AZ

Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsində

Azərbaycanla Misir arasında sosial, siyasi və iqtisadi əlaqələrin tarixi qədimdir. Dünya ölkələri ilə sıx əməkdaşlığa daim töhfə verən ölkəmiz Misirlə də qarşılıqlı hörmətə və etibara əsaslanan əlaqələr qurub. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ilə Misir Prezidenti Hüsnü Mübarək arasında dostluq münasibətləri əməkdaşlığımızın inkişafı üçün yaxşı zəmin yaradıb. Bu gün bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Misir Ərəb Respublikasına rəsmi səfərə gəlib. İki ölkə arasındakı münasibətlərin növbəti mərhələsi kimi qiymətləndirilən səfər müəyyən məqamlarla yadda qaldı. Prezident İlham Əliyevin Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək və geniş tərkibdə görüşü oldu. Görüşdən sonra hər iki ölkə lideri mətbuata bəyanatlarla çıxış etdi. Azərbaycan-Misir arasındakı səmərəli əlaqələrin sıx bağlılığı vurğulanaraq, gələcəkdə də etibarlı əməkdaşlığın davam etdiriləcəyi qeyd edildi. Səfər zamanı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları,   “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.  

Görüşdə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd vurğulandı.  Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Bu gün Azərbaycan-Misir münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyması hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.  

Toğrul Məmmədli,

Öncəqala kənd tam orta məktəbinin direktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
2
ikisahil.az

3Mənbələr