AZ

Fernandu Santuş Azərbaycan millisi ilə uğurlu ola bilər?

Fernandu Santuşun Azərbaycan millisinə təyin olunması futbolsevərləri iki hissəyə ayırıb. Portuqaliyalı mütəxəssis xatirələrdə öz ölkəsinin millisi ilə qazandığı nailiyyətlərlə yadda qalsa da, bir tərəfdən də Türkiyənin "Beşiktaş" klubundakı uğursuz dönəmi narahat edir.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən Fernandu Santuşun qarşısına məqsəd olaraq 2028-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış qoyulub. Əlbəttə, Fernandu Santuş Kriştianu Ronaldu, Kuarejma, Pepe kimi bir çox dünya ulduzları ilə birlikdə işləmiş və Avropa çempionu titulu qazanmış mütəxəssis kimi Azərbaycan millisinə də uğurlar qazandıra bilər. Ancaq bu məsələ bir az düşündürücüdür. Çünki portuqaliyalı çalışdırıcının 70 yaşı var və sadəcə, müdafiə xarakterli oyuna üstünlük verir.
Baş məşqçinin indiyədək çalışdırdığı komandalara və uğurlarına nəzər yetirək.
O, 1987/88 mövsümündə "Eştoril"də köməkçi məşqçi olub. 1994-98-ci illərdə "Estrela da Amadora"ya rəhbərlik edib. Tanınmış mütəxəssisin uğurları məhz bundan sonra başlayıb. O, 1998/99 mövsümündə "Portu" ilə Portuqaliya çempionu olub. 1998 və 1999-cu illərdə ölkə Superkubokunu qazanıb. 1999/2000 və 2000/2001 mövsümündə isə ölkə kubokuna sahib çıxıb.
Santuş daha sonra ölkədən kənarda uğurlu çıxışla yadda qalıb. Mütəxəssis 2001/2002 mövsümündə AEK-i Yunanıstan çempionu edib. Daha sonra "Panatinaikos" (2022), "Sportinq" (2003/04), AEK (2004-2006), "Benfika" (2006/2007), PAOK (2007-2010) və Yunanıstan millisində (2010-2014) işləsə də, titul əldə edə bilməyib.
2014-2022-ci illərdə ölkəsinin yığmasına rəhbərlik edib. Portuqaliya millisi tarixində ilk Avropa çempionluğunu da məhz bu baş məşqçi ilə əldə edib. Yığma 2016-cı ildə Fransada təşkil olunan turnirdə qızıl medallara yiyələnib. 2018/19 mövsümündə isə UEFA Millətlər Liqasında qalib olub. Bundan əlavə, Portuqaliya yığması 2017-ci ildə Konfederasiyalar Kubokunda bürünc mükafata da sahib çıxıb. Santuş son iki işində isə uğursuzluqları ilə yadda qalıb. Tanınmış mütəxəssis 2023-cü ildə Polşa millisində, 2024-cü ildə isə Türkiyənin "Beşiktaş" klubunda çalışıb.
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
50
oxu.az

10Mənbələr