AZ

Qohum evlilikləri QADAĞAN EDİLİR - Bu şəxslərlə evlənənlər məsuliyyətə cəlb olunacaq...

Azərbaycanda nikahın bağlanmasına mane olan hallar artırılır.


Bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.


Azərbaycanda nikahın bağlanmasına mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu daxil edilir.


Qeyd edilib ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.


Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.


Bu qanun layihəsi effektiv olacaq? Belə bir qanun layihəsinə ölkədə nə qədər ehtiyac var?  


Sosioloq Elçin Bayramlı Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bu haqda danışıb.




“Olduqca təqdirəlayiq təklifdir. Bu problem Azərbaycanda hər qədər də son illərdə azalmış olsa da, tam olaraq aradan qalxmır. Bu problemin mənfi cəhətləri həm özünü sosial-mənəvi baxımdan göstərir, həm də ailənin sağlamlığı və bioloji cəhətdən göstərir. Elmi olaraq sübut olunub ki, yaxın qohumların ailə qurması ciddi problemlərə səbəb olur. Bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Digər tərəfdən bu mənəvi cəhətdən də qəbulolunmazdır. Çünki xalaqızı, əmiqızı və s. şəxslər qardaş-bacı statusunda sayılır. Buna görə də onların evlənməsi mənəvi və psixoloji baxımdan qəbul edilməzdir”.


Ekspert bildirib ki, elmi olaraq sübut olunub ki, qan qarışması, hətta başqa xalqlardan olan şəxslərin ailə qurması daha sağlam, daha istedadlı, daha uzunömürlü insanların dünyaya gəlməsi ilə nəticələnir.


“İllərdir müşahidə edirik ki, Azərbaycan cəmiyyətində maarifləndirmə, təbliğat heç bir nəticə vermir. Buna görə də bu təklif, təklif kimi qalmasa yaxşı olar. İnzibati qaydada bu məsələyə müdaxilə etmək lazımdır. Bir məsələ ki cəmiyyətə fayda vermir ona qadağa qoyulmalıdır. Bununla yanaşı təbii ki, həm həkimlər, həm də ziyalılar tərəfindən də vətəndaşlara izah olunmalıdır”.


Elçin Bayramlı vurğulayıb ki, bu qanun layihəsi bir baxımdan insan hüquqlarına zidd kimi görünə bilər lakin insan hüquqları da məntiqi çərçivədə olmalıdır. Bu nüans milli genefondumuza zərər vurduğu üçün qanun layihəsinin qəbulu vacibdir. 


Fidan Vəlisoy 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
20
referans.az

10Mənbələr