AZ

“İran hakimiyyəti ABŞ-a xoş gəlmək üçün PKK-ya bu kimi yardımlar edə bilər” - Siyasi şərhçi

İranın bir müddət əvvəl PKK terror təşkilatına raket texnologiyası çatdırdığı iddia edilir. Bu barədə “Middle East Eye” nəşri məlumat yayıb. Məlumata görə, İran yerli olaraq istehsal etdiyi “358 yer-hava raketləri”ni İraq üzərindən PKK terror təşkilatına çatdırır. 2024-cü ilin may ayında PKK terror təşkilatına yaxın qüvvələr tərəfindən Türkiyə Pilotsuz Uçuş Aparatının (PUA) vurulduğu iddia edilib. “Middle East Eye”ın məlumatına görə, PUA-ların terror təşkilatı tərəfindən vurulmasını İranın verdiyi raketlər təmin edib. Bundan əlavə, “358 yer-hava raketləri” kamikadze PUA-ları kimi də fəaliyyət göstərə bilər. Mütəxəssislər bildirib ki, bu raketlər nisbətən kiçik döyüş sursatlarıdır, ona görə də raket mühərriki olmadığı üçün görüntülərdə görünməyə bilər.

Nəyə görə İran Ukrayna müharibəsində Rusiyaya silahların verilməsi ilə bağlı ittihamlarla üzləşdiyi vaxtda belə addım atır? Türkiyənin buna hər hansı təpkisi ola bilərmi?

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Herbiand.az-a bildirib ki, İran hakimiyyətinin iqtisadi vəziyyəti ağırdır:

“Ona görə indiki böhran vəziyyətindən qurtarmaq üçün, habelə iqtisadiyyatı iflasdan xilas etmək naminə hətta şeytanla ticarət etməyə hazır görünür. Fikrimcə, bu yaxınlarda Türkiyənin “Yeni şəfəq” qəzetində oxşar xəbər yayılmışdı ki, İran hakimiyyəti PKK terror qruplaşmasına raketlər, PUA-lar və hərbi sursatlar tədarük edir. Belə olan halda sual yaranır. PKK terror təşkilatı İranın düşməni sayılmırmı? İranda PKK-ya münasibət iki mərhələli olub. 2000-ci illərdən əvvəlki dövrdə təsadüf edən birinci mərhələdə Tehran hakimiyyəti PKK-dan Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq yararlanıb. İran və Suriyada vəziyyət dəyişdikdən sonra PKK-nın bir sıra qolları İranda terror aksiyaları keçirdi. Ondan sonra İran İraqın şımalındakı ərazinin özünüidarəetmə hökumətinə xəbərdarlıq edib ki, terror təşkilatları ölkənin ərazisini təhdid etməkdən çəkinməsə İraqın şimalını vuracaq”.

Sədrəddin Soltan qeyd edib ki, İran Rusiyaya silahların satılması fonunda İraqda PKK ilə bu istiqamətdə əməkdaşlıq etməkdən o qədər də narahat deyil:

“Fikrimcə, bunun başlıca səbəbi ABŞ-ın İraq və Suriyada PKK ilə əməkdaşlıq etməsidir. İran hakimiyyəti bir qayda olaraq daha çox Qərbin dəstəklədiyi layihələri müdafiə edib. Ona görə də fikrimcə, İran hakimiyyəti ABŞ-a xoş gəlmək üçün PKK-ya bu kimi yardımlar edə bilər. Eləcə də İran Ukraynaya hücumda istifadə olunan PUA-ları Rusiyaya verdiyi ilə bağlı günahlarını azaltmaq məqsədilə də bu addımı ata bilər”.

Siyasi şərhçinin sözlərinə görə, Türkiyə İran hakimiyyətinə bir müddət əvvəl xəbərdarlıq etmişdi ki, islam respublikası ərazisində PKK terror qruplaşmasının ayrı-ayrı üzvləri İran-Türkiyə sərhəddindəki ərazilərdə fəaliyyət göstərir və Tehran hakimiyyəti PKK-ya qarşı əməliyyat keçirmir, bu istiqamətdə fəaliyyətini zəiflədib:

“Hətta, İran ərazisində fəaliyyət göstərən terrorçuları Türkiyəyə təhvil vermir. Türkiyə bu məsələ ilə bağlı narazılığını bildirib. Fikrimcə, gələcəkdə həmin texnologiyanın İrana məxsus olduğu və İranla PKK arasında və ya PKK-nın ayrı-ayrı qolları arasında hərbi texniki və hərbi sursata dair əməkdaşlıq məsələsi araşdırılıb dəqiqləşdirildikdən sonra rəsmi Ankara Tehrana məsələ ilə bağlı fikrini bildirəcək və əməli addım atacaq”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
50
herbiand.az

10Mənbələr