AZ

Meyvələrdən zəhərlənmə niyə baş verir?

 

Vitaminlərlə zəngin olan meyvələrin orqanizma faydası çoxdur. Sağlam həyat tərzi üçün meyvə istehlakı mütləq qida rasionunda yer almalıdır. Lakin burada diqqətə alınası bir məqam da var. Tərəvəzdən zəhərlənmə halları olduğu kimi bəzən insanlar meyvədən də zəhərlənə bilərlər. 

Mövzu ilə əlaqədar qida eksperti  İlkin Şirinov "Operativ Media"ya bildirib ki, hər fəsildə həmin dönəmə aid olan, o vaxt üçün yetişən meyvəni yemək daha düzgündür.

O deyib ki, piştaxtalarda aylarla qalan nə rəngini, nə də görünüşünü dəyişməyən və çürüməyən meyvəni yeyəndə orqanizmində baş verə biləcək hər hansısa fəsaddan qaçmaq mümkün deyil:

“Bəzi meyvələr müəyyən maşınların yük yerlərində açıq vəziyyətdə heç bir soyutma sistemi olmadan daşınır və rayonlardan açıq şəraitdə  havanın yağışının, toz-torpağının altında gətirilib satılır. Bu,  bizim şəxsi gigiyenamızdan xəbər verir ki, meyvəni  istifadə etməmişdən öncə bunun təmizlik məsələsinə özümüz nəzarət etməliyik. Bundan başqa meyvənin həddindən artıq çox rütubətli anbarlarda saxlanılırsa, o artıq kiflənib çürüyürsə və buna əhəmiyyət verilmədən yeyilirsə, bu da zəhərlənməyə gətirib çıxaran hallardan biridir”. 

Ekspert qeyd edib ki, meyvələri yetişdirərkən istifadə olunan pestisidlər insanda bağırsaq pozğunluğuna və zəhərlənməyə gətirib çıxaran məsələlərdən biridir:

“Artıq banan meyvəsinə xüsusi bir qaz vurulur ki, bu da bananın yetişməyinə kömək edir. Əgər həmin qaz həddindən artıq olarsa, bu zəhərlənməyə gətirib çıxarır. Həmin bananı biz digər yetişmiş meyvə ilə yanbayan satsaq və ya yanaşı qoysaq, digər meyvəni xarab edəcək, kal meyvənin isə yetişməsinə kömək edəcək. Yay aylarında qarpızdan zəhərlənmə məsələsi həddindən artıq gündəmdə olur, bu da qarpızın tərkibində olan həmin o gübrələrlə bağlıdır. Ona azot gübrəsinin həddindən artıq vururlar ki, daha tez yetişsin. Ona görə də qarpızı kəsdikdə içində ağ zolaqlar varsa, rəngi qırmızı yox, bozdusa, bu qarpız birbaşa zəhərlənmə mənbəyidir. Həmçinin ilk növbədə meyvə aldığınız yerlərin ekoloji baxımdan hansı dərəcədə təmiz olduğuna nəzər yetirmək lazımdır, daha sonra onun istifadəsi barədə fikir yürütmək olar. Meyvələr çiçək vaxtı həşəratlara qarşı, gəmiricilərə qarşı  xüsusi kimyəvi maddələrlə dərmanlanır. Əgər həmin kimyəvi maddələr təyin olunan dozadan artıq olarsa və yaxud heç bir mütəxəssis baxışından keçirilmədən kustar üsulla hazırlanmış dərmanlardan meyvənin çiçəyin özəyinə düşərsə, artıq bu meyvənin zəhərlənməyə səbəb olmayacağı barədə heç kim qaranti verə bilməz. Buna görə də   həmişə vurğulayıram ki, kənd təsərrüfatında bitkiləri, meyvələri dərmanlayarkən istifadə olunan dərman preparatların təcrübəli mütəxəssislər tərəfindən araşdırılması mütləqdir.Həmin rəylərə əsasən dərmanlama prosesi həyata keçirilməlidir”.

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
operativmedia.az

10Mənbələr