AZ

Alkis Drakinos: AYİB COP29-un uğurunu təmin etmək üçün Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) COP29-un dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahələrində ümumi məqsədlərin əldə olunmasına səbəb olan uğurlu və səmərəli tədbir olması üçün Azərbaycanla sıx əməkdaşlıq etməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos deyib.

"Bakıdakı, eləcə də, müxtəlif ölkələrdəki komandamız Azərbaycanı milli, regional və qlobal səviyyələrdə "yaşıl" maliyyələşdirməni səfərbər etmək üçün konfransın yaratdığı mkanlardan istifadədə dəstəkləyəcək", - o deyib.

Drakinos qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf məqsədlərinin əldə olunması üzrə tədbirlərin təşviqində Azərbaycanın rolu getdikcə daha böyük önəm kəsb edir.

"Ölkə Qafqazda günəş və külək enerjisi imkanlarının yerləşməsi üzrə lider mövqe tutub və AYİB buna kömək göstərilməsində mühüm rol oynayıb. Azərbaycanda ən böyük institusional investor və regionda iqlim maliyyələşdirməsi üzrə lider olaraq, iddialı dekarbonizasiya proqramının icrasında ölkənin təbii tərəfdaşıyıq", - regional direktor deyib.

AYİB nümayəndəsi əlavə edib ki, ötən il Qaradağda ilk ümumi təyinatlı günəş elektrik stansiyasına investisiya qoyuluşundan sonra bank bu yaxınlarda Abşeron və Xızı rayonlarında ilk ümumi təyinatlı özəl külək elektrik stansiyasının tikintisini maliyyələşdirib.

"Həmçinin, flaqman "Yaşıl şəhərlər" proqramımız çərçivəsində Gəncə şəhərində enerji səmərəliliyini artırırıq. Siyasətə gəlincə, bərpa olunan enerji mənbələri üzrə hərraclar üzrə əməkdaşlığımız Qaradağda günəş elektrik stansiyası layihəsinin planlaşdırılan inkişafına səbəb oldu. Biz indi bu impulsu inkişaf etdirməyə yardım etmək istəyirik və hesab edirik ki, COP29 əla fürsətdir",- Drakinos deyib.

Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə hərracların keçirilməsində AYİB-in rolu

Regional direktor bildirib ki, AYİB bərpa olunan enerji mənbələri (BEM) üzrə hərraclarının uğurla keçirilməsini təmin etmək üçün etibarlı hüquqi-normativ bazanın işlənib hazırlanmasında Azərbaycan Respublikası Energetika Nazirliyinə dəstək göstərir.

"Biz hərracları dəstəkləyirik, çünki rəqabət və şəffaf prosedurlar sayəsində benefisiar ölkələr yüksək keyfiyyətli beynəlxalq sövdələşmə iştirakçılarından maksimum sərfəli qiymətlər əldə edir. Bu hərracların müvəffəqiyyətini və səmərəliliyini təmin etmək üçün AYİB Energetika Nazirliyinə etibarlı normativ-hüquqi bazanın işlənib hazırlanmasına dəstək göstərir. Buraya, müsabiqəli tenderlərin keçirilməsi üçün lazımi əsas təmin edən bərpa olunan enerji mənbələri haqqında yeni qanuna töhfə verilməsi daxildir. Özbəkistan, Albaniya və Serbiya kimi ölkələrdə analoji hərraclara dəstək təcrübəmiz göstərdi ki, bu cür mexanizmlər özəl sektorun maliyyələşdirilməsində və layihələrin yüksək keyfiyyətlə icrasında çox uğurludur", - o deyib.

Onun sözlərinə görə, Qaradağ günəş elektrik stansiyasının layihəsi üzrə ilk hərracın işə başlaması Azərbaycanın "yaşıl" enerji gündəmini əsaslı şəkildə dəyişdirərək, ölkənin dekarbonizasiya və energetikanın dayanıqlı inkişafı yolunda mühüm mərhələni əks etdirir.

"Bu hərracların əsas məqsədi bərpa olunan enerji üzrə kommunal miqyaslı layihələrə özəl investisiyaların cəlb edilməsi, Azərbaycanın elektrik enerjisi istehsalı üzrə quraşdırılmış güclərində bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır. Rəqabətli və şəffaf satınalma prosesinin inkişafına imkan yaratmaqla ən yaxşı layihələrin seçilməsini təmin etməyə çalışırıq və bununla həm innovasiyalara, həm də sektorda səmərəliliyə imkan yaradırıq", - o deyib.

AYİB nümayəndəsi bu cür hərracların məqsədlərindən danışıb.

"Onlar Azərbaycanın enerji balansını şaxələndirmək, qazıntı yanacağından asılılığı azaltmaq və ölkəyə iqlim sahəsində beynəlxalq öhdəliklərini yerinə yetirməkdə kömək göstərmək üçün nəzərdə tutulub. Bu, xüsusilə indi, ölkə bu ilin sonunda Bakıda COP29 iqlim konfransına ev sahibliyi etməyə hazırlaşdığı bir zamanda aktualdır. Bərpa olunan enerji mənbələrinə investisiyalar, həmçinin, iş yerlərinin açılması və enerji sektorunda texnoloji nailiyyətlərin təşviqi hesabına iqtisadi artımı və diversifikasiyanı stimullaşdıracaq. AYİB Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində ambisiyalarını dəstəkləməyə sadiq olaraq qalır və bu istiqamətdə əməkdaşlığın davamına ümid edir", - deyə o əlavə edib.

Orta Dəhliz vasitəsilə bağlantıların qurulması

Drakinos qeyd edib ki, AYİB Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM və ya Orta Dəhliz) boyunca əlavə layihələri dəstəkləmək imkanını də nəzərdən keçirəcək.

"AYİB tələbə yönəlmiş qurum olaraq, Orta Dəhliz boyunca əlavə layihələri dəstəkləmək imkanını nəzərdən keçirəcək, lakin bu layihələr maliyyələşdirmə üçün məqbul olmalı və bizim idarəetmə, şəffaflıq, ətraf mühit və satınalma standartlarımıza cavab verməlidir. Tranzit, ticarət və enerji potensialı, yaxud eyni sektorlardakı infrastruktur boşluqları ilə bağlı bu layihəni dəstəkləmək üçün məqbul layihələr üç Cənubi Qafqaz ölkəsindən hər hansı biri, eləcə də, Mərkəzi Asiya tərəfindən nəzərdən keçirilməsi üçün AYİB-ə təqdim oluna bilər", - regional direktor deyib.

Onun sözlərinə görə, AYİB uzun illər ərzində bankın mövud olduğu bütün 38 ölkə arasında bağlantının təmin edilməsinə yönəlmiş layihələri dəstəkləyib.

"Bağlantı ölkə strategiyalarımızın əksəriyyətində prioritet mövzudur. Bağlantını iqtisadi artımın və tərəqqinin əsas amili, eləcə də, ölkələr və xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığı möhkəmləndirmək vasitəsi olaraq görənlərə qoşuluram", - deyə o qeyd edib.

O, həmçinin, Cənubi Qafqazın bu prosesdə xüsusi rol oynadığını qeyd edib.

"Cənubi Qafqazın bütün sektorlarda, o cümlədən, bərpa olunan enerji sahəsində beynəlxalq ticarətin əhəmiyyətli dərəcədə artırılmasında Asiya və Avropa birləşdirən körpü olaraq katalizator rolu oynamaqla, eləcə də, region ölkələri daxilində strateji əhəmiyyətini tam anlayırıq. Xüsusən Azərbaycanın coğrafi mövqeyi, infrastruktur şəbəkələri, iqtisadi dayanıqlığı, zəngin təbii ehtiyatları və bərpa olunan enerji mənbələri potensialı ölkənin Orta Dəhlizin mərkəzində yer almasına səbəb olur", - regional direktor deyib.

AYİB nümayəndəsi bankın bugünədək tranzit potensialının artırılmasında Azərbaycanı dəstəklədiyini, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ASCO) QSC üçün iki gəminin satın alınması üçün 38,7 milyon avroluq maliyyə paketi imzaladığını əlavə edib.

Gəmilər Qara dənizdə hərəkət edərək, Cənubi Amerikadan Gürcüstan limanları vasitəsilə, daha sonra Bakı limanında yük maşını və ya qatarlarla Xəzər dənizindən keçərək son təyinat məntəqəsinə - Mərkəzi Asiyaya ərzaq məhsulları daşıyacaq.

Cənub Qaz Dəhlizinin gələcək maliyyələşdirilmə imkanı

Regional direktorun sözlərinə görə, AYİB, həmçinin, Cənub Qaz Dəhlizinin (CQD) gələcək genişləndirilməsinin maliyyələşdirilməsi imkanını də nəzərdən keçirə bilər.

"Azərbaycan otuz ildir ki, AYİB-nin tərəfdaşıdır. Keçmişdə AYİB CQD-ni əsas komponentlərini maliyyələşdirməklə layihəni dəstəkləyib. Anlayırıq ki, CQD-nin imkanları genişləndirilə bilər və Azərbaycan hökuməti dəhlizin daha da genişləndirilməsi barədə qərar qəbul edərsə, bizə müraciət olunarsa, layihədə iştirak imkanını nəzərdən keçirə bilərik", - o deyib.

Drakinos qeyd edib ki, AYİB iqlim dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsi və "yaşıl" iqtisadiyyata keçidin mühüm prosesləri qismində onlara adaptasiyanı nəzərdən keçirir: "Bu perspektivi nəzərə alaraq ölkələrimizdə çətin çıxarılan ehtiyatlar sahələrinin üzləşdiyi çətinlikləri qəbul edirik".

O bildirib ki, maliyyələşdirilməsi üçün layihə Paris sazişinin məqsədlərinə və bankın qazıntı yanacaqlarına dair mövqeyinə cavab verməlidir.

"Buraya karbon qazı emissiyaları riskinin azaldılmasını və aşağı karbonlu qazın nəqlinə yardımı nəzərdə tutan meyarlara ciddi riayət edilməsi daxildir. Potensial olaraq, CQD üzrə istənilən gələcək əməkdaşlıq, ola bilsin ki, aşağı karbonlu qazları nəql etmək imkanlarının nümayişini və gələcəkdə bu tələblərə cavab verilməsi üçün etibarlı infrastrukturun təmin edilməsini tələb edəcək", - deyə Drakinos aydınlıq gətirib.

"AYİB, dəstəklədiyimiz istənilən investisiyanın dayanıqlı və aşağı karbonlu gələcəyə səbəb olmasına çalışır. Bu isə o deməkdir ki, CQD-nin genişləndirilməsi kimi layihələr nəinki cari enerji tələbatını qarşılamalı, həm də ekoloji cəhətdən təmiz enerji sahəsində gələcək tələblətə cavab verməlidir", - deyə o əlavə edib.

AYİB-in Azərbaycan üzrə yeni ölkə strategiyası

Regional direktor bildirib ki, AYİB neft, qaz və qazıntı yanacağı ilə əlaqəli olmayan sektorları möhkəmləndirməklə Azərbaycan iqtisadiyyatının gələcək diversifikasiyasını dəstəkləməyi planlaşdırır.

"Bugünədək AYİB ümumi dəyəri 3,8 milyard avro olan 190 layihəyə investisiya qoymaqla Azərbaycanın iqtisadi inkişafını dəstəkləyib. Bu maliyyə vəsaitinin böyük hissəsi Azərbaycanın, o cümlədən, enerji sektorunda dayanıqlı infrastrukturunun inkişafına yönəlib. İnvestisiyalarımızın illik səviyyəsi Azərbaycanın özəl və dövlət sektorları tərəfindən maliyyələşdirilməsi məqbul layihələr üzrə sorğularından asılı olaraq dəyişir", - o deyib.

Onun sözlərinə görə, bank özəl sektorda əməliyyatların payının artırılmasında maraqlıdır.

"Yaxın illərdə, o cümlədən, artan tərəfdaş banklar şəbəkəmiz vasitəsilə özəl sektorun inkişafına, Orta Dəhlizin inkişafına, eləcə də, iqlim dəyişikliyi ilə bağlı qlobal problemin həllinə, əsasən, bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı və nəticədə milli elektrik şəbəkəsinin yaxşılaşdırılması hesabına investisiyalar əsasən prioritet istiqamətlərimiz olacaq.

Bütün əməliyyatlarımızda öz prioritetlərimiz və strateji istiqamətimizə uyğun olaraq ekoloji keçid, inklüzivlik və rəqəmsallamanı dəstəkləməyə davam edəcəyik. Yuxarıda qeyd olunan istiqamətlər Azərbaycan üzrə 2024-2029-cu illəri əhatə edəcək gələcək ölkə strategiyamızda öz əksini tapacaq", - deyə Drakinos bildirib.

AYİB nümayəndəsi, həmçinin, bankın Azərbaycan hökuməti və özəl sektorla Ölkə Strategiyasının prioritet mövzuları üzrə danışıqlar apardığını qeyd edib.

"2024-cü ilin sonunda bu prosesi başa çatdırmağı və ölkə strategiyasını təsdiqlənməsi üçün səhmdarlarımıza təqdim etməyi nəzərdə tuturuq", - deyə o əlavə edib.

Drakinos AYİB-in Azərbaycanla 30 illik tərəfdaşlığının növbəti müsbət mərhələdə olduğunu və razılaşdırılmış strateji istiqamətlər üzrə əməkdaşlığın perspektiv təkmilləşdirilməsinə kömək edən mütəmadi yüksək səviyyəli görüşlərin buna şərait yaratdığını əlavə edib.

"Orta və uzunmüddətli perspektivdə Azərbaycanla tərəfdaşlığımız ölkə üzrə 2024-2029-cu illəri əhatə edən strategiyamızda bütünlüklə əksini tapacaq. Strategiyanın prioritet mövzularına özəl sektorun inkişafına, dövlət müəssisələrinin idarə olunmasının təkmilləşdirilməsi və siyasətinin kommersiyalaşdırılmasına, Orta Dəhlizin uğurlu inkişafı kimi regional problemlərin, habelə iqlim dəyişikliyi kimi qlobal probmelərin həlli üçün investisiyaların və islahatların dəstəklənməsinə yönəlmiş islahatlara yardım daxil olacaq. Bu kontekstdə yaxın gələcəkdə əməkdaşlıq artıq bu ilin noyabrında Bakıda COP29-un uğurla keçirilməsinə dəstəyi əhatə edir", - deyə Alkis Vrienios Drakinos sonda bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
2
ikisahil.az

3Mənbələr