AZ

Lionel Messi qol vurdu, “İnter Mayami” evdə uduzdu - Video

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-də müntəzəm mövsümün növbəti oyunu çərçivəsində evdə “Atlanta Yunayted”i qəbul edib.

Messinin komandası bu oyunda 1:3 hesabı ilə məğlub olub. “Vağlar”ın argentinalı ulduzu 90 dəqiqə mübarizə aparıb və qol vurub, amma bu, “İnter Mayami” üçün yetərli olmayıb.

Oyunun 44-cü dəqiqəsində gürcü yarımmüdafiəçi Saba Lobjanidze qonaqları heabda önə çıxarıb. 59-cu dəqiqədə gürcü futbolçu özünün və komandasının ikinci qolunu vurub. 62-ci dəqiqədə Lionel Messi hesab arasındakı fərqi azaltmaqla, “vağlar”ı ümidləndirib – 1:2. Amma 73-cü dəqiqədə qonaqların seneqallı hücumçusu Camal Tyare oyunda yekun hesabı müəyyənləşdirib – 1:3.

17 oyundan 34 xalla “İnter Mayami” MLS-in yarış cədvəlində şərti liderliyini sürdürür. “Atlanta Yunayted” isə 16 xala 22-ci pillədədir.

Lionel Messi “İnter Mayami”nin düşərgəsinə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib. Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 28 oyun, 24 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
32
arena.az

10Mənbələr