AZ

Neymar Messi ilə münasibətindən danışdı: “Leo” kumirimdir”

“Əl-Hilal”ın braziliyalı ulduzu Neymar “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi ilə münasibəti haqda sualı cavablayıb.

Arena.az “Goal” dərgisinə istinadən, braziliyalı futbolçunun argentinalı həmkarı ilə mübasibəti haqda suala cavabını təqdim edir:

“Biz bir-birimizdən uzağıq, amma ünsiyyətimizi davam etdiririk, çox danışırıq. “Leo” əla oğlandır, mənim üçün əla nümunədir, əsl kumirdir. O, mənim kumirim olmaqla yanaşı, həm də dostumdur. Biz ünsiyyətdə çox oluruq”, deyə “Ney” bildirib.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçunun yaşıl meydanlara qayıdış müddəti uzansa da, Neymar dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.
Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Artıq geridə qalmış mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda cəmi 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz futbolçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
52
1
arena.az

10Mənbələr