AZ

Bild: Almaniyanın hakim koalisiyası dağıla bilər

Bild:

Bakı, 24 iyun, AZƏRTAC

Bundestaqın Azad Demokratik Partiyadan olan ən azı 30 üzvü büdcə ilə bağlı fikir ayrılıqları səbəbindən hakim koalisiyaya dəstəyini dayandıra bilər.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, bu vəziyyət Almaniyanın hakim koalisiyasının dağılması təhlükəsini yaradır.

Almaniyada 2025-ci il büdcəsi ilə bağlı koalisiya danışıqları davam edir. Bu məsələdə Sosial Demokratların sol qanadı ilə Azad Demokratların gənclər qanadı arasında fikir ayrılığı yaranıb. Müavinətlərin azaldılmasına qarşı çıxan solçular mənzil tikintisinə əlavə investisiyaların ayrılmasını dəstəkləyirlər. Buna qarşı olan liberallar isə dövlət xərclərini borc almaq yolu ilə maliyyələşdirmək imkanlarını məhdudlaşdıran büdcə layihəsində israrlıdırlar.

Ekspertlərin fikrincə, Azad Demokratik Partiyadan olan 30 deputat koalisiyaya dəstəyini dayandırsa, bu, fraksiyanın digər 91 nümayəndəsinə də təsir edəcək. Nəticədə gənc azad demokratların “üsyanı” bütün partiyanı bürüyə və koalisiyanın dağılmasına səbəb ola bilər.

Qeyd edək ki, Almaniyada 2025-ci il büdcəsi ilə bağlı danışıqlar yekun mərhələdədir. Əvvəlcə onun iyulun 3-də başa çatdırılması planlaşdırılsa da, fikir ayrılıqları səbəbindən danışıqların iki həftə uzadılacağı gözlənilir.

Kansler Olaf Şoltsun rəhbərlik etdiyi hakim koalisiya Bundestaqda 415 yerə sahibdir. Federal Məclisdə cəmi 732 deputat var və 377 mandat parlament çoxluğunu təmin etmək üçün kifayətdir. 30 deputatının dəstəyini itirəcəyi təqdirdə koalisiya həmin səddə yaxınlaşacaq ki, bu da qanun layihələri üzrə səsvermə zamanı risklər yaradacaq. Azad Demokratik Partiyanın koalisiyaya dəstəyi tam dayansa, ölkə hökumət böhranı ilə üzləşəcək.

Seçilən
74
azertag.az

1Mənbələr