AZ

Millimizin yeni məşqçisi əsas komanda ilə vidalaşacağı vaxtı açıqlayıb

“Rumıniyada Avropa çempionatının B divizionunda yaxşı çıxış etməyə çalışacağıq”.

Bunu İdman.bizə gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan millisinin yeni məşqçisi Zaur Paşayev deyib.

Yığmada ispaniyalı Alberto Blankonun köməkçisi işləyəcək idmançı etimadı doğrultmağa çalışacağını bildirib: “Məqsəd gələn ay keçiriləcək Avropa çempionatında uğurlu çıxış etməkdir. Neçə illərdir ölkəmizdə basketbol yox səviyyəsində idi. Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasına prezident seçildikdən sonra hər şey yaxşı gedir. Basketbolda yenidən canlanma yaranıb. Uşaqlar ürəklə məşq edirlər. Təlim-məşq toplanışlarında, yarışlarda çıxış edirlər. Düzdür, neçə ildir basketbolun vəziyyəti ürəkaçan olmadığı üçün komanda bir az zəifdir. Amma Rumıniyada uğurlu çıxış edəcəyimizə inanıram”.

Paşayevin sözlərinə görə, milliyə məşqçi təyin olunmaq onun basketbolçu karyerasına təsir etməyəcək: “Bu il noyabrda yığmada son oyunuma çıxacam. Artıq cavanlar gəlir. Onlara yol açmaq lazımdır. Amma çempionatda oynamağı düşünürəm. Yəqin ki, 2 ildən sonra basketbolçu karyeramı yekunlaşdıracağam”.

Qeyd edək ki, U-20 millimiz iyulun 12-dən 21-ə kimi Rumıniyada Avropa çempionatının B divizionunun B qrupunda Niderland, Böyük Britaniya, Portuqaliya və İrlandiyaya ilə olacaq.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
idman.biz

2Mənbələr