AZ

Azərbaycanın enerji imkanları alternativ enerji kontekstində - RƏY

Azərbaycanın

Bakı, 6 iyun, AZƏRTAC

Ölkəmizdə keçirilən Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinə dünya miqyasında maraq həddən artıq yüksəkdir. Tədbirlər bir neçə vacib məqamla yadda qaldı. Belə ki, sərgilərin açılışında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsindəki inkişafının qısa təhlilini təqdim etdi.

İlk növbədə, ölkəmiz üçün ən ağrılı dövr olan 1990-cı illərin əvvəllərindəki toxunuldu və Ermənistanın tarixi torpaqlarımızı işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının məcburi köçkünə çevrildiyi diqqətə çatdırıldı. Hər səkkiz nəfərdən birinin məcburi köçkünə çevrildiyi, onların həyat şəraitlərinin yaxşılaşdırılması istiqamətində Ulu Öndər tərəfindən atılan addımlar qeyd olundu. Ölkəmizin parçalanmasının qarşısının alınmasında, vətəndaş müharibəsinə son qoyulmasında, dövlətin müstəqilliyinin təhdidlərdən xilası olmasında Heydər Əliyevin gördüyü tarixi missiya bir daha iştirakçıların diqqətinə çatdırıldı.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclis sədrinin müavini Adil Əliyevin açıqlamasında yer alıb.

A.Əliyev qeyd edib ki, Azərbaycanın bugünkü səviyyəyə yüksəlmiş enerji strategiyasının əsası məhz 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. O zaman qısa müddət ərzində ilk neft və qazın hasil edilməsinə nail olunub ki, bu da ölkə iqtisadiyyatına qiymətli töhfəsini verib. Azərbaycanın təbii sərvətlərinə artan xüsusi maraq həm də bir çox sahələrdə ölkəmizin nüfuzunu yüksəldib.

Belə ki, rəsmi Bakı bu gün təbii qazdan və digər faydalı qazıntılardan səmərəli istifadə etməklə yanaşı, həm də enerji təchizatçı kimi Avrasiyada etibarlı tərəfdaş olaraq tanınır. Bu, dövlətimizin artan nüfuzu baxımından olduqca vacibdir, eləcə də ölkəmizin digər dövlətlərlə iqtisadi, siyasi əlaqələrin qurulmasına xüsusi töhfə verir. Bu sahədə aparılan genişmiqyaslı işlər nəticəsində ölkəmiz enerji təhlükəsizliyinin qarantı olaraq tanınıb.

Ölkəmiz neftin, təbii qazın çıxarılması, ixracı ilə bərabər, alternativ enerji sahəsinin inkişafına da böyük önəm verir. Bu sahənin inkişafı, yaşıl enerji ölkəmizin gündəliyində xüsusi yer tutur, bərpaolunan enerjiyə xüsusi diqqət ayrılır, alternativ enerji mənbələri yaradılır. Ölkəmizdə bərpaolunan enerji resurslarının istifadəsində Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və digər şirkətlər tərəfindən icra olunan layihələr xüsusi əhəmiyyət daşıyır. Günəş və külək enerjisi stansiyalarının inşasına başlanılması alternativ enerji imkanlarından istifadənin genişləndirilməsində xüsusi rol oynayacaq.

Milli Məclis sədrinin müavini vurğulayıb ki, Azərbaycan özünün enerji potensialından istifadə etməklə yanaşı, ətraf mühitlə bağlı öhdəliklərini də yüksək səviyyədə yerinə yetirir. Dünyada çox azsaylı ölkə var ki, həm enerji resursları ilə əlaqədar qazıntı işləri aparır, həm də yaşıl enerji kimi vacib məsələni ön planda saxlayır. İqlim dəyişikliyinin Xəzər dənizinin sahil xəttinə təsirləri yeni su anbarlarının tikintisi və mühafizə işləri də daxil olmaqla, qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir. Ölkəmizdə yaşıl enerjiyə, təbiətin qorunmasına ayrılan diqqət beynəlxalq aləmdə də xüsusi rəğbətlə qarşılanır. Azərbaycan iqlim təşəbbüslərində fəallıq göstərir, COP29 müzakirələrinə ev sahibliyi edir, qarşılıqlı öhdəliklər üçün ittifaqlar yaradır və qlobal maraqlı tərəflərlə inklüziv tərəfdaşlığı təşviq edir.

“Gələcəyə nəzər salsaq görərik ki, Azərbaycanın enerji trayektoriyası bərpaolunan enerji potensialından istifadəni, xüsusilə də işğaldan azad edilmiş və əhəmiyyətli hidroenerji potensialına malik Qarabağ və Şərqi Zəngəzurda bu sahənin inkişafını nəzərdə tutur. Birgə səylər, resursların məqsədyönlü istifadəsi və iqlimlə bağlı siyasət Azərbaycanın davamlı enerji gələcəyinə və qlobal ekoloji nəzarətə sadiqliyini vurğulayır”, - deyə A.Əliyev qeyd edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
2
azertag.az

3Mənbələr