AZ

Şuşa Bəyannaməsi: Əməkdaşlıqdan müttəfiqliyə - TƏHLİL

Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən, ən əsası isə, tariximizdə ilk dəfə olaraq iki güclü liderlərin - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin işğaldan azad olunmuş Qarabağımızın baş tacı olan Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalanmasından iki il ötür. Bu, real faktordur ki, tarixi sənədlərin imzalandığı tarix və məkan hər zaman böyük əhəmiyyət kəsb edir. Çünki illər sonra gələcək nəsillər bu tarixi və məkanı tarix kitablarından oxuyarkən məsələnin mahiyyətini və əhəmiyyətini daha dərindən dərk edirlər. Bu mənada, Şuşa Bəyannaməsinin siyasi və tarixi əhəmiyyətini izah edən məsələ sənədin imzalanma tarixi, yəni 15 iyun-Milli Qurtuluş günüdürsə, ikincisi onun Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanmasıdır. Əgər 29 il öncə 15 iyun tarixində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ümummilli lider Heydər Əliyev aldısa, illər sonra Qars müqaviləsinin imzalanmasından iki yüz il sonra eyni gündə Azərbaycanın torpaqlarını düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini imzaladı. Bəyannamənin əhəmiyyəti ilə bağlı mətbuata bəyanatında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, "Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük". Bəli, bu qətiyyətin və birliyin təcəssümünü elə bəyannamənin mətni ilə tanış olarkən aydın görmək mümkündür: "Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur".

PREZİDENT İLHAM ƏLİYEV: "BU GÜN QƏDİM ŞƏHƏRİMİZ OLAN ŞUŞADAN VERİLƏN AÇIQLAMALAR BÜTÜN DÜNYAYA SƏS SALACAQ, BUNUN BÖYÜK ƏKS-SƏDASI OLACAQ"

"Biz bu gün Şuşada görüşürük. Bu gün bütün Azərbaycan xalqının, türk xalqının gözü buradadır, dünyanın gözü buradadır. Azərbaycan bu səfər səbirsizliklə gözlənilirdi və böyük maraq doğurur". Bu fikirləri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatında deyib: "Bu gün qədim şəhərimiz olan Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaq. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə olacaqdır. Şuşa keçən il noyabrın 8-də işğaldan azad edildi. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan sıldırım qayaları görərkən, görür ki, bu alınmaz qala sayılan şəhəri azad etmək böyük qəhrəmanlıq, peşəkarlı, şücaət tələb edirdi". Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının ölkələrimizin birliyini nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi başlanan ilk gündən, ilk saatlardan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, qəti və açıq dəstək ifadə edib. Müharibənin ilk saatlarından Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı.

TARİXİ ŞUŞA BƏYANNAMƏSİ – TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞININ GÖSTƏRİCİSİ

Bir sözlə, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması mühüm tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu. Bəli, Müttəfiqlik haqqında Bəyannamə təqdimatı hər şeyi deyir. Bu tarixi sənədin imzalanmasından sonra bütövləşmişik, bir dövlətə çevrilmişik. Şuşa Bəyannaməsi qardaşlığımızın rəmzidir. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın birgə maraqlarının qorunması üçün hər iki ölkənin bütün imkanlarından istifadə etməyə imkan verən rəsmi sənəddir. İstər Türkiyəyə qarşı, istərsə də Azərbaycana qarşı üçüncü ölkə və yaxud ölkələr tərəfindən təhdidlər və yaxud birbaşa hücum olarsa, iki ölkənin bütün imkanları səfərbər ediləcək və işğalçıya qarşı birgə mübarizə aparacaqlar. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırır və Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatıdır. İmzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk demişdi: "Azərbaycanın kədəri-kədərimiz, sevinci-sevincimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdi: "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" XXI əsrin əvvəllərində erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın və qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir. "Bu gün tarixi gündür. Türkiyə Prezidentini Qarabağ torpağında salamlayırıq. Əziz Qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var". Bu fikri Prezident İlham Əliyev Şuşada mətbuata bəyanatı zamanı söyləmişdi və bildirmişdi ki, müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır: "Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır".

PREZİDENT RƏCƏB TAYYİB ƏRDOĞAN: "ŞUŞA BƏYANNAMƏSİ İLƏ ƏLAQƏLƏRİMİZİN YENİ DÖVRDƏKİ YOL XƏRİTƏSİNİ MÜƏYYƏNLƏŞDİRDİK"

"Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında bildirmişdir. Şuşa Bəyannaməsinin imzalanmasının tarixi əhəmiyyətini xüsusi vurğulayan Prezident Ərdoğan vurğulamışdır ki, Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir: "Gələcəklə bağlı addımları atarkən, artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük". Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycan Prezidenti hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi ki, tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb: "Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan, dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır". Təbii ki, Prezident İlham Əliyevin Qars müqaviləsinə və 100 il bundan əvvəl baş verənlərə istinad etməsi təsadüfi deyil. Çünki 100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar, indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyirinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi. Şuşa Bəyannaməsinin önəmi həm də ondan ibarətdir ki, bu sənəd heç bir ölkəyə qarşı deyil, əksinə regionda daimi sülhün, sabitliyin bərqərar olmasına yönəldilib. Sənəddə də göstərildiyi kimi, yalnız hər iki ölkəyə qarşı xaricdən müdaxilələr olacağı təqdirdə birgə əməliyyatlar keçiriləcək, bir-birinə hər cür dəstək verəcəklər. Bu, həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına uyğundur. Şuşa Bəyannaməsinin imzalanmasından keçən müddət ərzində Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün kifayət qədər işlər görülüb. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı meqalayihələrə start verilib. Region dövlətləri arasında münasibətlərin normallaşdırılması istiqamətində Türkiyə və Azərbaycanın birgə təşəbbüsləri deyilənlərə ən parlaq nümunədir. Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyətə başlaması da bu qəbildəndir. Rusiyanın da bu prosesə daxil edilməsi isə regionda sülhün bərqərar olunmasının təsir mexanizmini artırmağa hesablanıb.

Bəli, Şuşa Bəyannaməsinin sülhyönümlü olması mübaliğəsizdir. İki qardaş ölkə arasında müttəfiqliyin bu sənəd vasitəsilə bir daha təsdiqlənməsi qonşularının da xeyrinədir. Çünki nə Türkiyə, nə də Azərbaycan təcavüzkardır, hər iki ölkə BMT tərəfindən tanınmış və bütün beynəlxalq sənədlərdə təsdiq olunmuş sərhədlərinə sahib olmaq və qonşularının da ərazi bütövlüyünə hörmətlə yanaşmaq, mehriban qonşuluq şəraitində yaşamaq istəyindədir. 30 il idi ki, beynəlxalq güclər Cənubi Qafqaz regionunu özlərinin haqq-hesab poliqonuna çevirmişdilər. Məhz Türkiyə ilə Azərbaycanın birgə səyi ilə regionda faşizmin kökü kəsildi, uzun illər erməniləri də normal yaşayışdan məhrum etmiş rejim tarixin arxivinə atıldı. Sülhə məcburetmə nümunəsi Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədə özünü tam olaraq təsdiq etdi. Azərbaycan Ermənistandakı faşist rejimi məğlub etmədi, həm də regiona uzunmüddətli sülh gətirdi.

TÜRKİYƏ PREZİDENTİ: "ŞUŞA BƏYANNAMƏSİ İLƏ ƏLAQƏLƏRİMİZDƏ YENİ BİR DÖNƏM BAŞLATDIQ"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəm başlayıb: "Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha bu cür fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlərimizi alırıq. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq".

ŞUŞA BƏYANNAMƏSİ ERMƏNİSTANA VƏ ONUN HAVADARLARINA BİR MESAJ İDİ

Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı. Xüsusən, Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər paradında Prezident İlham Əliyevlə yan-yana dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Və Azərbaycan ilə Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanan tarixi Şuşa Bəyannaməsi bütün dünyaya bir mesaj olaraq Türkiyə-Azərbaycan, "sevinci və kədəri bir" olan, "bir millət, iki dövlət"in qardaşlıq birliyinin gücünü göstərdi və artıq reallıqla barışmaq və gələcəyə baxmaq lazımdır.

ŞUŞA BƏYANNAMƏSİ BÜTÜN DÜNYANIN BARIŞMALI OLDUĞU TARİXİ GERÇƏKLİKDİR

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir. Çünki bu gün Azərbaycanla Türkiyə arasındakı münasibətlərin dünyada analoqu yoxdur. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstəyi və qazanılan zəfər regionda yeni reallıqlar yaratdı. Bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının təntənəsinin şahidi oldu. Bu baxımdan, Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Həmçinin, imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasında münasibətlərin ən yüksək zirvəyə çatmasının göstəricisidir. Eyni zamanda, Şuşa Bəyannaməsi Ermənistana və onun havadarlarına da mesajdır. Türk dünyasının iqtisadi, siyasi və mədəni birliyi bu bəyannamə ilə daha da sarsılmaz olacaq. Türkiyə və Azərbaycan arasındakı imzalanmış Şuşa Bəyannaməsi ilə təkcə iki qardaş ölkəni deyil, bütün türk dünyasını, eləcə də Şərqlə Qərbi birləşdirəcək Zəngəzur dəhlizinin açılması qətiləşdi və bu proses sürətləndiriləcək. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır. Regionumuz bu iki türk dövlətinin təşəbbüsləri ilə inkişaf edəcək. Bu isə o deməkdir ki, gələcəkdə bölgədə süni münaqişələrin yaradılması və ya alovlandırılması da daha mümkün olmayacaq. Şuşa Bəyannaməsi bölgədə sülh, sabitlik və firavanlıq üçün güclü bir çağırışdır. Və Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqlarımızıın milli maraqlarını müdafiə edərək, onun mənafelərinin təmin olunması istiqamətində müstəqil xarici siyasət yürüdən iki böyük liderdir. Azərbaycanla Türkiyənin dünyada gedən proseslər haqqında mövqeləri üst-üstə düşür, bundan sonra da bu iki liderin rəhbərliyi altında iki dövlət BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birilərinə qarşılıqlı dəstək verəcəklər. Bu Bəyannamə Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu, Ermənistanda revanşizmin və Qars müqaviləsinin ləğvi barədə iddiaların səsləndirildiyi, bəzi dövlətlərin regionda yenidən qarışıqlıq yaratmaq istədikləri bir zamanda Şuşa Bəyannaməsinin imzalanması düşmənlərimizə göz dağı verməklə yanaşı, həm də Azərbaycanın gücünün, qüdrətinin nə qədər böyük olduğunu bir daha göstərdi.

TÜRKİYƏ PREZİDENTİ RƏCƏB TAYYİB ƏRDOĞAN: "BİZİM GÜCÜMÜZ AZƏRBAYCANIN GÜCÜDÜR"

"Pandemiyaya baxmayaraq, kənd təsərrüfatından enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə qədər hər sahədə əməkdaşlığımızı inkişaf etdirmək üçün birgə səylərimizi qətiyyətlə davam etdiririk. Bütün bunlardan başqa, müdafiə sənayesi sahəsində əlaqələrimizi texnologiya transferi və birgə istehsal layihələri ilə daha da gücləndiririk". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatlarının önəmini xüsusi vurğulayan Türkiyə Prezidenti deyib: "Müdafiə sənayesi sahəsində əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Bu fərqli inkişafla yanaşı, Azərbaycan bir bazar deyil, eyni zamanda, bu prosesdə istehsal mərkəzi olma imkanı da əldə edəcək. Bizim gücümüz Azərbaycanın gücü, Azərbaycanın gücü də bizim gücümüzdür". Bəli, bu gün Türkiyə-Azərbaycan, "Bir millət, iki dövlət"i rəsmiləşdirən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi - Azərbaycan-Türkiyə "Bir millət, iki dövlətdir!". Və Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa Bəyannaməsini imzalamaqla hər zaman Azərbaycanın yanında olacağını rəsmən elan etdilər. Bu, tarixi hadisədir və xalqlarımızı qürurlandırır, gücümüzü artırır, birliyimizi möhkəmləndirir və dövlətlərimizi daha böyük uğura aparır. Bir sözlə, tarixi Şuşa Bəyannaməsi iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Dövlət başçımızın dediyi kimi: "Bu gün müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı öz-özlüyündə hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək işbirliyimizin təminatıdır".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
1
sia.az

2Mənbələr