AZ

Fransa tarixində ilk: “Belə uğursuzluq nə prezident, nə də parlament seçkisində…”

Avropa Parlamentində bazar günü keçirilən seçkilərdə ifrat sağ partiyalar əhəmiyyətli nəticə əldə edib. Bu da Aİ-nin gələcək siyasi istiqamətinə qeyri-müəyyənlik əlavə edir. Seçki günü keçirilən sorğulara əsasən, mərkəzçi, liberal və sosialist partiyalar 28 yer itirməklərinə baxmayaraq, 720 yerlik parlamentdə çoxluğu qoruyub saxlayacaq. Fransada Marin Le Penin ifrat sağçı partiyası prezident Emmanuel Makron partiyasından daha yaxşı nəticə göstərib. Makron, seçki nəticəsinin onun hökuməti üçün acınacaqlı olduğunu və gözardı edə bilməyəcəyini deyib. Bu hal Makaronu növbədənkənar milli seçki çağırmağa vadar edib. Əgər Le Penin Milli Toplantı partiyası parlament çoxluğunu qazanarsa, Makronun daxili siyasətə təsiri əhəmiyyətli dərəcədə azalacaq. Avropa Parlamenti seçkilərinin nəticələri Olaf Şolz üçün də ağır olub. Onun Sosial Demokratlar partiyası əsas mühafizəkarlar və ifrat sağçı - Almaniya üçün Alternativ partiyası qarşısında zəif nəticə göstərib. Bu arada, exit-poll nəticələri həm də onu göstərib ki, İtaliyanın Baş naziri Giorgia Meloninin mövqeyi güclənib və onun mühafizəkar İtaliya Qardaşları partiyası önə çıxıb.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Bakivaxti.az-a deyib ki, Avropa Parlamentində seçkinin nəticələri heç də gözlənilməz olmadı. 

Analitik vurğulayıb ki, əsas ölkələrdə siyasi hakimiyyətləri təmsil edən partiyaların çoxu məğlub olacaqlar. Lakin bu məğlubiyyətin miqyası ciddi şəkildə görünmürdü: 

"Avropa Parlamentinə keçirilən seçkilər göstərdi ki, Avropada milli identikliklə bağlı xalqlar arasında ümumi həmrəylik nümayiş olunur. İndiyədək Qərbi Avropanın bəzi ölkələrində ultra-sağçıların siyasi proseslərdə geniş şəkildə təmsil olunduğunu görürdüksə, artıq Şərqi Avropada, Balkanlarda bunu müşahidə edirik. Bəs, səbəbi nədir? Niyə ultra-sağçılar əksəriyyətin səsini qazana bildilər? Rusiya-Ukrayna müharibəsi Avropada ciddi təsirlərini göstərməyə başlayıb. Qitə ölkələrində qiymət artımları görünür. Aropalılar siyasi hakimiyyətlərə öz etirazlarını bu səsvermə ilə bildirdilər. O ki qaldı Fransaya, Fransada iki xanım Fransa prezidenti Emanuel Makronu üstələdi. Onlardan biri Marin Le Pendir. Fransa tarixində ilk dəfədir ki, hakim partiyanı təmsil edənlər 15 faizdən az səs topladılar. Belə bir uğursuzluq nə prezident, nə də parlament seçkisində olmuşdu. Digər şəxs isə Ursula von der Leyendir. O, Azərbaycanla enerji siyasəti apardığına görə, Makron tərəfindən tənqid edilirdi. Lakin onun partiyası mütləq çoxluğu qazandı".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
42
bakivaxti.az

10Mənbələr