AZ

Xalqa xidmət dövlət qulluqçularının ən ali vəzifəsidir

Dövlət qulluğu sahəsində islahatların başlıca məqsədi cəmiyyətin maraqlarına xidmət edən demokratik tipli instituta çevirməkdən ibarətdir

İyunun 23-ü Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.

Dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib.

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilib.

Respublikamızın inkişaf edərək beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirməsinin, mühüm regional aktora çevrilməsinin təməlində Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı islahatlar dayanır.  Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 53 nömrəli Fərmanına əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında yaradılmış Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının fəaliyyəti nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2001-ci il 1 sentyabr tarixində qüvvəyə minib, bununla da Azərbaycanda dövlət qulluğu islahatlarının təməli qoyulub.

Prezident İlham Əliyevin bu islahatları daha da genişləndirərək davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır.

Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyən edilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təmin olunması üçün zəruri təsisatlar yaradılıb.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması istiqamətində mühüm tədbirlər görülüb, bir çox yeni idarəetmə orqanları yaradılıb. Bu orqanların dövlət quruculuğunda və ölkənin idarə olunmasında rolunu artırmaq, fəaliyyətini daha səmərəli etmək üçün vaxtaşırı onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər olunur, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

Heç şübhəsiz, Azərbaycanda dövlət qulluğu sahəsində reallaşdırılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” qanun qəbul edilməsidir. Həmin qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.

Dövlət qulluğu sahəsində həyata keçirilmiş mühüm islahatlar sayəsində Azərbaycan Respublikasında özünəməxsus dövlət qulluğu sistemi formalaşıb və bu sistemdə qabaqcıl beynəlxalq təcrübədən istifadə edilib. İctimai həyatın müxtəlif sahələrində dövlət siyasətini həyata keçirən, vətəndaşların və cəmiyyətin xidmətində olan dövlət orqanlarının səmərəli fəaliyyət göstərməsi, ilk növbədə, bu orqanlarda çalışan dövlət qulluqçularının yüksək peşəkarlığından və vəzifə borcunu məsuliyyətlə yerinə yetirməsindən asılıdır. Bu istiqamətdə Azərbaycan Respublikası müxtəlif beynəlxalq və regional təşkilatlarla, habelə bir sıra beynəlxalq şəbəkələrin üzvü kimi digər dövlətlərin müvafiq qurumları ilə fəal əməkdaşlıq edib, müxtəlif beynəlxalq təşkilatların dövlət qulluğu sahəsində tövsiyələrinin icrasını təmin edib.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş şəkildə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır.

Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi göstərişlər verilib.

Azərbaycan Respublikasının hərtərəfli inkişafı dövlət qulluğunda daha genişmiqyaslı və strukturlu islahatlar yolu ilə dövlət orqanlarının effektivliyinin artırılmasını və dövlət qulluğu sisteminin müəyyən sahələrinin təkmilləşdirilməsini nəzərdə tutan yeni sənədin - dövlət qulluğunun inkişafına dair strategiyanın hazırlanmasını zəruri edib. “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025ci illər üçün Strategiya” dövlət idarəetməsinin ən mühüm institutlarından biri olan dövlət qulluğu sisteminin inkişaf etdirilməsi məqsədilə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl, mərhələli tədbirləri müəyyən edən sənəddir.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır. Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsindən sonrakı dövrdə dövlət qulluğu sisteminin formalaşdırılması aşağıdakı uğurların əldə edilməsi ilə nəticələnib:

- dövlət qulluğu sahəsində münasibətləri tənzimləyən normativ hüquqi baza yaradılıb;

- status və funksiyalarına uyğun olaraq dövlət orqanlarının kateqoriyaları müəyyən edilmiş, dövlət qulluğu vəzifələrinin təsnifatlar üzrə bölgüsü aparılıb;

- dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının şəffaf həyata keçirilməsi üçün prosedurlar müəyyən edilib;

- dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi və sair prosedurlar qanunvericiliklə tənzimlənib;

- dövlət qulluqçularının əməyinin ödənilməsi və sosial təminatı sistemləri yaradılıb;

- dövlət qulluqçularının etik davranış qaydaları müəyyən edilib;

- dövlət qulluğu sahəsində qanunvericiliyin tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ metodiki təminatını həyata keçirən Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası və həmin sahədə tənzimləməni həyata keçirən qurum yaradılıb;

- dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması və peşəkarlıq səviyyələrinin artırılması, həmin sahədə elmi tədqiqatlar aparılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası yaradılıb;

- dövlət qulluqçuları haqqında mərkəzləşdirilmiş məlumat bazası olan Dövlət Qulluqçularının Reyestri formalaşdırılıb;

- dövlət qulluğu, insan resurslarının idarə edilməsi, etik davranış, korrupsiyaya qarşı mübarizə və digər mövzularda təlim modulları hazırlanmış və mütəmadi təlimlər təşkil edilib;

- bir sıra dövlətlərlə və beynəlxalq təşkilatlarla dövlət qulluğunun inkişafına xidmət edən əməkdaşlıq qurulub.

Dövlət qulluğuna qəbul və dövlət qulluğu vəzifələrinin tutulması sahəsində Azərbaycanın təcrübəsini beynəlxalq təşkilatlar mütərəqqi təcrübə kimi qəbul edir və müxtəlif beynəlxalq platformalar vasitəsilə digər dövlətlərə nümunə göstərirlər. Dövlət qulluğu sahəsində əldə edilmiş uğurlara baxmayaraq, günümüzün tələbi islahatların yeni mərhələsinin başlanmasını və müasir idarəetmə prinsiplərinə cavab verən, daha peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasını zəruri edir. Həyata keçirilməsi nəzərdə tutulan islahatların əsas istiqamətlərinin və strateji prioritetlərinin düzgün seçilməsi məqsədilə mövcud dövlət qulluğu sisteminin güclü və zəif cəhətləri, onun inkişaf etdirilməsi ilə bağlı imkanlar və təhdidlər müəyyən edilib.

Dövlət qulluğu sisteminin güclü cəhətləri aşağıdakılardır:

- dövlət qulluğu sahəsində geniş qanunvericilik bazasının mövcudluğu;

- Şuranın və dövlət qulluğu sahəsində tənzimləməni həyata keçirən qurumun fəaliyyət göstərməsi;

- vətəndaşların dövlət qulluğuna marağının yüksək olması;

- dövlət qulluğuna qəbulun və dövlət qulluğu vəzifələrinin tutulmasının yüksək standartlara uyğun həyata keçirilməsi;

- dövlət orqanlarında şəffaf prosedurlarla seçilmiş, təhsil səviyyəsi yüksək olan kifayət qədər dövlət qulluqçusunun çalışması. Dövlət qulluğu sisteminin zəif cəhətləri aşağıdakılardır:

- dövlət qulluğu ilə bağlı qanunvericilikdə bəzi tənzimlənməyən məsələlərin mövcudluğu;

- dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri ilə dövlət qulluğunun digər elementləri arasında qarşılıqlı əlaqənin olmaması;

- dövlət qulluğu və onun xüsusi növləri arasında qarşılıqlı əlaqənin olmaması;

- dövlət orqanlarında dövlət qulluğu və insan resurslarının idarə edilməsi üzrə peşəkarlıq səviyyəsinin aşağı olması;

- şəffaf prosedurların tətbiq edilmədiyi vəzifələrə işə qəbulda neqativ hallara yol verilməsi;

- həm vəzifə, həm də karyera modellərinə əsaslanan dövlət qulluğu sistemi elementlərinin mövcudluğu.

Dövlət qulluğu sisteminin inkişaf etdirilməsi ilə bağlı imkanlar aşağıdakılardır:

- dövlət qulluğu sahəsində islahatların həyata keçirilməsi üzrə təcrübənin, nailiyyətlərin və peşəkarların olması;

- dövlət qulluğu sahəsində həyata keçirilmiş beynəlxalq layihələrin və onların nəticələrinin ölkəmizin dövlət qulluğu sistemində tətbiqi mexanizmlərinin mövcudluğu;

- Dövlət Qulluğu Məcəlləsinin layihəsinin hazırlanması işinin müəyyən hissəsinin yerinə yetirilməsi;

- Dövlət Qulluqçularının Reyestrinin digər qurumların informasiya sistemlərinə inteqrasiyası.

Dövlət qulluğu sahəsində islahatların başlıca məqsədi dövlət qulluğu sistemini hazır qərarların icrasını kor-koranə yerinə yetirən totalitar alətdən hökumətin siyasi funksiyalarının yerinə yetirilməsini təmin edən və cəmiyyətin maraqlarına xidmət edən demokratik tipli instituta çevirməkdən ibarətdir. Bu məqsədə nail olmaq əslində, peşəkar, yüksəkixtisaslı və nüfuzlu dövlət qulluğunun yaradılmasını, onun siyasi neytrallığının təmin olunmasını, dövlət idarəetmə sistemində kadr ehtiyatlarından istifadənin təkmilləşdirilməsi, dövlət qulluqçularının işinin etik dəyərlərə və demokratik cəmiyyət standartlarına əsaslanan yeni prinsip və prosedurlarının tətbiq olunmasını tələb edir.

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.

Azərbaycanda dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsini və onlara tapşırılan mürəkkəb vəzifələrin daha yaxşı yerinə yetirilməsini təmin etmək üçün bu kateqoriyadan olan insanlar mütəmadi şəkildə dövlət mükafatları ilə təltif olunur.

İqbal Alısoy

Bakıvaxtı.az xəbər portalının təsisçisi

Seçilən
155
50
adalet.az

10Mənbələr