AZ

Qərb yaşıl işıq yandırdı, Kiyev hücuma keçdi: Rusiya-Ukrayna savaşında yeni mərhələ!

Rusiya strateji nöqtə olan Xarkova hücumları artırdıqca, Qərb dünyasının Ukraynaya dəstəyi də güclənib. Belə ki, ABŞ və Qərb nəinki öz silah sistemlərindən Rusiya ərazisinə atəş açılması üçün Ukraynaya icazə verib, həmçinin peşəkar hərbçilər və təlimçilərdən ibarət dəstək qüvvələr də göndərib. Bu hal vəziyyəti daha da gərginləşdirməkdədir. Ukrayna Qara dənizdə Rusiyanın hərbi dəniz donanmasına zərbələr endirir, Rusiya daxilindəki hərbi obyektləri vurur. Rusiya isə bunun qarşılığında Qərbi hədəfə alaraq, nüvə silahı ilə bağlı təhdidlərini təkrarlayır. Bəs görəsən, Qərb silahlarından Rusiyaya qarşı açıq istifadəyə yaşıl işıq yandırılması Ukraynanın öz torpaqlarını geri almasına kömək edəcəkmi? 

Sitat.info-ya açıqlamasında bu sualı cavablandıran ADP sədri Sərdar Cəlaloğlu qeyd etdi ki, bu savaşın taleyini dəyişəcək bir məsələdir: "Qərb silahlarından Rusiya ərazisində istifadə edilməsi, eləcə də Ukraynaya yeni silahların verilməsi müharibənin gedişatını dəyişəcək. Kreml Ukrayna ərazilərini geri qaytarmağa məcbur olacaq. Rusiyanın bundan artıq nə isə etməyə imkanı yoxdur". 

Ağ Partiya başqanının I müavini, politoloq Əhəd Məmmədli  isə bildirdi ki, Rusiyanın ərazisinə Ukrayna tərəfindən endirilən raket zərbələrinin döyüşlərin gedişatında ciddi bir dəyişiklik yaradacağını düşünmür:

"Dəyişiklik əsasən quru qoşunlarının hücumları ilə əldə edilir. Doğrudur, hansısa ziyan vura bilər, ancaq havadan hücumlarla torpaqlar azad edilmir, bu quru qoşunlarının yeridilməsi ilə baş tutur. Qarabağ müharibəsində biz də dronlardan istifadə etdik, ancaq dronlar torpağı azad etmədi, ordumuz daxil oldu və torpaqlarımızı azad etdi. İndi Ukraynanın belə bir gücü varmı ki, quru qoşunları ilə əks-hücuma keçsin. Xeyr yoxdur, Ukrayna tükənib, yorulub".

Ə.Məmmədli vurğuladı ki, Rusiya hazırda üstün mövqedədir: "Rusiya da tükənib, ancaq aralarında fərq odur ki, Rusiya Ukrayna ərazilərindədir, Ukrayna Rusiya ərazisində deyil. Ona görə də, hazırda üstünlük Rusiyada qalır. Rusiya artıq irəliləyə bilməyəcək, çünki o da tükənib. Lakin Ukraynanın Qərb silahları ilə ciddi irəliləyəcəyini düşünmürəm".

Rusiyanın işğal etdiyi ərazilərin gələcəyi ilə bağlı danışan siyasi şərhçi onu da deyib ki, bu torpaqları Kreml artıq özünə birləşdirmək üzrədir: "Orada referendumlar da keçirilib, artıq o ərazilər Kreml üçün Rusiya Federasiyası ərazisi hesab olunur.  Dünya qəbul etməsə də, orada faktiki Rusiya bayrağı, rus qanunları, rus ordusu olacaq".

Məğrur,

Sitat.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
40
sitat.info

10Mənbələr