AZ

Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Gürcüstanda xeyriyyə aksiyası keçirib

Tbilisi, 26 iyun, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs Qurban bayramı münasibətilə Gürcüstanda aksiya keçirib.

AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində QMİ-nin Gürcüstandakı nümayəndəliyinin rəhbərliyi və üzvləri ehtiyacı olan ailələri ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Aksiya çərçivəsində 7 baş iribuynuzlu heyvan kəsilib. Kəsilmiş qurbanlar Tbilisi, Rustavi, Marneuli, Qardabani, Bolnisi, Dmanisi və Laqodexi rayonlarından olan yüzlərlə ailəyə paylanılıb.

QMİ-nin Gürcüstan üzrə nümayəndəsi Məhəmməd Şamilov AZƏRTAC-a müsahibəsində deyib ki, xalqımızın dini və milli bayramları ərəfəsində aztəminatlı, ehtiyacı olan ailələri ziyarət etmək, onların qayğıları ilə maraqlanmaq, onlara müxtəlif yardımlar göstərmək ənənə halı alıb. Qurban bayramı münasibətilə də Gürcüstanın müxtəlif bölgələrində 500-ə yaxın ailəyə Qurban payı verilib.

Onun sözlərinə görə, soydaşlarımız bu yardımı yüksək qiymətləndirib, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə və QMİ-yə minnətdarlıq ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
13
2
azertag.az

3Mənbələr