AZ

Bakıdan Paşinyana xilas yolu təklifi: Azərbaycana sığınmasa sonu pis qurtaracaq

“İrəvanda baş verən proseslər Bakı üçün heç bir yaxşı imkan yaratmır. Burada bir daha əmin oluruq ki, bu ölkənin daxilində gedən aksiyalar son dərəcə gərgin və xaotikdir. Bundan başqa, favorit qrup yoxdur”.

Bu sözləri Globalinfo.az-a politoloq Tofiq Abbasov Ermənistanda baş verən qarışıqlığın Bakı üçün hansı imkanlar və təhdidlər yaratması haqda danışarkən deyib.

Onun sözlərinə görə, faktiki olaraq Ermənistanın xilas olunması ilə əlaqədar heç bir proqram yeridilmir:

“Üzdə olan bir məqam varsa, o da hakimiyyət uğrunda gedən azğın bir mübarizədir. Təbii ki, bu prosesdə Nikol Paşinyan üstünlük təşkil edir. Onda çatışmayan cəhət yalnız siyasi qətiyyətdir. Hakimiyyətin bir qaydası var – əgər sən meydana gəlirsənsə, səni savaşın gözləməsinə hazır olmalısan. Bu savaşda vurmasan, vurulursan! Hazırda görürük ki, müxalif qüvvələr Paşinyandan zəif olduqları halda belə mövqe mübarizəsinə keçməyə çalışırlar. Beləliklə də yavaş-yavaş qarşıdurmada üzə çıxan zorakılıq, vandallıq, əlbəyaxa döyüşlər və s. hamısı bir növ faktiki baxımdan müxalifətin xeyrinə bitir. Ermənistanda insanların çoxu hakimiyyətin dəyişilməsini istəmirlər. Bunu istəyən Robert Köçəryan, Serjik Sərkisyan və onlara zorla bağlanmış Baqrat adlı keşişdir. Paşinyan bu prosesi çox uzatsa, o zaman küçədə, hər tərəfdə nümayişçilərin sıralarında azğınlıq artacaq, onların müqavimət hissi güclənəcək və ümumiyyətlə həm dövlət, həm cəmiyyət sisteminin yorğunluğu meydana gələcək. Belə olduğu halda isə Paşinyan üçün risklər artmış olacaq. Ona görə də, Nikol Paşinyan gərək vaxt itirmədən çox sərt davranışlara keçsin”.

Politoloqun sözlərinə görə, əslində, Paşinyan özü də anlayır ki, aksiyaçılarla heç bir dialoq alınası deyil:

“Çünki bunların arasında elə bir mübahisə obyekti var ki, onun ətrafında kompromislər əldə etmək mümkünsüzdür. Müxalifət hakimiyyət davası aparır. Həm də axı heç dialoq meydanı da yoxdur. Bu səbəbdən hesab edirəm ki, burada Azərbaycan üçün üstünlüklər, cazibəli məqamlar yoxdur. Əksinə, təhdidlər var. Çünki Ermənistanın daxilində gedən xaos, daxili ictimai-siyasi qarşıdurma tək İrəvan üçün problem yaratmır, baş verənlər ətraf ölkələr üçün də problem yaradır. Digər məmləkətlərdə də olduğu kimi, o ölkənin də öhdəlikləri var. İlk növbədə Paşinyan gərək ölkə hüdudlarından kənarda da təhlükəsizliyi təmin etsin. Adam bunu nə daxildə edə bilir, nə də kənarda. Əksinə, kənarda yaşananlar bizim üçün daha çox problem yaradır. Ona görə də Azərbaycan bu proseslərdə öz gücünə arxalanaraq bütün proseslərin hamısının nəzarətini diqqətində saxlayır”.

T.Abbasovun dediklərinə görə, Azərbaycan istənilən dəyişikliklərə, gözlənilən fors-majorlara hazırdır:

“Ermənistan rəhbərliyinə də bildirmişik ki, prinsip etibarilə onlar Azərbaycanın dəstəyinə ümid bəsləyə bilərlər. Çünki Ermənistana həqiqətən də ən çox yüngüllük gətirə biləcək qüvvə varsa, o da Azərbaycan və Türkiyədir. Odur ki, Ermənistanın siyasi rəhbərliyi ağıllı tərpənəcəksə, o, gərək həm daxili, həm də xaricdə olan resurslarını bir yerə toparlasın. İlk növbədə ölkə daxilində ictimai-siyasi qarşıdurmanı aradan qaldırsın. Sonra isə sülh müqaviləsinə böyük həvəslə qatılsın. Bu olmasa, onun hakimiyyətinin sonu olduqca acınacaqlı və pis yekunlaşacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
32
turkustan.az

10Mənbələr