AZ

Rusiya xaricdən 1 milyard dollarlıq çip alıb- ABŞ yeni qadağalar hazırlayıb

Vaşinqton yarımkeçirici çiplərin ABŞ texnologiyası və ya avadanlığı ilə istehsal edildiyi təqdirdə üçüncü ölkələr vasitəsilə Rusiyaya tədarükünü qadağan edəcək.

Azpost.info xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Bloomberg”ə bildiriblər.

Mənbənin sözlərinə görə, sanksiyalar çip istehsalçıları və satıcıları üçün ixrac lisenziyalarına yeni tələblər təqdim edəcək. Hər dəfə satışdan əvvəl onlar ABŞ Ticarət Nazirliyinə lisenziya almaq üçün müraciət etməli və daşınmanın hərbi məqsədlər üçün nəzərdə tutulmadığını sübut etməli olacaqlar.

Eyni zamanda, Birləşmiş Ştatlar üçüncü tərəf satıcılarını müəyyənləşdirəcək və onlara ABŞ istehsalı olan çipləri Rusiyaya göndərməyin qadağan olunduğu barədə xəbərdarlıq edəcək.

Rusiya ilə işləməyə davam edən mikroelektronika və çip satıcılarının əksəriyyəti Çində yerləşir. Agentliyin məlumatına görə, Rusiya təkcə ötən il 1 milyard dollar dəyərində qabaqcıl çiplər idxal edib ki, Moskva onlardan döyüş meydanında raketlər və digər kritik silahlar üçün istifadə edə bilər.

Vaşinqton Rusiyaya çiplər tədarük etməkdə şübhəli bilinən səkkiz Honq-Konq şirkəti qara siyahıya salmağı planlaşdırır. ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi yeni məhdudiyyətlərin hazırlandığını təsdiqləyib. Onun sözlərinə görə, sanksiyalar Rusiyaya Ukraynaya qarşı müharibədə istifadə üçün mal almağa kömək edən şirkətləri və şəbəkələri hədəf alacaq.

Azpost.info

 

Seçilən
141
azpost.info

1Mənbələr