AZ

Murad Vəliyev “Levadiya”ya qarşı 65 dəqiqə oynadı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Estoniya çempionatında 2024-cü il mövsümünün 16-cı turunun oyunları keçirilib.

“Nomme Yunayted” bu turda doğma meydanda “Levadiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan ağır məğlubiyyətlə ayrılıb – 0:6.

“Nomme Yunayted”ə bu ilin fevral ayında qoşulmuş Vəliyev bu oyuna start heyətdə başlayıb və 65-ci dəqiqədə əvəzlənib. Əvvəlki turlarda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə məhz Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ vinger olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 15 oyuna çıxıb və 1 qola, 1 avtoqola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 12 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Sözügedən komanda 16 turdan sonra 10 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
arena.az

10Mənbələr