, bəzi cinayətlərin qarşısının alınması üçün bəzi hallarda ölüm cəzası daha effektivdir. Diqqət çəkmək istədiyim əsas məqam ondan ibarətdir ki, dəfələrlə cinayət törətmiş insanların həbsdən azad olunmasına daha həssas yanaşmalıyıq. Təcrübə göstərir ki, bu insanlar həbsdən azad olunduqdan sonra eyni cinayətləri törətməyə davam edirlər. Belə olduğu halda onların cəza törətmək ehtimalı daha çoxdur”.
 
///Musavat.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
23
azxeber.com

10Mənbələr