AZ

Murad Vəliyev “Parnu”ya qarşı 90 dəqiqə oynadı, 3 xala sevindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin (U-21) yarımmüdafiəçisi Murad Vəliyev “Nomme Yunayted”də növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Estoniya çempionatında 2024-cü il mövsümünün 14-cü turunun oyunları keçirilib.

“Nomme Yunayted” bu turda doğma meydanda “Parnu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

“Nomme Yunayted”ə fevral ayında qoşulmuş Vəliyev bu oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Əvvəlki turlarda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olmuş azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib. O, 86-cı dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Murad Vəliyev müqavilə ilə Estoniyanın “Levadiya” klubuna məxsusdur. Sağ vinger olan 21 yaşlı azərbaycanlı futbolçu 2024-cü ilin 31 dekabrına kimi “Nomme Yunayted”də icarə əsasında forma geyinəcək. O, bu komandanın heyətində 14 oyuna çıxıb və 1 qola, 1 avtoqola imza atıb.

Murad Latviyanın “Kalev” klubunun yetirməsidir. O, Almaniyanın “Rozenhaym” və “Bad Aiblinq” klublarının aşağı yaş qrupları üzrə komandalarında da oynayıb. 2022-ci ilin yanvar ayından “Levadiya”da çıxış edən vinger bu klubun əsas komandasında 46 oyun keçirib, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Murad Estoniyanın U-16 və U-18 yığmalarında oynasa da, 2022-ci ildən Azərbaycanın U-21 millisinə dəvət alır. O, yığmamızda 10 oyun keçirib və 1 qola imza atıb.

Sonda onu da qeyd edək ki, 2000-ci ildə yaradılmış “Nomme Yunayted” bu mövsüm tarixində ilk dəfə Estoniya çempionatında çıxış edir. Sözügedən komanda 14 turdan sonra 9 xalla 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
2
arena.az

10Mənbələr