AZ

İnkişaf edən ölkələrin “kollektiv maliyyə hədəfi” Bakıda müəyyən olunacaq- Əliyevin təşəbbüsü...

Image

Bəhruz Quliyev: “Azərbaycan dünya tarixində yeni bir imza ilə fərqlənəcək”

Prezidenti İlham Əliyev Bakıda keçirilən "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantının iştirakçılarına müraciətində bildirib ki, Bakıda təşkil ediləcək COP29-da 2025-ci ildən sonrakı dövr üçün iqlim maliyyəsi üzrə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması üzrə danışıqlar aparılacaqdır: 

“İqlim dəyişmələri ilə bağlı inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə yeni kollektiv kəmiyyət hədəfinin razılaşdırılması hamımızın qarşısında duran ümdə vəzifə, ortaq gələcəyimizə sərmayə, müasir və gələcək nəsillər qarşısında kollektiv məsuliyyətimizdir. Azərbaycan bu danışıqların şəffaflıq və inklüzivlik şəraitində irəli aparılması, bundan əvvəl götürülmüş öhdəliklərin və vədlərin yerinə yetirilməsinin sürətləndirilməsi istiqamətində bütün zəruri tədbirləri görəcəkdir. Eyni zamanda iqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli COP29 sədrliyimizin gündəliyində duran prioritet məsələlərdən olacaqdır”.

Burada diqqəti çəkən məqam odur ki, Azərbaycan necə ki pandemiya dövründə yoxsul ölkələrə vaksin yardımını gündəmə gətirdi və bu işdə donor olaraq fəal iştirak etdi. COP29 çərçivəsində də inkişaf etməkdə olan ölkələrin artan maliyyə ehtiyaclarını ödəmək məqsədilə təşəbbüslə çıxış edəcək. Bu məsələləri gündəmə gətirəcək.

“Ölkəmiz yardıma ehtiyacı olan dövlətlərin məsələsini qaldırmaqla humanizm dəyərlərinə sadiq olduğunu bir daha sübut edir” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyevin fikrincə, bütün bunlar Prezident Əliyevin uzaqgörən siyasətinin göstəricisidir: “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dünya birliyinin dəstək verməsi ölkəmizin beynəlxalq arenada qazandığı etibar, hörmət və nüfuzdan irəli gəlir. Azərbaycan özünü beynəlxalq birliyin ləyaqətli üzvü kimi aparır və ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirir. COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir. Bu tədbirin keçirilməsinə az vaxt qalsa da, hazırlıq işləri yüksək səviyyədə təşkil olunur. Məsələ ilə bağlı ilk iclasın dövlətimizin başçısının rəhbərliyi ilə keçirilməsi bu tədbirin nə qədər məsuliyyətli olduğunun göstəricidir. Hesab edirəm ki, Azərbaycan COP29 tədbirini keçirməklə bu sahəyə də bir yenilik gətirəcək. Ölkəmizdə keçirilən bütün tədbirlər yeniliklərlə hər zaman beynəlxalq ictimaiyyəti təəccübləndirib. Bu tədbirdə də qlobal əhəmiyyətli təsiredici gücə malik qərarlar qəbul edilməklə Azərbaycan dünya tarixində yeni bir imza ilə fərqlənəcək”.

Politoloq hesab edir ki, 180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axıcılığını stimullaşdırır: “Ən önəmlisi isə "yaşıl iqtisadiyyat" quruculuğu yolunda təşəbbüsləri bir araya gətirir. COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin, açıq məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsi və bir ay ərzində 80 mindən çox turistin ölkəmizə gəlməsi turizmin inkişafına töhfə verəcək. Ölkəmizin COP29-u təşkil etməsi ilə yanaşı Konfransın fəaliyyətinə verəcəyi növbəti töhfə isə Üçlük mexanizminin yaradılması olacaq. Belə ki, Azərbaycan, Brazilya və Birləşmiş Ərəb Əmirliklərini öz çətiri altında birləşdirəcək bu əməkdaşlıq formatı özündə müxtəlif coğrafiyaları, iqtisadiyyatı birləşdirən bir mexanizm olacaq və Təşkilatın gələcək fəaliyyətinə töhfə verəcək. Eləcə də Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsində böyük təcrübəsi var. Daha əvvəl ev sahibliyi etdiyi Qoşulmama Hərəkatının iclasları, Humanitar Forumlar, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər tədbirlər bu sahədə bizə beynəlxalq təcrübəni qazandırıb. Ona görə də rəsmi Bakının namizədliyini dəstəkləyənlər əmindirlər ki, COP29-u yüksək səviyyədə təşkil olunacaq. Ölkəmiz tədbir çərçivəsində yardıma ehtiyacı olan dövlətlərin məsələsini qaldırmaqla humanizm dəyərlərinə sadiq olduğunu bir daha sübut edir. Bu da Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edəcək”.

Vidadi ORDAHALLI





Seçilən
139
baki-xeber.com

1Mənbələr