AZ

Rəisinin helikopterinin qəzaya uğramasının səbəbləri - Yucel Karauz

İran Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı Bell-212 helikopteri ilk dəfə 40-45 il əvvəl ABŞ və Kanada tərəfindən birgə istehsal edilməyə başlayıb.

Bu sözləri Yenipress.az-a İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğramasının mümkün səbəbləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib.

Yücel Karauz qəzanın təbii və texnogen mənşəli səbəblərdən meydana gəlmə ehtimalını vurğulayıb:

“İlk olaraq helikopterin köhnə olması və embarqolara görə uçuş cihazlarının yenilənməməsi ehtimalı var. Yəni 40-45 illik helikopteri ilə uyğun olmayan hava şəraitində və ərazidə həyata keçirilən uçuş zamanı qəza baş verib. Qəza təbii səbəblərdən, yüksək gərginlikli elektrik xətləri və buna bənzər maneələrə ilişmə, eyni zamanda elektromaqnit məsələlərlə bağlı ola bilər”. 

General-leytenant bildirib ki, hazırkı axtarış-xilasetmə tədbirlərinə, hava şəraitinə nəzər yetirdiyimiz zaman qəzanın pilot xətasına, yaxud təbii şəraitə görə baş verdiyi ehtimalını irəli sürmək olar:

“Taktiki qapalılıq baxımından helikopterin enəcəyi və qalxacağı yerin dəyişdirildiyi də görünür. Buna kim müdaxilə etməsi və helikopterin niyə normal hava, relyef şəraiti olan ərazidən başqa yerə istiqamətləndirilməsi məsələsi açıq olan suallardandır. Yəqin ki, İran dövləti bunun cavabını tapmağa çalışacaq. Digər bir səbəb isə helikopterdə naviqasiya siqnalı cihazı olan transponderin təhlükəsizlik məqsədilə, kənar müdaxilələrin qarşısının alınması üçün bilərəkdən söndürülməsi ola bilər”. 

Karauz nəticələrin İran daxilinə və bölgəyə mümkün təsirlərindən danışıb:

“Hava şəraiti və qaranlıq səbəbindən axtarış müddətinin uzanması isə xilasetmə fəaliyyətinə mənfi təsir göstərir. Ümid edirəm ki, İran prezidenti və yanındakılar sağ-salamat tapılacaq. Ancaq bu hadisə İbrahim Rəisinin ölümü ilə nəticələnsə, ölkə daxilində və bölgədə qüvvələr balansının yenidən formalaşmasının, bir sıra yeni hadisələrin şahidi ola bilərik. Bundan başqa, İlham Əliyev və İbrahim Rəisinin Araz çayı üzərində birgə açılış mərasimi zamanı dünyaya verdikləri mesajlar da uzun müddət ağıllardan silinməyəcək”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
50
yenipress.az

10Mənbələr