AZ

Kişilər güclüdür, yoxsa qadınlar...

Günlərdir sosial şəbəkələrdə qızğın müzakirələr gedir

Mövzuya toxunan ictimaiyyət üzvlərinin də fikirləri haçalanır  


  Günlərdir “Facebook”un Azərbaycan seqmentində "qadınlar, yoxsa  kişilər güclüdür" sualının müzakirəsi gedir. Səbəbkar da Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarovdur. Qadınlarla bağlı səsləndirdiyi fikirlərə görə linç edilən Ş.Məmmədyarov xüsusən də “qadınlar kişilərdən hansı sənətdə üstündür ki” ifadəsinə görə ciddi tənqid atəşinə tutulub. Mövzuya toxunan ictimaiyyət üzvləri  Məmmədyərova  xitabən bildirib ki, kişilərin uğurlu olmalarının səbəbi məhz arxalarında dayanan, onlara ilham verən güclü qadınlardır.
İctimai fəallarımız hesab edir ki, Şəhriyar Məmmədyarov yaxşı şahmatçı, intellektual bir insan ola bilər, dünyagörüşü isə çox geridə qalıb. Elə olmasaydı, söylədiklərinin ağırlığını hiss edərdi. Kişiləri qadınlardan daha intellektual hesab edən şahmatçımıza genetika elminin son nailiyyətlərini xatırladıram. Genetiklər sübut ediblər ki, bütün kişilərə intellekt anadan keçir, qız uşaqlarına isə atalarından.
Qeyd edək ki, Məmmədyarov deyib ki, qadınlar heç bir sahədə kişilərdən yaxşı ola bilməz. O, qatıldığı proqramların birində “Bacılarınızla rəqabətə çox gedirdiniz” sualına belə cavab verib:  “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdirlər. Düzdür, bu fikir indi qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir”. 
  Şəhriyar Məmmədyarov “Sizcə, niyə belədir” sualına isə belə cavab verib: 
“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki? Çox fikirləşməyiniz belə artıq qəribədir. Fikirləşdiniz, rahatlıqla deyə bilmədiniz. Çünki yoxdur”.

“... hətta ənənəvi "qadın sahələri" sayılan kulinariyada, modada, parfümeriyada da liderlər kişilərdir”

  Sosial mediada qrossmeysterə qarşı tənqidlərdən sonra onun bacısı, Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova “Qafqazinfo”ya açıqlamasında qardaşının fikirləri ilə razı olduğunu bildirib:
 “Mən Şəhriyarın fikirləri ilə razıyam. Hər insanın düşüncəsi, fikri, məqsədi fərqlidir və ümumi deyilən sözü hər kəs başqa cür yozur. Sadəcə, Şəhriyar o fikirləri elə deyə bilərdi ki, xanımlarımız inciməsinlər. Düşünürəm ki, kişilərin uğurlarının arxasında xarakteri güclü olan qadınlar dayanır. Əgər kişinin fikrini tamamlayan qadınlar olmasa, onlar da ideal nəticələr göstərə bilməzlər”.
  
Jurnalist Vüsal Məmmədov da sosial media hesabında  həmcinsinə dəstək verib: 
“Sevimli şahmatçımız Şəhriyar Məmmədyarovun kişi-qadın müqayisəsilə bağlı dedikləri tamamilə doğrudur. Nəinki şahmatda, nəinki idmanın digər növlərində, hətta ənənəvi "qadın sahələri" sayılan kulinariyada, modada, parfümeriyada da liderlər kişilərdir. Niyə belədir? Çox sadə: Çünki tarixən qadın beyni kişini necə idarə etmək istiqamətində formalaşıb. Əgər bir sahənin ən yaxşısını öz marağına uyğun idarə edə bilərsənsə, həmin sahənin ən yaxşısı olmaq üçün niyə əziyyət çəkməlisən?! 
  Robert Qrin yazır ki, qadınlar tarixən güc baxımından kişilərlə heç vaxt rəqabət apara bilmədikləri üçün kişiyə qalib gəlməyin alternativ yollarını ən yüksək səviyyədə mənimsəyiblər. Bax, həmin yollar üzrə dünya çempionatı keçirilsə, kişilər böyük hesabla uduzacaqlar. Çünki qadın beyni tarixən bu istiqamətdə ixtisaslaşıb”.

  Həkim Aydın Əliyev isə həmcinslərindən fərqli olaraq qadın cəmiyyətin təməlidir, ailənin dayağıdır yanaşması sərgiləyib: 
“Şəhriyar Məmmədyarov böyük, dünya şöhrətli şahmatçıdır təbii ki, fəxrimizdir, qrossmeysterdir. Ancaq bu, son müsahibəsindəki qadınlar zəifdir deməsi (əgər deyibsə) məyusedicidir və heç cür razılaşılmayacaq mövqedir! Ümumiyyətlə, qadın və kişi yalnız anatomik-fizioloji olaraq fərqləndirilə bilər, beyin-əqli fəaliyyətinə görə fərqləndirilə bilməz! Qadın cəmiyyətin təməlidir, qadın anadır, qadın ailənin dayağıdır! Bütün dahiləri, bütün qəhrəmanları ana dünyaya gətirib. Bütün zəki, dahi insanları ilk olaraq ana yetişdirib! Əksər böyük insanlar uğurlarına görə analarını təqdir edib! Qadın anadır, qadın müqəddəsdir! Hər bir uğurlu kişinin arxasında və ya yanında böyük, zəhmətkeş və fədakar bir qadın, onun dayağı və ya ən azından onun ruhu var! Qadın da dəyərlidir, kişi də! Eşq olsun Azərbaycan qadınlarına və dünyanın bütün fədakar qadınlarına!”.


Bu dünyada qurucu da, yaradıcı da  kişilərdir

  Mövzuyla bağlı “Sherg.az”a danışan hüquqşünas Əkrəm Həsənov isə belə deyib: 
- 80-ci illərin sonunda şahmat üzrə dünya çempionu həmyerlimiz Kasparov “Şpigel” jurnalına müsahibə verərək demişdi ki, intellektual baxımdan qadınlar heç vaxt kişilərə bərabər ola bilməz. İndi də eyni fikirləri xeyli yumşaq formada bir nömrəli şahmatçımız Məmmədyarov söylədi. Əslində, yeni bir şey demirlər. Elmi həqiqəti söyləyirlər. Qadınlar nədəsə üstün ola bilər. Hətta dövlət başçısı da ola bilər. Amma dərin düşüncə tələb edən sahədə bəşər səviyyəli şəxsiyyət ola bilməz. Hətta feminizmin tüğyan etdiyi son yüzillikdə ən tanınmış qadınlar arasında müğənni, aktrisa, model var, amma alim, bəstəkar, rəssam yoxdur. Bu, intellekt fərqinin nəticəsidir. Bu dünyada qurucu və yaradıcı kişilərdir. Qadınlar isə istehlakçıdır. İstehlak etmək də onların haqqıdır. Çünki onların bacardığı bir vacib şeyi də kişilər bacarmır - doğmağı! Kişilər gənc və gözəl qadınları sevir. Buna görə də qadınlar da gənc və gözəl olduqları dövrdə kişilərdən maksimum faydalanmaq, istehlak etmək istəyirlər. Bunun üçün isə dərin zəka lazım deyil. Odur ki, dünyada hər şeyin, hər kəsin öz yeri, öz rolu var…

Videomüsahibədə həyatında bir dəfə qadına məğlub olmağın travmasını 20 il yaşayan birini izlədim

  Gənc Demokratlar İnstitutu İctimai Birliyinin sədri Yeganə Hacıyevanın cavabı isə daha sərt olub. Birlik sədrinin “Sherg.az”a açıqlamasına  görə, Şəhriyar Məmmədyarova  fikirlərindəki “səmimiyyət”ə görə təşəkkür düşür:
 “Onun fikirlərində qadınlara qarşı təhqir hesab ediləcək heç nə yoxdur idi, sadəcə, mövcud faktlar təhrifə yol verilmədən söylənilmişdi. Reaksiyalardan o aydın olur ki, Şəhriyar özündə necə fikirləşsə də, müsahibədə qadınlar haqda pafoslu, düşünmədiyi şeyləri yalandan söyləsə yaxşı qəbul olunarmış. Cəmiyyət  səmimiyyəti  qəbul etməyə hazır deyil, çünki çoxluq hətta məişət səviyyəsində belə səmimi deyil. Odur ki, müsahibədə gedən fikirlər kontekstdən çıxarılıb, müəllif isə iki gündür “qadınlar aşağılanıb” deyə linç edilir.
  Sonra həm də videoya baxdım… orada həyatında bir dəfə qadına məğlub olmağın travmasını 20 il yaşayan birini izlədim.  Şəhriyar məsələlərin nəticəsi haqqında danışıb, məncə, o həm də səbəblər haqqında danışsa idi səmimiyyəti tam olardı.
  Şəxsən mən (əminəm ki, mənim kimi də bir çoxları da həmçinin) ona həm də bu halda hörmət edərdi səmimiyyətinə görə.  Özü demişkən, şahmat ağıl oyunudur və əminəm ki, o həm  də ağıllıdır. Belə olan halda Şəhriyar doğrudan inanır  ki, eyni vaxtda bir ailənin üç üzvünün şahmat yığmasında olmasında regional faktoru, ailəsinin əlaqələri və s. rol oynamamışdı? Kimisə ittiham etmək fikrindən çox-çox uzağam, amma bu, təxminən elə o vaxtlar  idi ki, bir Avropa çempionu yığmaya düşə bilmədiyi  üçün küsdürülüb ölkədən göndərilmişdi. 
Və o adam şahmatdan başqa 7 dildə danışır, dünya tarixi və coğrafiyasını mükəmməl bilirdi. Bəlkə Şəhriyar xəbərsizdir, amma dünyada, Azərbaycanda da xüsusilə qadının uğurunu genderin xarakteri, savadı, təcrübəsi müəyyən etmir. 
  Bir və ya iki istisna olmaqla qadının uğurunu onun cinsi statusu üçün cızılmış patriarxat çərçivə müəyyən edir. Əsl problem güclü qadın uğur qazanmaq üçün seçimini cızılan çirkli statuslardan deyil, ağlı, savadı, təcrübəsini istifadə  etməyə qərar verəndə yaranır. Dərhal  ona oxşar alternativlər formalaşdırılır, onun uğurunu kopyalayan öz cinsindən olan gülməli personajlar ortaya çıxardılır.  60-70 yaşında kişilərin rəfiqəsi olan bu kopyaların da əsas missiyası  oxşadıldıqlarına yalan və nifrət püskürən makina rolunda olmaqdır.
Amma bu missiyada onlar tək deyillər, arvadyosunlu “kişilər”də qoşulur onlara. 
Beləcə,  güclü və özünə hörmət edən qadını doğru yol seçimindən yana cəzalandırmaqla həm də digərlərinə dərs verirlər.  Güclü qadın da bir yerdə özünü, bir yerdə öz şəxsiyyətini, bir yerdə əsəblərini qorumaq üçün çəkilmək seçimini edir.  Qadın bu seçimi gücsüz olduğu üçün deyil, həyatını belə şeylərlə mübarizəyə sərf etməyin əbəs olduğunu, bunun onu xoşbəxt etməyəcəyini anlayacaq qədər ağıllı olduğu üçün edir.  Belə şeyləri də anlamaq üçün ağıl, qəbul etmək üçün də güclü olmaq gərəkir…”

.... kişilərin bu düşüncəylə 21-ci əsrə necə gəlib çıxdığını anlamaq mənə çətindi

  Yazıçı Aysel Əlizadə isə deyib ki, əvvəllər ağzımızı açan kimi “gedin bozbaşınızı bişirin” deyirdilər. İndi bozbaşı da biz daha yaxşı bişiririk deyirlər:
 “Şəhriyar Məmmədyarov ən yaxşı aşpazların kişilər olduğunu söyləyəndə milyonlarla qadının əlində çömçə dayanıb ona mat-mat baxdığını təsəvvür etdim. Qadın əsrlərdi o yeməyi evdə havayı bişirir, 5-10 kişi restorana işə düzəlib, ən yaxşı aşpaz necə sayıla bilər? 
  Şahmata gəldikdə isə bu oyun da bir çox sahələr kimi qadınlara qadağan edilib. Qadınlar yerli klublara, turnirlərə buraxılmayıb. Qadın nədi, şahmat nə?! Dünyanın ilk qadın şahmatçısı Meri Rudge uzun mübarizədən sonra 1872-ci ildə Bristol Şahmat Klubuna tək qadın olaraq üzv ola bilib. Heç bir kluba buraxılmayan, oyun mühitində qaynayıb-qarışmayan birinin master olmasını necə təsəvvür edirsiz? Amma Meri ola bilib. Bundan 25 il sonra qadınlar arasında ilk şahmat turniri keçirilir. Meri Rudge qalib gəlir. Kişilər üçün pul mükafatı olsa da, Meriyə şlyapa sancağı verirlər. Bu gün də qadın çempionatlarının büdcə və mükafatı kişilərdən xeyli azdı. Yarışlara sponsor tapılmır”.
  A.Əlizadənin sözlərinə görə, qadınları peşəkar uğurlardan saxlayan təkcə mental stereotiplər deyil, ən önəmli faktor analıqdır. O, uşaqlarını böyüdür, ailəsinə qulluq edir. Bütün əngəllərə baxmayaraq, qadınlar şahmata gəlməyi bacarıblar: “Əminəm ki, Şəhriyar bəyin “qadın olduğu üçün mənimlə müqayisə edilə bilməz” dediyi bacısı da milyonlarla qadın kimi enerjisini 3 övladına verməsəydi, dünyanın ən güclü şahmatçılarından olardı. Analıq, qadınlıq gözəldir, amma bu taleyi sənin üzünə qüsurun kimi çırpanda ədalətsizlik önündə gözün qaralır... Bir əlində uşaq yelləyən, bir əli ilə paltar ütüləyən, ağzı ilə çömçə qarışdıran, başında da sənəti ilə məşğul olan varlığı, çəpərin o tərəfindən cırnadıb “əlin-qolun bağlıdı, mən isə burada xaruqələr yaradıram” deyən varlıqla müqayisə etməyi həmişə öz qadın ləyaqətimdən aşağı saymışam. Amma həqiqətən bəzi kişilərin bu düşüncəylə 21-ci əsrə necə gəlib çıxdığını anlamaq mənə çətindi. Burunlarından o yanı görmədikləri üçün elə bilirsən A nöqtəsindən B nöqtəsinə gedənəcən harasa dəyib öləcəklər. 
  Şahmat iyerarxiyasının ən yüksək titulu belə “kişi qrossmeyster” sayılır.  Kişi kimi qadın - vəssalam. Bu sənin ştampındı. Kim olursan ol, bir az ötkəm, bir az güclüsənsə, qadın kimi qadın ola bilməzsən”.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
29
sherg.az

10Mənbələr