AZ

Pul niyə Bakıya axır: SƏBƏBLƏR

Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanın bəzi rayonlarına investisiya qoyuluşu kəskin azalıb. 

Ötən il ümumilikdə ölkəyə yatırılan investisiyaların məbləği 11 % artıb. Amma bəzi rayonlarda yatırımlar artsa da, digər rayon və şəhərlərdə kəskin azalmalar var.

Hesablama aparılan 73 rayondan 42-də investisiyaların artımı, 31 rayon və şəhərdə isə azalma baş verib. Ötən il investisiyaların ən kəskin azalması Xızı rayonunda qeydə alınıb.

Belə ki, 2023-cü ildə Xızı rayonunda yatırımlar son bir il ərzində 72,4 milyon manat və ya 28,1 dəfə azalaraq 75 milyon manatdan 2,7 milyon manata düşüb. Bundan başqa investisiyaların kəskin azalması Naxçıvan şəhərində (9,9 dəfə), Samux (8,2 dəfə), Qobustan (5,5 dəfə), Sədərək (3,1 dəfə), Şabran (3 dəfə), Siyəzən (2,7 dəfə), Lerik (2,6 dəfə), Astara (2,2 dəfə), Bərdə (2,1 dəfə)  rayonlarında olub.

İnvestisiyaların azaldığı rayonlarda bu dəyişikliyin səbəblərini müxtəlif amillərlə izah edirlər, bəzi hallarda isə ümumiyyətlə izah edə bilməyiblər.

Ümumilikdə rayonlara investisiya qoyuluşunun azalmasının səbəbi nədir?

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya bildirdi ki, ilk növbədə, bölgələrə investisiya yatırımları dedikdə, illərdir birbaşa büdcədən ayrılan investisiya yatırımları nəzərdə tutulurdu:

“Burada sərbəst investisiya qoyuluşların həcmi kifayət qədər az idi. Eləcə də aqrar sektora yatırılan investisiyalar çox az faiz təşkil edirdi. Təəssüf ki, son 2 ildə ölkədə kənd təsərrüfatına investisiya qoyuluşlarının, xüsusilə də bölgələrdə kəskin azaldığını müşahidə edirik.

Məsələn, ovaxt regionlarda ən böyük kənd təsərrüfatı istehsalı müəssisələrindən biri olan İmişli Şəkər Zavodu artıq demək olar ki, istehsal qabiliyyətini 80 faiz azaldıb. 

Ölkədə şəkər çuğundurunun istehsalında iki dəfədən çox azalma müşahidə olunur. 

Digər sərbəst investisiyalar üzrə aqroparkların yaradılmasını göstərmək olar. Bunlar hələlik işğaldan azad edilmiş regionlar üzrə ayrılır. Maldarlıq təsərrüfatları, iri və xırdabuynuzlu heyvanlarla bağlı sərbəst investisiya qoyuluşları demək olar ki, kəskin şəkildə azalıb.

Azərbaycan artıq mal əti idxalçısına çevrilmiş bir ölkədir. 2023-cü ilə mal əti idxalı iki dəfədən çox artıb. Regionlarda istehsal, sənaye müəssisələrinin olmaması, xüsusilə də yaradılmış iqtisadi zonalar üzrə dövlət tərəfindən ayrılan investisiyaların heç bir səmərəsi olmadı. 

Eyni zamanda regionlar üzrə qoyulmuş qeyri-dövlət investisiyalarının Bakıya daşındığının şahidi oluruq. Məsələn, bir sıra bitkilər, meyvə və tərəvəzçilik üzrə investisiyaların Bakıda daha çox yatırıldığını müşahidə edirik. Son illərdə regionlardan investisiya axını Bakıya sürətlənib.

Məsələn, pomidor istixanalarının regionlardan Bakıya və yaxud da Rusiyanın Azərbaycanla sərhəd bölgələrinə daşındığının şahidi oluruq.  Yəni investisiyalar regionlardan “qaçır”. Bunun bir sıra səbəbləri var”.

Ekspertin sözlərinə görə, burada daşınma xərcləri problemi var, əhalinin bir hissəsi Bakı şəhərində məskunlaşıb, bir sıra maneələr, bürokratik əngəllər, məmur özbaşınalıqları, regionlarda özbaşınalıqların yaranmasına gətirib çıxarıb:

“Xüsusilə də elektrik enerjisinin fasiləsiz verildiyinin şahidi olmuruq. Regionlarda suvarma problemləri var və dəfələrlə bu məsələ qaldırılıb. Bir sıra infrastruktur probleminin olması regionlara investisiya qoyuluşlarını ləngidir. 

Hətta regionlardakı investisiyanın paytaxta, yaxud ölkədən kənara “qaçmasının” şahidi oluruq. Bu baxımdan da ölkə üzrə regionlara yatırılan investisiyaların həcminin azalması müşahidə edilir və ediləcək.  İşğaldan azad edilmiş ərazilərdə də investisiya qoyuluşları da hələlik gəlirli investisiyalar deyil. Yəni təmir, bərpa, tikinti işləri həyata keçirilir. Hər hansı istehsal müəssisəsi, yeni iş yerlərinin yaradılması il bağlı addım atılmayıb. Yalnız 2023-cü ildə 212 yeni iş yeri açılıb.

Bu baxımdan da həm işğaldan azad edilmiş ərazilərdə, həm də digər regionlarda investisiya qoyuluşlarının həcminin azalacağı gözləniləndir. Ən çox dövlət proqramı üzrə strateji olaraq investisiya ayrılan pambıqçılıqdır ki, gözləntiləri doğrultmadı.

2022-ci ildə pambıq tədarükünü 2024-cü ildə 500 min tona çatdırılacağını hədəfləmişdiksə, əksinə, 2022-ci ildə 2021-ci illə müqayisədə bu rəqəm 300 min tona çata bilmədi və 280 min ton tədarük edildi. 2022-2023-cü illərdə bu göstərici 170 min tona yaxınlaşdı. Bu da o deməkdir ki, illərdir ki, ayrılan milyonlarla investisiya öz bəhrəsini vermədi. 

Halbuki regionlara ən çox investisiya məhz pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı ayrılırdı, böyük əkin sahələrini əhatə edirdi. Bu proqram da özünü doğrultmadı. Artıq ciddi şəkildə ziyanla nəticələnməyə başlanıb. Qoyulmuş investisiyalar da geri qayıtmadı və iqtisadiyyatımız üçün səmərəlilik əmsalı yaratmadı. 

Bu baxımdan da investisiya qoyuluşları üzrə strategiya düzgün planlaşdırılmalıdır. 

Hansı sahələr, hansı regionlar üzrə əlverişlidir, hansı investisiyalar qoyulmalıdır, bunlar nəzərə alınmır. İnvestisiyalar adətən hansısa sahibkarlara, iş adamlarına verilərkən yalnız şəxsi münasibətlər, xüsusi imtiyazlar olan şəxslərə verilir.

Bu investisiyaların böyük həcmi mənimsənilir. Nəticə etibarı ilə ölkə iqtisadiyyatına heç bir faydası olmur. Baxmayaraq ki, bu investisiyaların böyük bir hissəsi dövlət büdcəsindən ayrılır”.

Seçilən
58
4
cebheinfo.az

6Mənbələr