AZ

Ermənistan ÜDM-nin 50 faizi qədər borcludur- Azərbaycan cəmi 18 faiz...

Image

Rəsul Cahangirli: “Azərbaycan xarici borclanmada ehtiyatlı mövqe sərgiləyir”

Cənubi Qafqaz ölkələri arasında ən çox dövlət borcu Ermənistanın üzərinə düşür. Bu məlumat nüfuzlu “Forbes” jurnalının araşdırmasında yer alıb. Araşdırmada qeyd olunub ki, hazırda ölkənin dövlət borcu ÜDM-in 50,5%-ni təşkil edir. 

Gürcüstanın dövlət borcu isə 2023-cü ilin sonunda ÜDM-in 39,2%-ni təşkil edib. Sonrakı yerdə ÜDM-in 28,9%-i ilə Türkiyə gəlir. Rusiyanın dövlət borcu ÜDM-in 19,7%-ni, Azərbaycanın isə ÜDM-in 18,4%-ni təşkil edir. Məlum olub ki, dövlət borcunun ÜDM-yə nisbətdə həm Cənubi Qafqazda, həm də regionda ən aşağı həcm Azərbaycandadır.

O da məlumdur ki, xarici borcun təhlükəli həddə olmasını müəyyən edən başlıca amillərdən biri ölkənin strateji valyuta - qızıl ehtiyatlarının borca mütənasiblik əmsalıdır. Borcun həcmi ehtiyatlardan çox olduqda bu, həmin ölkənin milli iqtisadi təhlükəsizliyini təhdid altına salır.

“Ermənistanın strateji maliyyə ehtiyatları borclarını qapatmaq imkanında deyil” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli Azərbaycanın uğurlu mövqedə olmasını bir sıra amillərlə əlaqələndirdi: “Əvvəla, baxmayaraq ki, Azərbaycanın əhalisi Gürcüstan və Ermənistan əhalisindən dəfələrlə çoxdur, amma bizdə xarici borclanmada ehtiyatlı mövqe sərgilənir. Baxmayaraq ki, Azərbaycanın böyük valyuta ehtiyatları var. Adətən böyük valyuta ehtiyatları olan ölkələr bir sıra layihələrin maliyyələşdirilməsində böyük borclanmaya gedirlər. Bunu sığortalamaq üçün valyuta ehtiyatlarına stavka edirlər. Dünyada ölkələrinin böyük əksəriyyətinin isə strateji ehtiyatları xarici borcundan bir neçə dəfə azdır. Hətta elə ölkələr var ki, məcmu qızıl-valyuta ehtiyatları borclarını bağlaya bilmir. Bu ölkələrin siyahısında Ermənistan və Gürcüstan da var. Nə Ermənistanın, nə də Gürcüstanın strateji maliyyə ehtiyatları borclarını qapatmaq imkanında deyil. 2024-cü ilin birinci rübündə Ermənistanın dövlət borcu 2023-cü ilin eyni dövrü ilə müqayisədə ABŞ dolları ilə ifadədə 15 faiz artıb. Ermənistanda dövlət borcu əsasən dövlət istiqrazları hesabına artıb və mütləq ifadədə 12,1 milyard dollara çatıb. 2024-cü il üzrə Cənubi Qafqaz ölkələrinin birlikdə büdcə xərcləri 38 milyard dolları təşkil edir. Bunun 22 milyard dolları və ya 60 faizi Azərbaycanın payına düşür. Qalan 40 faiz isə digər iki ölkə arasında bölüşdürülür. Bu faktın özü bölgədəki iqtisadi-fiskal mənbələrin əsas mərkəzi kimi Azərbaycanın xüsusi üstün paya malik olduğunu göstərir. Ölkəmiz həqiqətən enerji mənbələri, kənd təsərrüfatı potensialı, eyni zamanda strateji mövqeyi ilə ön plandadır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
50
baki-xeber.com

10Mənbələr