AZ

Nəhəng imperiya sürətlə çökür: Avropa Birliyi isə onun dağıntıları altında qalacaq

Dünyada müstəmləkəçilik prinsiplərini hələ də öz prioritetləri sırasında saxlayan Fransa süquta doğru irəliləyir, bu, onun aid olduğu qlobal siyasi sistemə təsirsiz ötüşə bilməz… Fransada baş verəcək vətəndaş müharibəsinin, hətta daxili siyasi-ideoloji ziddiyyətlərin belə, Avropa Birliyi məkanına sıçrayacağı şübhə doğurmur, bunu isə indi dünyada gözləyənlər kifayət qədərdir…

Avropa Birliyi məkanda olduqca ciddi siyasi-ideoloji dəyişikliklərin baş verməkdə olduğu müşahidə edilir. Üstəlik, bu dəyişikliklərin Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə birbaşa və ya dolayısı ilə təsir göstərə biləcəyi də qətiyyən istisna deyil. Və bu səbəbdən də, Avropa məkanında baş verən ictimai-siyasi hadisələrin daha diqqətlə izlənilməsinə, gələcəyə yönəlik nəticələrin çıxarılmasına ehtiyac var.

Onu da qeyd etmək lazımdır ki, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən sonra bu nüfuzlu qurumun geopolitik potensialı ciddi şəkildə zəifləyib. Eyni zamanda, Avropa Birliyinin siyasi-iqtisadi idarəçilik sistemi də müəyyən dəyişikliyə uğrayıb. Ən əsasısa bu nüfuzlu qurumun ənənəvi sosial-siyasi dəyərlərində iflas əlamətləri artıq açıq-aşkar müşahidə olunur.

Bunun əsas səbəblərindən biri ondan ibarətdir ki, Böyük Britaniyanın kənarlaşması Avropa Birliyini əsasən iki aparıcı Qərb ölkəsinin – Fransa və Almaniyanın hegemoniyası altına salıb. Üstəlik, Fransa hegemoniyası Avropa Birliyi daxilində Almaniyanın siyasi təsir gücünü üstələyir. Və bu baxımdan, Fransa hazırda Avropa Birliyi üçün əsas siyasi-ideoloji iradə mərkəzi rolunu oynamağa iddialıdır.

Ancaq son proseslər onu göstərir ki, məhz Fransa hegemoniyası Avropa Birliyi üçün sonun başlanğıcı xarakteri daşıyır. Çünki Fransa dünya müstəmləkəçilik sisteminin əsas daşıyıcı siyasi mərkəzi olduğundan Avropa Birliyinin təməl prinsipləri və ideoloji dəyərləri ciddi şəkildə sarsıdılıb. Və bu təhlükəli reallıq Avropa Birliyinə ümumiyyətlə, çöküş mərhələsi vəd edir.

Məsələ ondadır ki, son vaxtlar Avropa Birliyi məkanında demokratiya, insan haqları və liberalizm artıq aparıcı siyasi-ideoloji prinsiplər sırasından uzaqlaşır. Fransa siyasi radikalizmi indi tədricən Avropa Birliyinin quruluş prinsiplərini iflasa uğradır, siyasi-ideoloji sistemini tədricən dağıdır. Hər halda, hazırda “qoca qitə”də liberalizmi və tolerantlıq anlayışını ultramillətçi dünya görüşü əvəzləyir. Bu prosesin ifrat sürətlə inkişaf etməsi isə avropalı ultramillətçilərin siyasi hakimiyyət yürüşünü asanlaşdırır.

Hər halda, Avropa Birliyi ölkələrinin bəzilərində artıq ultramillətçilər siyasi hakimiyyəti seçki yolu ilə ələ keçirtməyə nail olublar. İndi Avropa ultramillətçiləri siyasi məkanda özlərini daha rahat hiss edirlər. Tezliklə bütün “qoca qitə”ni tam nəzarət altına ala biləcəklərinə əmin olduqlarını qabarıq şəkildə biruzə verirlər. Və bu, Avropa Birliyi məkanında yaşayan mühacir əhali təbəqəsinə real həyati təhlükə vəd edir.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyinin siyasi-ideoloji fəlakətə sürüklənməsində Fransanın birbaşa rolu olub. Belə ki, Fransanın son üç prezidenti – Nikola Sarkozi, Fransua Olland və Emmanuel Makron islamofobiyanın əsas daşıyıcıları rolunda çıxış ediblər. Nəticədə indi Fransada müsəlman əhali ciddi şəkildə təqib olunur, onlara qarşı vaxtilə mövcud olmuş tolerantlıq öz yerini ultramillətçilərin radikal aqressiyasına verib. Və bu, yaxın gələcəkdə yalnız Fransa deyil, ümumiyyətlə, Avropa Birliyi məkanında sivilizasiyalar arasında toqquşmalara yol aça bilər.

Digər tərəfdən, prezident Emmanuel Makronun xüsusi siyasi cərəyana çevirdiyi radikalizm və islamofobiya indi Fransanın özünə qarşı da ciddi problemlər vəd etməyə başlayıb. Belə ki, Fransada Avropa Parlamentinə keçirilən son seçkilərdə prezident Emmanuel Makronun partiyası deyil, məhz ultramillətçilər qalib gəlib. Və bu, prezident Emmanuel Makronun siyasi mövqelərinə o qədər sarsıdıcı zərbə vurub ki, o, Fransa parlamentini buraxaraq, növbədənkənar seçkilər elan etmək məcburiyyətində qalıb.

Ancaq bu, Fransa üçün dağılma prosesinin yalnız başlanğıcı da sayıla bilər. Çünki Avropa Parlamentinə seçkilərdə ultramillətçilərə uduzan prezident Emmanuel Makron və onun partiyasının eyni nəticəni təkrarlamayacağına qətiyyən təminat yoxdur. Çünki Fransa parlamentinə seçkilərdə də ultramillətçilərin qalib gəlmə ehtimalı daha real hesab olunur. Üstəlik, bu, baş verərsə, prezident Emmanuel Makronun ümumiyyətlə, hakimiyyəti itirə biləcəyi də qətiyyən istisna deyil. Və prezident Emmanuel Makron artıq belə bir təhlükənin mövcud olduğunu tədricən etiraf etməyə başlayıb.

Məsələ ondadır ki, prezident Emmanuel Makron Fransanı vətəndaş müharibəsi ilə bağlı olduqca ciddi təhlükənin gözlədiyini bəyan edib. Onun fikrincə, əgər, ultramillətçilər parlament seçkilərində qalib gələrlərsə, bu, onların hakimiyyətə gedən yolunu açmış olacaq. Ultramillətçilərin hakimiyyəti dönəmində Fransada daxili toqquşmaların qaçılmaz olacağı isə qətiyyən şübhə doğurmur. Və bu, o deməkdir ki, əslində, prezident Emmanuel Makron öz siyasəti ilə Fransanı uçurumun tam qarşısına gətirməyə nail olub.

Makron hakimiyyəti dönəmində Fransa Afrikadakı müstəmləkələrini böyük sürətlə itirməyə başlayıb. Bu isə həm də, Fransa iqtisadiyyatının ucuz xammaldan məhrum qalması anlamı daşıyır. Yəni, yaxın gələcəkdə Fransa iqtisadiyyatını dərin böhran gözləyir. Bu isə öz növbəsində Fransanın böyük sürətlə daxili sosial-siyasi böhrana yaxınlaşması anlamı daşıyır. Və bu, ultramillətçilərin siyasi hakimiyyətə can atdığı Fransada olduqca təhlükəli proseslərin başlana biləcəyindən xəbər verir.

Digər tərəfdən, Fransanın bəzi müstəmləkələrində, o cümlədən də, Yeni Kaledoniyada rəsmi Parisə qarşı azadlıq mübarizəsi də davam edir və güclənir. Rəsmi Paris bu azadlıq mübarizələrinə qəddar metodlarla reaksiya verir. Əgər, ultramillətçilər siyasi hakimiyyətə nəzarəti ələ keçirərsə, rəsmi Paris ümumiyyətlə, əzici müdaxilə qərarı da verə bilər. Və bu, sosial-siyasi, ideoloji faktorlarla yanaşı, Fransada vətəndaş müharibəsini stimullaşdıra biləcək daha bir önəmli səbəbdir.

Göründüyü kimi, Ermənistana “xoşbəxtlik və davamlı dəstək” vəd edən Fransanın özü artıq vətəndaş müharibəsinə doğru böyük sürətlə yaxınlaşır. Rəsmi Paris indiyə qədər yürütdüyü siyasətdən imtina etməzsə, ölkədə birləşdirici siyasi-ideoloji faktorlar axtarıb, tapa bilməzsə, ölkədaxili hüquqi ədaləti təmin etməzsə, bu, qaçılmaz olacaq. Və müşahidələrə əsasən, rəsmi Parisin Fransanı dağılma prosesindən yayındırmaq üçün o qədər də çox zamanının qalmadığını iddia etmək olar.

Belə anlaşılır ki, dünyada müstəmləkəçilik prinsiplərini hələ də öz prioritetləri sırasında saxlayan Fransa, yəni, nəhəng bir imperiya süquta doğru irəliləyir. Əgər, bu imperiyanın dağılması daxili kataklizmlərdən qaynaqlanarsa, bu, Fransanın aid olduğu qlobal siyasi sistemə təsirsiz ötüşə bilməz. Ən azından, Fransada baş verəcək vətəndaş müharibəsinin, hətta daxili siyasi-ideoloji ziddiyyətlərin belə, Avropa Birliyi məkanına sıçraya biləcəyi qətiyyən istisna deyil. Bu isə o deməkdir ki, Fransanın imperiya quruluşu çəkərsə, onun dağıntıları altında ilk növbədə Avropa Birliyi qala bilər. Və bunu indi dünyada gözləyənlər kifayət qədərdir.

Elçin XALİDBƏYLİ,Siyasi ekspert,“Yeni Müsavat” Media Qrupu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
2
kaim.az

10Mənbələr