AZ

AVRO-2024: Futbol mütəxəssislərimiz favoritlərini AÇIQLADILAR

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gündən etibarən bütün Avropanın diqqəti Almaniyada keçiriləcək AVRO-2024-ə yönələcək. Qitə çempionatını səbirsizliklə gözləyən azarkeşlər, həmçinin futbol mütəxəssisləri yarış öncəsi öz favoritlərini müəyyənləşdiriblər.
Azərbaycanlı futbol mütəxəssisləri Oxu.Az-a öz favoritlərini və azarkeşlik edəcəkləri milliləri açıqlayıblar.
Veteran futbolçu, azərbaycanlı futbol mütəxəssisi Ağasəlim Mircavadov AVRO-2024-də İngiltərə millisinə azarkeşlik edəcəyini bildirib:
"İngiltərə millisi AVRO-2024-ün ən güclü komandası sayılır. İngiltərə milli komandasında Avropa klublarında çıxış edən gənc və ulduz futbolçular çıxış edirlər. İstər Premyer Liqada, istərsə də digər liqalarda güclü baş məşqçilərlə birliktə çalışırlar. Məhz bu səbəbdən İngiltərə millisinin çempion olacağını düşünürəm. Gürcüstan və Türkiyə millilərindən isə uğurlu nəticə gözləyirəm. Tarixində ilk dəfə vəsiqə qazanan Gürcüstan seçməsinin qrup mərhələsini adlayacağına inanıram. Əslində, onlar daha öncə Avropa çempionatına qatılmalı idilər, amma yenə də uğurlu nəticədir. Türkiyə millisi isə çox istəkli olduğu üçün qrupdan çıxa bilər".
"Zirə" klubunda məşqçi kimi çalışan Vaqif Paşayev AVRO-2024-də İspaniya və Portuqaliya millilərinə azarkeşlik edəcəyini deyib.
"Mənim üçün vacib olan gözəl futbol izləməkdir. Qələbə qazanmaq da əsas tələblərdən biridir, amma gözəl futbol oynmaq, bu oyunu hiss etmək daha vacibdir. İspaniya, Portuqaliya və Braziliya milliləri bunu çox gözəl bacarırlar. Açığı mən Braziliya millisinin azarkeşi olsam da, onlar Avropa çempionatında çıxış etmirlər. Bu səbəbdən də onların futboluna ən yaxın olan Portuqaliya və İspaniya millilərinə azarkeşlik edirəm. Ümid edirəm ki, builki çempion gözəl futbol nümayiş etdirən komanda olar. Gürcüstan millisinin isə AVRO-2024-də çıxış etməsi çox sevindirici haldır. Keçmişdə Azərbaycanda futbol azarkeşləri gürcüstanlı futbolçu gələndə həvəslə qarşılayardılar. Dünyanın hər bir yerində gürcüstanlıların futboluna "Qafqaz futbolu" deyərdilər. Gürcülər daha əvvəl Avropa çempionatına qatılmalı idilər. Çox istəyərdim ki, elə çempion da onlar olsunlar, amma real yanaşsaq bu, çətin məsələdir. Türkiyə millisində isə Arda Güler çox ümid vəd edən futbolçudur. Gənc, perspektivli futbolçunun milli komandaya müsbət təsir edəcəyini düşünürəm".
"Araz-Naxçıvan" klubunun baş məşqçisi Elmar Baxşıyev AVRO-2024 favorit olaraq seçdiyi komandanın adını açıqlayıb:
"Mənim favorit olaraq gördüyüm Portuqaliya və Fransa milliləridir. İstər heyət, istərsə də oyun baxımından güclü komandalardır. Türkiyə və Gürcüstan seçmələrinin isə elə də yaxşı nailiyyət əldə edəcəklərini gözləmirəm.
"Sumqayıt" klubunun əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov da favorit olaraq seçdiyi komandaların adına aydınlıq gətirib:
"Favorit olaraq gördüyüm iki komanda var. Bunlar İtaliya və İngiltərə seçmə komandalarıdır. İngiltərənin çempion olacağını düşünürəm. Əminliklə deyə bilərəm ki, azərbaycanlı futbol sevələr bu AVRO-2024-ə ən çox Gürcüstan və Türkiyə millilərinin oyunları üçün baxacaqlar. Bir tərəfdə qardaş ölkə Türkiyə, digər tərəfdə qonşumuz Gürcüstan seçməsi mübarizə aparacaq. Hər ikisi eyni qrupda mübarizə aparırlar. Düşünürəm ki, uğurlu nəticəyə imza atacaqlar".
Azərbaycanın İkinci Liqasında mübarizə aparan "Cəbrayıl" komandasının baş məşqçisi, keçmiş futbolçu Cavid Hüseynov isə Fransa millisini favorit hesab edir:
"Uzun illərdir uğurlu çıxışı ilə diqqət mərkəzinə düşən Fransa millisini AVRO-2024-ün favoriti olaraq görürəm. Amma daha çox F qrupunun görüşlərini izləyəcəyəm. Türkiyə millisindən gözləntim yoxdur. Gürcüstan seçməsi isə əsil komanda oyunu nümayiş etdirir. Futbolda hər şey ola bilər, məncə, Portuqaliya millisinin favorit olduğu qrupdan yalnız Gürcüstan seçmə komandası çıxa biləcək potensiala sahibdir".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
19
oxu.az

10Mənbələr