AZ

İsveçrə sülh sammitinin yekun sənədini 78 ölkə dəstəkləyib

Bazar günü İsveçrədə başa çatan Ukrayna üzrə beynəlxalq sülh konfransının yekun sənədini 78 iştirakçı ölkə dəstəkləyib. Sənəddə humanitar məsələlər, nüvə və ərzaq təhlükəsizliyinə toxunulur. Sammitdə 90-dan çox ölkə iştirak edib, lakin bəziləri yekun sənədə qoşulmayıb. Onların arasında Səudiyyə Ərəbistanı, Hindistan, Tailand, Meksika, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika kimi “Qlobal Cənub” adlanan ölkələr var. Ermənistan, eləcə də müşahidəçi qismində iştirak edən Braziliya və Vatikan sənədi dəstəkləməkdən çəkinib. Sənəd Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasını birbaşa tələb etmir, lakin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində istənilən dövlətin, o cümlədən Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etməyin zəruriliyindən danışılır. Sammit iştirakçıları BMT Baş Assambleyasının Rusiya təcavüzünü pisləyən qətnamələrini xatırladırlar. Mətndə BMT Nizamnaməsinə və onun əsas prinsiplərinə bir neçə istinad var, onların Ukraynada ədalətli və davamlı sülhə nail olmaq üçün əsas ola biləcəyi bildirilir. Bundan əlavə, Zaporojye Atom Elektrik Stansiyasının (AES) Ukraynanın nəzarətinə qaytarılması, məhbusların “hamının hamıya” sxeminə uyğun dəyişdirilməsi, Rusiyaya aparılan uşaqların və qanunsuz olaraq çıxarılan bütün şəxslərin Ukraynaya qaytarılmasının zəruriliyi vurğulanır. Bundan əlavə, Qara və Azov dənizlərində ticarət gəmiçiliyinin təhlükəsizliyinə zəmanət verilməsinin vacibliyindən və ərzaq təhlükəsizliyindən hərbi məqsədlər üçün istifadə edilməməsindən danışılır. Həmçinin bildirilir ki, Ukraynadakı müharibə kontekstində nüvə silahından istifadə ilə bağlı təhdidlər qəbuledilməzdir. İsveçrədə Ukrayna ilə bağlı iki günlük sammitdə 100-ə yaxın ölkə və beynəlxalq təşkilat iştirak edib. Rusiya bu danışıqlara dəvət olunmayıb. Moskva onun iştirakı olmadan tədbirin heç bir mənası olmayacağını, İsveçrəni neytral ölkə saymadığı üçün dəvət alsa belə, qoşulmayacağını bəyan edib. Moskva ilə yaxın münasibətdə olan bir sıra dövlətlər, o cümlədən Çin, Misir, Pakistan, Orta Asiya ölkələri, Afrika və Asiyanın bir çox ölkələri iştirakdan imtina etdilər. Son anda Kolumbiya prezidenti gəlməkdən imtina edib. Konfrans başlamazdan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın öz ərazilərinin bir hissəsindən imtina etməsini nəzərdə tutan sülh danışıqlarının başlanması üçün öz şərtlərini irəli sürüb. Kiyevdə və Qərbdə onları sülh təklifi deyil, kapitulyasiya tələbi adlandırıblar. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
50
xural.com

10Mənbələr