AZ

Avropa Parlamentinə seçkilər: Fransa hakimiyyətinin “rəzalət” elegiyası

Bəli, Avropa Parlamentinə seçkilərin nəticələri Fransa Prezidenti Emmanuel Makronun sonunun başlandığından xəbər verir. Belə ki, onun rəhbərlik etdiyi “İntibah” partiyası cəmi 14,7 faiz səs toplayıb ki, bu, əsl rüsvayçılıqdır. Ən maraqlısı isə prosesdə Makrona rəqib milliyətçi Marin Le Penin “Milli birlik” partiyasının 31,5 faiz səs toplamasıdır. 
Həqiqətən də ortada son dərəcə biabırçı mənzərə var. Əslində, bu nəticədən sonra Makron gərək istefa verib siyasi səhnədən tamamilə uzaqlaşsın. Amma bunu edə bilməyəcək dərəcədə vəzifə düşkünüdür. Adam, belə demək mümkünsə, siyasi şizofrenik durumdadır. İddiası o qədər böyükdür ki, populistcəsinə bunu Fransanın maraqlarına xidmət kimi təqdim etməkdən çəkinmir. 
Bəli, bu adamın oxuduğu, dövlət idarəçiliyindən anladığı, yaxşı halda, Napoleon Bonapartın həyatıdır. Hərçənd, ikinci özünün ambisiyası naminə Fransanı nə qədər çətin duruma salsa da, onun tarixdə müəyyənləşmiş yeri və rolu danılmazdır. Makron bu baxımdan da tam qısırdır. O, dövləti qoruyub saxlamaq əzmini Napoleonun Lionda əksiqilabçıları top atəşinə tutması kimi, yəni qəddarlıqda görür. Ona görə Fransada etirazçılara qarşı amansız metodlar işə salınır. 
Napoleonun müharibələrinə gəlincə, onun Avropanı işğal üzərində qurulmuş avantürasının ölkəyə necə baha başa gəldiyi məlumdur. Əgər həmin vaxt xarici işlər naziri Taleyranın diplomatik məharəti olmasaydı, Fransa indiki ərazilərinə sahib ola bilməyəcəkdi. Taleyran məğlub Fransanı danışıqlar masasından itkisiz, daha doğrusu, çox cüzi itki ilə çıxarmağı bacarmışdı. Görünür, Makron dünya diplomatiyasının partiarxı sayılan Taleyran haqqında heç nə oxumayıb. Görünür, bu səbəbdən Rusiya Prezidenti Vladimir Putin ötən il ona Napoleonun aqibətini yada salmağı məsləhət görmüşdü. 
Ancaq Makron o qədər avantüristdir ki, yalnız keçmişin sabun köpüyünə əsaslanmış səhnələrindən dərs götürür. Əslində o, daxildəki uğursuzluğunu xaricdə, guya, qlobal fəaliyyət görüntüsü formalaşdırmaqla aradan qaldırmaq istəyir. Bunun bir adı var – gözdən pərdə asmaq. Halbuki, Napoleonu mövcud anlamda tam laqeyd qiymətləndirmək doğru olmazdı. Məsələ burasındadır ki, o, bu gün də Avropa və bütövlükdə dünya üçün vacib əhəmiyyət daşıyan mülkiyyətin toxunulmazlığı məsələsini önə çəkmiş, qanuniləşdirmişdi. Razılaşaq ki, bu, bəşəriyyət üçün, kifayət qədər, böyük xidmətdir. 
Bəli, Makron ancaq xariclə bağlı sərsəm planlar qurur. O, elə bilir ki, Fransa dünyada hegemon mövqeyə sahibdir. Öz aləmində həmin hegemonluq üçün yeni praktik istiqamətlər müəyyənləşdirir. Onun planlarının mühüm tərkib hissəsini isə Cənubi Qafqaz təşkil edir. Fransa prezidenti Ermənistan vasitəsi ilə bu region üzərindən gərginlik yaradır, siyasi dividendlər əldə etməyə çalışır və Cənubi Qafqazdan Mərkəzi Asiyaya çıxmağı düşünür. Adamın baxışlarında hər şey su içimi kimi şeydir. Çünki düşüncəsi dayaz, bəsit və primitivdir.
Dəyişən dünyanın reallıqlarını görə bilməmək Makron Fransasının hazırkı rəzillik trayektoriyasındakı ən mühüm məqamdır. Belə bir misal var: deyirlər ki, tarixi şəxsiyyətlər dünyanın axarını dəyişmirlər, yalnız baş verə biləcək siyasi prosesləri ya tezləşdirir, ya da gecləşdirirlər. Bu gün dünya Fransa amilini saymazdan gəlir. Ölkənin bəxti onda gətirməyib ki, ona rəhbərliyi Makron edir. Çünki bu dövlət başçısının işi iflas gerçəkliyini tezləşdirməkdir. Halbuki, Fransanın dünyada Makrona qədərki rolu iflasla üzləşməmə reallığını da doğura bilərdi. 
Baxın, 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsində atəşkəsin əldə edilməsinə o zamankı Fransa prezidenti Nikola Sarkozi nail olmuşdu. Sarkozinin özü də bir o qədər həlledici füqur sayılmasa da, bunu bacarmış, qan tökülməsinin qarşısını almışdı. Ən azından həmin zaman kəsiyi üçün çox aqressiv davranan Rusiyanı nəyəsə inandırmağı bacarmışdı. Bu, adi nəticə deyildi. İndi Makronun belə bir missiya yerinə yetirməsini təsəvvürə gətirin. Əlbəttə, tam qeyri-mümkündür. 
Makron dünyada elə görüntü yaradır ki, guya, kollektiv Qərbin maraqlarından çıxış edir. O Qərbin ki, hazırda anti-Rusiya ovqatına köklənib. Fransanın dövlət başçısı bu köklənişdə ölkəsini orta əsr cəngavərləri ampluasında göstərir. İstəyir ki, saxtakarlıqla həm Fransanın, həm də Avropanın ictimai rəyini aldatsın. Əslində, onun öz yarıtmazlığını və səriştəsizliyini sığortalamağa hesablanmış gedişini hamı yaxşı anlayır. Ona görə də Qərbin digər oyunçuları susqundurlar. Onlar, ümumən, anti-Rusiya ovqatında olsalar da, gözəl dərk edirlər ki, Makronun etdikləri başını divara vurmaq kimi şeydir. Sadəcə, səhnəni seyr edirlər. Fransa prezidentinin daha hansı avantürist gedişlər etməsini gözləyirlər. Göləyirlər ki, obrazlı desək, Fransanın başı partlasın. Amma öz işlərini də görürlər. Avropa Parlamentinə seçkilərin nəticələri bunu deməyə əsas verir.
Bəli, Avropa Parlamentinə seçkilər “köhnə qitə”nin ictimai rəyinin Fransaya etimad göstəricisidir. Daha doğrusu, Makron Fransasına. O da aydın göründü ki, Makron beynəlxalq müstəvidə nə qədər canfəşanlıq edirsə-etsin, bu, ciddi qarşılanmır. Yəni, Fransa prezidentinin “bonapartizmi” heç bir faydasını vermir. Avropa bu şəxsi Austerlis döyüşündə məğlubiyyətə üzləşmiş ordunu geri qaytarıb qələbə qazandıran Napoleon qiyafəsində görmür. Ümumən, “köhnə qitə” üçün bonapartizm heç bir anlam daşımayacaq durumdadır. Fransanın özü üçün də. 
Digər tərəfdən, Makron kimi yerdənçıxma birinin prezident seçilməsi Fransa ictimai rəyinin qeyri-ciddilik sindromudur. Görünür, hazırda Fransa kimi, Avropanın özü də baş verənlərdən nəticə çıxarmaq barədə düşünür. Məsələn, Fransa xalqı vaxtilə yol verdiyi səhvdən nəticə çıxarır ki, Makrona qarşı etiraz dalğası səngimək bilmir. Diqqət yetirək, 2008-ci ildə ABŞ-nin Gürcüstan fonunda anti-Rusiya dalğasını qaldırdığı bir vaxtda Almaniya və Fransa buna qarşı çıxmışdılar. Yəni, bu, Avropanın özünü sığorta instinktinin işə düşməsi anlamını verirdi. Bu gün Makronun səriştəsizliyi bir yana, Almaniyadakı rəhbərlik də tam dişsiz durumdadır. Nəticə isə ortadadır. Avropa–ABŞ ənənəvi rəqabətindən əsər-əlamət qalmayıb. Birinci sanki ikincinin quludur. Eynilə İkinci Dünya müharibəsindən sonrakı durum yaranıb. Ukrayna müharibəsi fonunda Avropa çöküb. ABŞ isə bu səhnədən dividendini götürür. Əgər Avropa Parlamentinə seçkilərin nəticələri bu reallığın dərkidirsə, o zaman düşünmək mümkündür ki, müsbətə doğru  nə isə dəyişəcək. Əlbəttə, tam dəyişiklik üçün Fransada mütərəqqi qüvvələrin hakimiyyətə yiyələnmələri mütləqdir. Bunu isə zaman göstərəcək. 

Ə.CAHANGİROĞLU
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
50
xalqqazeti.az

10Mənbələr