AZ

AÇ qollar və rekordlarla başladı

AÇ-2024-də ilk iki oyun günü arxada qalıb.

Artıq A və B qruplarında ilk tur başa çatıb. Məhsuldarlıq diqqət çəkir. Belə ki, 4 oyunda qapılara 16 qol vurulub ki, bu da orta hesabla hər oyuna 4 qol deməkdi! Amma ən maraqlısı odu ki, artıq indidən bir sıra rekordlar yenilənib. Gəlin, onlara nəzər salaq.

* Almaniya ilə Şotlandiya arasındakı açılış oyununda hesabı Florian Virts açdı. O, 21 yaş 42 günlüyündə fərqlənərək ən erkən yaşda açılış qolunu vuran futbolçu kimi AÇ tarixinə düşdü.
* Almaniya yığması AÇ tarixində bir oyunda 22 yaşdan kiçik olan iki futbolçusu qol vuran ilk komanda kimi turnirin tarixinə düşdü. Virtsdən başqa Musialanın da yaşı 22-dən azdı.
* İspaniyanın Xorvatiyaya qarşı oyununda start heyətində meydana çıxan Lamin Yamal iki rekordu birdən yenilədi. O, 16 yaş 338 günlüyündə meydana çıxmaqla AÇ tarixində forma geymiş ən gənc futbolçuya çevrildi. Əvvəlki rekord ötən turnirdə qeydə alınmışdı. Əvvəlcə Cud Bellingem İngiltərənin heyətində 17 yaş 349 günlüyündə meydana çıxmışdı. Amma cəmi bir neçə gün sonra Polşa yığmasının heyətində Kaçper Kozlovski 17 yaş 246 günlüyündə meydana çıxaraq rekordu yeniləmişdi. Bundan başqa Yamal həm də AÇ tarixində məhsuldar ötürmə verən ən gənc futbolçu oldu.
* Xorvatiya ilə oyunda 32 yaş 156 günlüyündə fərqlənən Dani Karvaxal İspaniya yığmasının heyətində AÇ-də qol vuran ən yaşlı futbolçu kimi tarixə düşdü.
* İtaliyanın qapısına 23-cü saniyədə yol tapan albaniyalı Nedim Bayrami AÇ tarixində vurulmuş ən erkən qolun müəllifi oldu! Əvvəlki rekord AÇ-2004-də Rusiyanın heyətində Yunanıstan ilə oyunda 67-ci saniyədə fərqlənən Dmitri Kiriçenkoya məxsus idi.
* İtaliya - Albaniya oyununda ilk 16 dəqiqədə qapılara 3 qol vuruldu ki, bunun özü də yeni rekorddu. Daha öncə turnirin tarixində heç bir oyunda ilk 16 dəqiqəyə 3 qol vurulmamışdı. Bu göstəricidə əvvəlki rekord AÇ-2016-nın 1/8 finalında İngiltərə - İslandiya (1:2) oyununda qeydə alınmışdı. Həmin oyunda ilk 3 qol ilk 18 dəqiqəyə təsadüf etmişdi.
* Albaniya ilə oyunda İtaliyanın birdən-birə 4 futbolçusu 100-dən çox dəqiqə ötürmə verməklə diqqət çəkdi. Söhbət Jorjinyo (120), Di Lorentso (114), Bastoni (110) və Barelladan (105) gedir. Bu, rekordun təkrarı deməkdi. Müvafiq statistikanın aparılmağa başlandığı AÇ-1980-dən bu yana yalnız bir dəfə bu cür fakt qeydə alınmışdı. AÇ-2020-də İsveçlə oyunda İspaniyanın heyətində də 4 futbolçu 100-dən artıq dəqiq ötürmə vermişdi.

ƏLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
6
football-plus.az

7Mənbələr