Füzuli rayonunun Dövlətyarlı kəndində bərpa və quruculuq işləri sürətlə davam etdirilir.
İqtisadiyyat.az xəbər verir ki, kənd üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərinə başlanılır.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı hazırlıqlara start verib.
Layihəyə uyğun olaraq, burada birmərtəbəli 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evləri, bir və ikimərtəbəli ictimai binalar, birmərtəbəli 120 yerlik uşaq bağçası, ikimərtəbəli 360 yerlik məktəb binası və s inşa ediləcək.
Dövlət Xidməti layihənin 130 milyon manata başa gələcəyini ehtimal edir.
Qeyd edək ki, Dövlətyarlı kəndi “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Prezident İlham Əliyev 2021-ci ildə bu kənddə yeni salınacaq “Ağıllı kənd”in təməlini qoyub. Bu, Zəngilanın Ağalı kəndindən sonra işğaldan azad edilmiş ərazilərdə ikinci belə layihədir.