AZ

ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR

15 iyun 2021-ci il Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən Azərbaycan və Türkiyə liderləri arasında müttəfiqlik münasibətləri haqqında tarixi hadisə olan Şuşa Bəyannamənin imzalanmasından üç il ötür. Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. Belə ki, məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixi və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümündə imzalanan Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu Bəyannamədir.

Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycan Prezidenti İlham Əliyev hər kəsin yadına Qars müqaviləsini salaraq bildirmişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".

Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün də Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi.

Bəli, bu gün dövlət başçımızın söylədiyi kimi: "Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir". Xüsusilə də, Şuşa Bəyannaməsinin imzalanması və bu sənədin hər iki ölkənin parlamentində təsdiqlənməsi ilə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin müttəfiqlik əsasında daha da inkişaf etdiyinin göstəricisidir. Bu qardaşlıq və dostluq münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanan qardaşlıq birliyidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik məktubunda bir daha Şuşa Bəyannaməsinin iki qardaş ölkələrin arasında bu birliyin daha da möhkəm olacağının söyləyib: "Özündə dərin məna ehtiva edən bu gündə Azərbaycan xalqının haqlı qürurunu və sevincini ürəkdən bölüşürük".

Məktubda o da vurğulanır ki, "Bir millət, iki dövlət" şüarı ilə birlikdə imzaladığımız Şuşa Bəyannaməsi ilə daha da möhkəmləndirdiyimiz bənzərsiz münasibətlərimiz indiyədək olduğu kimi, gələcəkdə də ölkələrimizin və regionumuzun sülh və sabitliyinin ən böyük təminatı olacaq.

Türkiyədə baş verən zəlzələlərdən sonra “kədəriniz kədərimizdir” anlayışı ilə qardaş Azərbaycanın uzatdığı yardım əli və nümayiş etdirdiyi güclü dəstəyə görə bir daha təşəkkürünü bildirən Prezident Ərdoğan vurğulayıb ki, Türk xalqı bu qardaş köməyini heç vaxt unutmayacaq.

Tarixi ədalətin bərpası, Şuşa Bəyannaməsi və yenidən qurulan Qarabağ dünyanın ən gözəl yerlərinə çevriləcək.

Prezident İlham Əliyev ötən il oktyabrın 26-da Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edən zaman deyib: “Sizin səfərinizin çox böyük önəmi var. Siz ikinci dəfədir ki, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Dörd ay bundan əvvəl sizinlə bərabər Şuşa şəhərində olmuşuq. Bu gün isə Füzulidə və Zəngilandayıq. Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi tarixi sənəddir. Bu bəyannamə bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bu gün Füzuli Beynəlxalq Hava Limanının açılışında birlikdə iştirakımız bir daha bizim birliyimizi göstərir, gücümüzü göstərir. Onu göstərir ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır”.

Bəli, hər iki ölkə liderləri - Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar.

Bəli, bu gün Türkiyə və Azərbaycan liderlərinin görüşləri iki dövlətin sarsılmaz birliyinin əyani təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyev Zəngilanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxışı zamanı bildirmişdir ki, bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan birliyi, qardaşlığı önəmli faktora çevrilib: “Bu, əsl qardaşlıq nümunəsidir, əsl dostluq nümunəsidir. Həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik. Bizim birliyimiz sarsılmazdır və əbədidir".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
1
aznews.az

2Mənbələr