AZ

Qvardiola Gündoğan haqda: “Çox zəkalı oyunçudur”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Almaniya yığmasının kapitanı İlkay Gündoğan haqda danışıb.

Arena.az xatırladır ki, hazırda İspaniyanın “Barselona” klubunda çıxış edən yarımmüdafiəçi 2023-cü ildə “şəhərlilər”in heyətində UEFA Çempionlar Liqasını qazanıb.

İspan mütəxəssisin türkəsilli alman futbolçu haqda fikirlərini təqdim edirik:

“İlkay az danışsa da, danışanda hamı onu dinləyib-eşidirdi, o cümlədən mən də. O, aydın və düzxətli idi. İlkay çox zəkalı oyunçudur. O, məşqçilik etdiyim ən ağıllı oyunçulardan biridir. Gündoğan bizim uğurumuzun açarı idi”, deyə Qvardiola vurğulayıb.

Xatırladaq ki, İlkay “Barselona”ya 2023-cü ilin iyul ayında məhz “Mançester Siti”dən azad agent qismində keçib. Gündoğanın Kataloniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Gündoğan “Barselona”nın heyətində 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə verib.

İlkay 2022/2023 mövsümündə “Mançester Siti”nin İngiltərə Premyer Liqasını, İngiltərə Kubokunu və UEFA Çempionlar Liqasını qazanaraq “trebl”ə imza atmasında böyük xidmətlər göstərmişdi. O, uzun illər “şəhərlilər”in kapitanı olub.

Gündoğan karyerası ərzində “Mançester Siti” və “Barselona”dan başqa “Nürnberq”, “Boxum”, “Borussiya” (Dortmund) kimi klublarda da forma geyinib.

İlkay Gündoğan kapitanı olduğu, 2011-ci ilin oktyabrında debüt etdiyi Almaniya yığmasının heyətində 78 oyuna 18 qol vurub, 8 məhsuldar ötürmə verib. Təcrübəli oyunçu hazırda Avropa çempionatında (AÇ-2024) iştirak edən Almaniya millisinin kapitanıdır.

“Transfermarkt” internet-portalı 33 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
arena.az

2Mənbələr