AZ

"Uniper" Azərbaycanla əlavə qaz tədarükünü müzakirə etməyi planlaşdırır - Mixael Hilmer

"Uniper" Azərbaycandan qaz tədarüklərini artırmaq imkanlarını müzakirə etməyi planlaşdırır.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə özəl müsahibəsində "Uniper" şirkətinin vitse-prezidenti Mixael Hilmer deyib.

"Azərbaycan Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsi üçün mühüm ölkədir. "Uniper" "Şahdəniz-2" yatağından təbii qazın alıcısı kimi Azərbaycandan Avropaya qaz tədarüklərini asanlaşdırmağa kömək edir. Hazırda "Uniper" üçün əsas məsələlərdən biri tədarüklərin təhlükəsizliyinin təmin edilməsi və portfeldə enerji axınlarının şaxələndirilməsidir. SOCAR-ın əsas oyunçulardan biri olduğu Azərbaycan etibarlı və sabit tədarüklər baxımından özünü çox etibarlı tərəfdaş olaraq təsdiqləyib. Xüsusən Cənub Qaz Dəhlizinin ixrac imkanlarının ikiqat artırılması planı çərçivəsində Azərbaycan və Avropa Komissiyası arasında 2022-ci ilin ortalarında imzalanan strateji enerji tərəfdaşlığın fonunda bu qazın tədarüklərinin potensial artımını müzakirə etməyi səbirsizliklə gözləyirik", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, dekarbonizasiya və enerji keçidi də "Uniper" və SOCAR-ın ümumi fəaliyyət istiqamətləridir və hər iki şirkət görüşlər, seminarlar təşkil etməklə və obyektləri ziyarət etməklə müxtəlif təşəbbüslərdə fəal iştirak edir.

"Karbon neytrallığı sahəsində qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün əməkdaşlığımızı genişləndirməyə hazırıq. "Uniper" və SOCAR 2008-ci ildən əməkdaşlıq edir. 2014-cü ildə SOCAR və "Uniper" rəsmi əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilə bütünlükdə texnologiya, enerji biznesi və personalın idarə olunması üzrə aparıcı təcrübə mübadiləsini nəzərdə tutur", - deyə vitse-prezident qeyd edib.

Mixael Hilmer həmçinin qeyd edib ki, hazırda "Uniper" və SOCAR arasında əməkdaşlığın əsas mövzularını enerji səmərəliliyi, enerji keçidi və dayanıqlı inkişaf, bərpa olunan enerji mənbələri və ekoloji cəhətdən təmiz yanacaq, o cümlədən STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) və liderlik sahəsində qadınlar təşkil edir.

Bundan başqa, vitse-prezident Hilmer əlavə edib ki, "SOCAR-Uniper" MMC hazırda enerji səmərəliliyinin təkmilləşdirilməsi və artırılması üzrə ilk layihənin icrasını başa çatdırır.

"Əsas məqsəd enerji səmərəliliyi sahəsində birgə layihələrin həyata keçirilməsidir. Hazırda birgə müəssisə Sumqayıtda "Azərikimya" İB-də yerləşən buxar generatoru kompleksinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üzrə ilk layihənin icrasını başa çatdırmaq üzrədir", - vitse-prezident deyib.

Onun sözlərinə görə, hazırda zavod etilen istehsal edən zavodu buxar və elektrik enerjisi ilə təmin edir.

"Yeni buxar turbininin quraşdırılması və mövcud enerji bloklarının modernləşdirilməsi elektrik istehsal gücünün 52 MVt artmasına və enerji səmərəliliyinin əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olacaq", - deyə Mixael Hilmer açıqlayıb.

Bütünlükdə şirkətin vitse-prezidenti SOCAR ilə "Uniper" arasında bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.

""Uniper" və SOCAR hər ikisi karbon qazı emissiyalarının azaldılması üzrə məqsədlərinə nail olmaq üçün özlərinin əsas bazarlarında bərpa olunan enerji portfelini inkişaf etdirən şirkətlərdir. Azərbaycanda Avropaya ekoloji cəhətdən təmiz elektrik enerjisi ixrac etmək niyyəti ilə bərpa olunan enerji sahəsində nə qədər layihələrin hazırlanması heyrətamizdir", - o deyib.

Vitse-prezident qeyd edib ki, SOCAR Azərbaycanda 1 GVt gücündə bərpa olunan enerji layihəsinə qoşulmaqla bağlı səhmdar sazişinin imzalandığını yeni bəyan etdiyindən, "Uniper" Polşada 600 MVt gücündə quruda külək enerjisi layihəsinin inkişafı üzrə tərəfdaşlığa yenicə daxil olub.

""Uniper" 2030-cu ilədək əsas Avropa bazarlarını hədəf almaqla, quruda 10 GVt gücündə külək və günəş elektrik stansiyaları inşa etməyi planlaşdırır", - Hilmer vurğulayıb.

O həmçinin deyib ki, "Uniper" hazırda ekoloji cəhətdən təmiz hidrogenin saxlanması üçün Almaniyanın şimalındakı keçmiş təbii qaz anbarından istifadə imkanını sınaqdan keçirir.

"2030-cu ilə qədər ümumi 250-600 GVt/saat gücündə qaz hasilatı planlaşdırılır", - o deyib.

Eyni zamanda, "yaşıl" hidrogen də "Uniper" və SOCAR arasında əməkdaşlıq çərçivəsində bilik mübadiləsinin mövzusu olub.

""Uniper" üçün hidrogen dekarbonizasiya və enerjiyə keçid strategiyasının mühüm komponentidir. 2023-cü ilin avqustunda "Uniper" "Enerji keçidinin sürətləndirilməsi - çevik, balanslaşdırılmış, fərdi" adlı yeni strategiyasını dərc etdi. "Uniper" iqtisadi artım və enerji transformasiyasına mühüm vəsait yatırmaqla 2040-cı ilədək karbon neytrallığına nail olmaq istəyir", - o deyib.

Vitse-prezidentin sözlərinə görə, planlara 15-20 QVt gücündə elektrik enerjisi istehsalının inkişafı daxildir ki, bu da 2030-cu ilə qədər 80 faiz ekoloji olacaq.

"Bundan başqa, "Uniper" Avropaya qaz tədarüklərinin təhlükəsizliyini artırmaq üçün qaz portfelini şaxələndirir. Şirkət 2030-cu ilə qədər portfelinin 5-10 faizinin təmiz qazlardan, o cümlədən təmiz hidrogen, onun törəmələri və biometandan ibarət olmasına çalışır", - o deyib.

O qeyd edib ki, bu məqsədə ekoloji cəhətdən təmiz elektrikdən hidrogen hasil etmək üçün gücü 1 QVt-dan çox olan elektrolizatorun tikintisi, ekoloji cəhətdən təmiz hidrogen və onun törəmələri, eləcə də biometan çeşidlərinin hazırlanması ilə nail olunacaq. "Bunlar "Uniper"in atdığı bəzi addımlar olmaqla gələcək enerji böhranlarının zərərli təsirlərini məhdudlaşdırmağa imkan verəcək", - o deyib.

"Dekarbonizasiya əksər enerji şirkətlərinin hazırkı işləmələri və fəaliyyətlərində əsas mövzulardan biridir. Bunu burada forumda, müxtəlif təqdimatlarda və ictimai elanlarda görmək mümkün idi. Lakin Avropada enerji böhranı zamanı baş verənlər fonunda tədarüklərin təhlükəsizliyi və diversifikasiya getdikcə daha mühüm mövzulara çevrilir. Əksər enerji bazarlarının üzləşdiyi əsas problemlərdən biri mövcud və yeni enerji növlərinin inteqrasiyasıdır. Bu baxımdan, "Uniper" və SOCAR-ın bir-birinin təcrübəsini mənimsəyə biləcəyi bir çox sahələr olacaq", - deyə o əlavə edib.

Bu arada vitse-prezident Hilmer xatırladıb ki, "Uniper" 5-6 iyun tarixlərində keçirilən 29-cu Bakı Enerji Forumunun bürünc sponsoru qismində Qaz dialoqu: Enerji böhranı zamanı qaz təchizatının rolu" mövzusunda sessiya keçirib.

"Bakı Enerji Forumu Azərbaycanda və regionda fəaliyyət göstərən əsas yerli maraqlı tərəflər və beynəlxalq biznes ictimaiyyəti ilə əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən tədbirdir. Bundan başqa, forum neft-qaz sektorunda yeni işləmələr, o cümlədən dekarbonizasiya, bərpa olunan enerji mənbələri və ölkədə enerji keçidi üzrə layihələr brədə əla məlumat mənbəyidir. Bütün bu mövzular "Uniper"in enerji keçidinin sürətləndirilməsi üzrə yeni strategiyasının icrasında böyük əhəmiyyət kəsb edir", - vitse-prezidenti Mixael Hilmer sonda deyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
2
day.az

3Mənbələr