AZ

“Xəzər dənizində zərərli maddə var, insan onu udsa, bir sutkada ölər” –Qorxunc AÇIQLAMA

Hər il olduğu kimi, bu il də bəzi çimərliklərdə yüksək bakterioloji çirklənmə qeydə alınıb. Monitorinqi həyata keçirən aidiyyəti qurumlar bilavasitə çirklənmə aşkarlanan çimərliklərdə çimməməyi tövsiyə edirlər. Amma qızmar yay günlərində bölgələrə və xaricə istirahət üçün üz tuta bilməyən insanlar özlərini çimərliklrə atırlar. Çimərliklərdə isə aşkarlanan çirklənmə onların bu həvəsini öldürür desək yanılmarıq.

Məlumat üçün bildirək ki, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhəri, şimal bölgəsinin (Yalama, Nabran, İstisu, Seyidli kəndi), cənub bölgəsinin Lənkəran və Astara çimərliklərində dəniz suyunun yüksək bakterioloji çirklənməsi göstəriciləri aşkarlanıb.

Buna görə də, adları çəkilən çimərliklərdən istifadənin müvəqqəti olaraq tövsiyə olunmadığı barədə qərar qəbul edilib.

Qeyd edək ki, dəniz suyunun laboratoriya müayinələri zamanı sanitariya-kimyəvi (suyun rəngi, qoxusu, üzən qarışıqlar, asılı maddələr, biokimyəvi oksigen tələbatı, neft məhsulları, fenol) və bakterioloji (bağırsaq çöpləri) göstəricilər araşdırılır.

Bəs insan özünü dənizdəki bakteriyalardan necə qorumalıdır?

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, Xəzər göl olduğuna və okeana çıxışı olmadığına görə, təmizlənmir:

“Yəni istər buradan, istərsə də digər ölkələrdən axan bütün kanalzasiya suları Xəzərə tökülür. Ona görə də deyərdim ki, Xəzərin suyu ən çirkli sudur. Nəzərə aldıqda ki, son dönəmlər Xəzərdə quruma prosesi də gedir, çirklilik bir az da artır. Okeana açılan dənizə getdikdə belə, yenə də ehtiyat tədbirlərini görmək lazımdır”.

R.Bağırov qeyd edib ki, dənizə gedəndə birinci Günəş şüasından qorunmaq üçün səhər 11-ə qədər ara-sıra suya girib-çıxmaq lazımdır:

“Çünki suda çox qaldıqda ultrabənövşəyi şüalar insana zərər vura bilər. Ümumiyyətlə isə, günorta saat 16:00-a qədər Günəş şüasından qorunmaq üçün suda çox qalmaq olmaz. Lakin artıq saat 4-dən sonra Günəş şüası müəyyən bucaq altında düşdüyünə görə, insan dərisində elə də narahatlıq yaratmır.

Dəniz suyunun 1 mm-nə baxdıqda, o qədər mikroblar üzə çıxır ki... Ona görə də çalışmaq lazımdır ki, dəniz suyu ağıza getməsin. Bu baş versə belə, heç vaxt dəniz suyunu udmaq olmaz.
Təsəvvür edin, dəniz suyunun içində yosunların xırda hissəcikləri, sianobakteriyalar, gözlə görünməyən heyvanlar, molyuskalar və s. olur. Bununla yanaşı, dəniz suyunda birhüceyrəli bitki mənşəli zərərli maddələr olur ki, insan onu udsa, bir sutka içində ölər. Ona görə də birinci şərt odur ki, dəniz suyunu udmaq olmaz”.

Qeyd edək ki, laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Görədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu aşkarlanıb.

Nuranə Daxilqızı, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
50
bizim.media

10Mənbələr