AZ

Paşinyan sözünün üstündə dura biləcəkmi- Lukaşenko ilə “şəxsi dava” başladı...

Image

Qulamhüseyn Əlibəyli: “Onların məqsədi KTMT-dən uzaqlaşmaq olduğu üçün Lukaşenkonu belə tənqid edirlər”

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərə görə Belarus lideri Aleksandr Lukaşenkonu sərt tənqid edərək bunu belə əsaslandırıb: 

“KTMT üzvlərindən biri 44 günlük müharibəyə hazırlıqda iştirak etdiyini, Azərbaycanın qələbəsini ruhlandırdığını, inandığını və arzuladığını bildirir. Və bundan sonra Belarus prezidenti ilə KTMT formatında bəzi məsələləri müzakirə etməliyəmmi? Ancaq bəyan etmək istəyirəm ki, Aleksandr Lukaşenko orada prezident olduğu müddətdə bir daha Belarusa səfər etməyəcəyəm. Həmçinin, bundan sonra Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək”.

Maraqlıdır, Paşinyan sözünün üstündə dura biləcəkmi, yoxsa bu, növbəti populist açıqlamadır?

“Bütün bunlarla yanaşı, Paşinyanın öz sözü üstündə duracağına şübhə edirəm” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Paşinyan ziddiyətli mövqe sərgiləyir: “Paşinyanın bu açıqlaması, əvvəlki açıqlamalar kimi, çox ziddiyətli və hesab edirəm ki, mənasız bir yanaşmadır. Birincisi, hər şeydən əvvəl Belarus 44 günlük müharibədə Azərbaycanla bağlı hazırlıqda iştirak etməyib. Əksinə, Ermənistan Azərbaycan ərazisinə hücum etdiyi üçün ordumuz onlara cavab verib və öz ərazilərini işğaldan azad edib. Ola bilər ki, Belarus müharibə dövründə, xüsusən də KTMT ilə bağlı məsələlərdə obyektiv bir mövqe tutdu, haqqın yanında oldu. Yəni KTMT-nin Ermənistanın oyunlarına qatılmasına icazə vermədi. Ermənistan arzulayır ki, hansısa bir dövlət öz ərazisini işğaldan azad etmək istəyir, amma mütləq KTMT işğalçı dövlətin yanında durmalıdır. Bunun özü tamamilə absurd anlayış və yanaşmadır. Ona görə də Paşinyanın bu fikirləri tamamilə mənasızdır. Ancaq bu, həm də onu göstərir ki, Ermənistan hələ Azərbaycanla sülhə hazır deyil. Bu səbəbdən müxtəlif bəhanələr axtarır. O cümlədən, rəsmi İrəvan sülhə hazır olsaydı, Belarusla Azərbaycanın normal münasibətlərindən müsbət istiqamətdə istifadə etməyə çalışardı. Ancaq Paşinyan tam əksinə olaraq bundan mənfi istiqamətdə istifadə edir. Hətta KTMT-dən uzaqlaşmaqdan ötrü bundan bəhanə kimi istifadə edir. Bütün hallarda bu gərginlikdən Belarus nəsə itirməyəcək. İtirən Ermənistan olacaq. Paşinyan bundan sui-istifadə edərək yaranan vəziyyətdən öz məqsədləri üçün istifadə etmək istəyir. Onların məqsədi KTMT-dən uzaqlaşmaq olduğu üçün Lukaşenkonu belə tənqid edirlər. Rusiyanın üzərinə açıq gedə bilmiər. Onun əvəzində Belarusu hədəf aırlar. Çünki yaxşı bilirlər ki, Minsk Moskva ilə yaxın münasibətlərə malikdir. Bütün bunlarla yanaşı, Paşinyanın öz sözü üstündə duracağına şübhə edirəm. Çünki o, səhər bir açıqlama verir, axşam başqa açıqlama ilə çıxış edir. Nəzərə almaq lazımdır ki, Paşinyan populist siyasətçidir”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
50
baki-xeber.com

10Mənbələr