AZ

Azərbaycan ilə Misir arasında ənənəvi dostluq əlaqələri mövcuddur

Dünya ölkələri ilə sıx əməkdaşlığa daim töhfə verən ölkəmiz Misirlə də qarşılıqlı hörmətə və etibara əsaslanan əlaqələr qurub. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin təşəbbüsləri qlobal əhəmiyyət kəsb edir və hər zaman dövlətlərarası dialoqun və əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.

Azərbaycan Avropa və Asiya arasında nəqliyyat – kommunikasiya yollarının və ticarət əlaqələrinin inkişafında aparıcı rol oynayır, ölkəni əsas nəqliyyat qovşağına çevirir. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ikitərəfli münasibətlərin əhəmiyyətini təsdiqləyən və əməkdaşlıq üçün yeni imkanlar  açan mühüm hadisə ilə yadda qaldı. Bu səfər mövcud əlaqələri möhkəmləndirməklə yanaşı, müxtəlif sahələrdə tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün möhkəm zəmin yaratdı. Yüksək səviyyəli görüşlər və danışıqlar Bakı ilə Qahirə arasında əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş yeni təşəbbüslərin müzakirəsi və həyata keçirilməsi üçün növbəti təkan oldu.

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 7-8-də Misirə rəsmi səfəri isə ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini təsdiqlədi, onların daha da möhkəmləndirilməsi və genişləndirilməsinin zəruriliyini sübut etdi. Bu əlaqələr regional və beynəlxalq siyasətdə mühüm rol oynayır. Xatırladaq ki, 2023-cü ilin yanvarında Misir Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycana səfər etmişdi. İki lider arasında keçirilən görüşün yekunu olaraq bir sıra sənədlər imzalanmışdı. Əs-Sisinin ötənilki Bakıya və dövlət başçımızın Qahirəyə səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcını qoyan əlamətdar hadisələrə çevrildi. Bu səfərlər iki ölkənin əməkdaşlığı dərinləşdirmək və qarşılıqlı fəaliyyət dairəsini genişləndirmək əzmində olduğunu nümayiş etdirdi. Bu səfərlər zamanı keçirilən sammit görüşləri siyasi, iqtisadi və mədəni əməkdaşlığa dair geniş spektrli məsələlərin müzakirəsi üçün unikal imkan yaratdı. Azərbaycanın dövlət başçısının mətbuat konfransı zamanı qeyd etdiyi kimi, son vaxtlar Azərbaycan və Ermənistan, dövlət sərhədlərinin müəyyənləşdirilməsində müəyyən irəliləyişlər əldə ediblər. Ermənistanla Azərbaycan arasında münaqişənin həlli bir neçə səbəbə görə Misirin maraqlarına cavab verir.

Misir Yaxın Şərq və Cənubi Qafqaz regionunda sabitlikdə maraqlıdır. Münaqişənin həlli gərginliyi azaltmağa və təhlükəsizliyin yaxşılaşdırılmasına kömək edir ki, bu da regional və beynəlxalq sabitlik üçün vacibdir. Regionda sülh müştərək infrastruktur layihələri, nəqliyyat dəhlizləri və Misir də daxil olmaqla, bütün iştirakçı ölkələrin iqtisadi artımına töhfə verə biləcək digər təşəbbüslər üçün imkanlar açır.Misirin dəstəyi ilə Azərbaycan dörd il Qoşulmama Hərəkatına rəhbərlik edib. Bu sədrlik nəticəsində Qoşulmama Hərəkatı daha geniş imkanlar əldə etdi. Ölkəmiz münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa hörmət kimi qlobal məsələlərə diqqət yetirmişdir. Azərbaycan üzv ölkələr arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bir sıra tədbirlər və konfransların təşəbbüskarı olmuşdur. Azərbaycan Qoşulmama Hərəkatının müstəqillik, suverenlik və digər dövlətlərin daxili işlərinə qarışmamaq kimi fundamental prinsiplərinə sadiqliyini nümayiş etdirir. Səfər zamanı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları,   “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.  Görüşdə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd vurğulandı.  Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. COP27-yə ev sahibliyi etmək təcrübəsi olan Misir öz bacarıqlarını həvəslə ölkəmizlə bölüşür.

Hamıya məlumdur ki, Azərbaycan müsəlman ölkələrinin beynəlxalq təşkilatlarda və forumlarda rolunun gücləndirilməsinin tərəfdarıdır, qlobal gündəliyin əsas məsələləri üzrə vahid və əlaqələndirilmiş mövqenin formalaşmasına töhfə verir. Məhz belə səylər sayəsində Azərbaycan ədaləti və beynəlxalq hüquq prinsiplərini dəstəkləyən etibarlı tərəfdaş və beynəlxalq arenada mühüm iştirakçı  kimi özünü təsdiq etmişdi.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
2
ikisahil.az

3Mənbələr