AZ

“Baku Flames” məşqçisi: “Bu, Azərbaycan üçün böyük şərəfdir”

“Baku Flames” komandası, xüsusilə gənclər çox güclü şəkildə turnirdə çıxış etdilər”.

Bunu İdman.bizə Azərbaycanın “Baku Flames” hokkey komandasının məşqçisi Zaur Məmmədəliyev deyib.

O, təmsilçimizin Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq turnirində çıxışını şərh edib. Məmmədəliyevin sözlərinə görə, komandada gənclər özlərini çox yaxşı tərəfdən göstəriblər: “Bu onların ilk iştirak etdiyi beynəlxalq turnirdir. Hər bir baxımdan özlərini yüksək səviyyədə göstərdilər. Bu, Azərbaycan üçün böyük şərəfdir. Yeni komanda, yeni idman növü bizi yanıltmadı. Gözəl nəticə ilə uşaqlar bizi sevindirdilər”.

Məmmədəliyev Azərbaycanda yeni yaradılan hokkey idman növü üzrə milli komandanın son durumunu da açıqlayıb: “Bu idman növü ölkəmizdə yenidir. Ucuz idman növü də deyil. Çünki bütün avadanlıqlar - paltar, qoruyucular, hokkey çubuqları və s. bahalıdır. Hər adamın da bunu almağa imkanı çatmır. Ancaq sponsor dəstəyi ilə nəsə etmək olar. Gələcəkdə milli komandamız olmalıdır. Hələlik 1-2 il millidən danışmaq tezdir. Müəyyən müddətdən sonra yığma formalaşmağa başlayacaq. Bu komandanın beynəlxalq turnirdə iştirakı üçün isə ən azı 4-5 il keçməlidir”.

O, əsas hədəflərinin Bakıda bu idman növü üzrə yarış keçirmək və beynəlxalq turnirlərə qatılmaq olduğunu deyib: “Bu il paytaxtda kubok yarışları keçirməyi planlaşdırırdıq. Lakin Bakı buna tam hazır olmadığı üçün təxirə saldıq. 2025-ci ilin aprelində isə bu yarışı reallaşdırmağı düşünürük. Daha sonra bunu ənənəvi olaraq ölkəmizdə keçirilməsini planlaşdırırıq. Millidə daha çox yerli uşaqların olmasını istəyirik. Fikrimcə, Azərbaycanda hokkey üzrə bir yox, bir neçə komanda fəaliyyət göstərsə daha yaxşı olar. Çünki rəqabət lazımdır. Uşaqların bir-biri ilə məşq etməsi və toplanış keçməsi kifayət etmir. Digər bir yolu isə yığmanı tez-tez turnirlərə yollayaraq başqa komandalarla rəqabət aparmasıdır”.

Qeyd edək ki, “Baku Flames” komandası turnir çərçivəsində B qrupunda bütün görüşlərini qələbə ilə bitirərək, A qrupuna vəsiqə qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
50
idman.biz

10Mənbələr