AZ

Uşaqlı qadınlar az işləməlidir?

Yazını böyüt
Yazını kiçilt

İşləyən, uşağı olan qadınlar çətinlik çəkir, qayğılarla yüklənir. Bunu Milli Məclisdə çıxışı zamanı parlamentin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat təklif edib ki, Əmək Məcəlləsinə ailəli və uşaqlı qadınların işə 1 saat gec gəlib, 1 saat tez getməsi ilə bağlı maddə salınsın: “Qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir.

İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri ilə məşğul olur. Ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiniz”.

Qeyd edək ki, Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilmir. Qanunvericiliyə görə, kollektiv müqavilələrdə qadınların əmək şəraitinin yaxşılaşdırılması da nəzərdə tutula bilər. Məcəlləyə görə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanılmasından imtina oluna, həmçinin işə qəbul olunarkən onlara sınaq müddəti tətbiq edilə bilməz. Onların əmək müqavilələrinin işəgötürən tərəfindən ləğv edilməsi də qadağandır. Hamilələr, həmçinin  uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə  çalışan qadınlar attestasiyaya və sertifikasiyaya cəlb olunmur. Belə qadınların həm özünün, həm də uşağının tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əməkhaqqı saxlanılır. Müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır. Digər bir güzəştə görə isə hamilə və yaşyarımadək uşağı olan və ya üç yaşınadək uşağını tək böyüdən qadınlar üçün iş vaxtının müddəti 36 saatdan çox olmamalıdır. Həmçinin qadının xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə,  işəgötürən ona natamam iş vaxtı müəyyən etməlidir. Natamam iş vaxtı hüququ hamilə və ya on dörd yaşına çatmamış, yaxud 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara da şamil olunur.  Onlar, eyni zamanda, gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız yazılı razılıqları olduğu halda cəlb edilə bilər.

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı bildirib ki, əslində bu təklif əksər ölkə tətbiq olunur: “Bu, çox təqdirəlayiq təklifdir, bunu tam dəstəkləyirəm. Uzun illərdir ki, biz də bu təkliflə çıxış etmişik. Əksər ölkələrdə bu tətbiq olunur. Sovet dövründə Azərbaycanda da bu sistem tətbiq olunub. Ümumiyyətlə, ailəli və uşaqlı qadınlara işdə güzəştlər tətbiq olunmalıdır. Məsələn, beşinci günlər yarım gün işləməlidirlər, həftənin digər günləri bir yox, iki saat işdən tez çıxmalıdırlar. Əgər biz istəyiriksə ki, ailə institutumuz möhkəm, uşaqlarımız sağlam olsun, dövlət bunu stimullaşdırmalıdır. Çünki qadınlar həm işdə, həm də evdə işləmək məcburiyyətindədirlər. Onların əsas işi ailənin qayğıları ilə məşğul olmaqdır”.

Sosioloq bildirib ki, bu təklif yalnız maaşın azalmaması şərti ilə tətbiq olunmalıdır: “Bir çox valideynlər uşaqlarını dayə yanına qoyur, ya əlavə şəxs tuturlar və s. Bunlar hamısı mənəvi, psixoloji problemlərdən əlavə həm də sosial, maddi problemə gətirib çıxarır. İnsanlar daha gərgin, daha yorğun olur. Uşaqlar nəzarətsiz qalır. Strateji planda bu çox cəmiyyətə ağır zərbə vurur və bizim gələcəyimizə çox ciddi problem yaradır. Hesab edrəm ki, qadınların daha insani şərtlər altında işləməsi, istirahətə daha çox vaxt ayırması sağlam gələcəyə böyük töhfə verə bilər. Buna görə də təklifin qəbulu olduqca vacibdir”.

Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə qeyd edib ki, Azərbaycanda aparılan qadın siyasəti onların əmək bazarına daha çox sövq edilməsi, sosial məzuniyyətlərinin azalması, körpələr evinin, bağçaların sayının artmasından ibarətdir: “Bütün bunlar ona görədir ki, qadınlar iş yerində, əmək bazarında daha çox olsun və kişilərlə rəqabətdə geri qalmasınlar. Ancaq qadınların işə 1 saat gec gəlməsi, işdən 1 saat tez çıxması ilə bağlı təklifin mahiyyəti onların bütün günü evdə oturması, ev işləri görməsi, həyat yoldaşına qulluq etməsi, işdə az olmasını ehtiva edir. Bunun reallaşdırılması mümkün deyil”.

Onun fikrincə, sözügedən təkif qanuna ziddir, konstutusiyanın bərabərlik hüququnu pozur: "Bu qanunun hüquqi əsası yoxdur. O, gender bərabərliyinə ziddir. Bu gün ölkədə gender bərabərliyi məsələsi qaldırılırsa, qadınlarla kişilərin əmək hüquqları arasında fərq olmamalıdır: “Belə bir qanunun qəbul edilərsə, əmək bazarında qadınlara daha çətin olacaq. İşəgötürənlər buna razı ola bilməz. Onlar belə rejində işləyən qadını işə götürməz. Deyəcəklər ki, qadınların işə 1 saat gec gəlib, işdən isə 1 saat tez çıxması iş tsklini, kollektivdə əmək ritmini pozur və problemlər yaradır. Elə peşələr var ki, həqiqətən də orada qadınların işə 1 saat gec gəlib 1 saat tez getməsi problem yaradacaq. Məlum olduğu kimi, qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı ilə bağlı qərar ləğv edilib. Qərara əsasən, artıq qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq edilir. Bu gün qadınlar buldozer, kran, metro qatarı da sürə bilərlər. Belə işlərdə işləyən qadının işə bir saat gec gəlməsi və ya bir saat tez çıxması mümkün deyil. Hamının öz iş saatı var, kim onları bir saat əvəz edə biləcək?!”.

Ekspert vurğulayıb ki, mövcud qanunvericilikdə hamilə və 3 yaşadək uşağı olan qadınlara iş saatları ilə bağlı müəyyən güzəştlər tətbiq olunur:"Bununla yanaşı, qadınların ailə qayğılarını azaltmaq üçün onlara övladlarını ödənişsiz və ya çox kiçik ödənişlərlə uşaq bağçasına qoymaq imkanı yaradılmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
29
hafta.az

10Mənbələr